Kişineuda Zəfər Günü ilə bağlı vətənpərvərlik mövzusunda müzakirələr aparılıb Cəmiyyət

Kişineuda Zəfər Günü ilə bağlı vətənpərvərlik mövzusunda müzakirələr aparılıb

8 Noyabr - Zəfər Günü ilə bağlı Kişineuda azərbaycanlı şagirdlər üçün vətənpərvərlik mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfir Ülvi Baxşəliyev, “Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyin İdarə Heyətinin üzvləri, Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü” məktəbinin şagirdləri, diasporumuzun gəncləri iştirak ediblər.

Tədbirdən əvvəl səfirliyin qarşısında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünə və “Zəfər” barelyefi önünə tər gül çiçəklər düzülüb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən səfir Ülvi Baxşəliyev şagirdlərə Zəfər tariximiz haqqında məlumat verib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun əldə etdiyi bu böyük Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, ədaləti və beynəlxalq hüququ bərpa edib.

“Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyin İdarə Heyətinin sədri Bəhruz Məmmədzadə və İdarə Heyətinin üzvləri isə keçirdikləri döyüş yolu barədə xatirələrini bölüşüblər.

Daha sonra qazilərimiz azərbaycanlı şagirdlərin suallarını cavablandırıblar.