16:05
399
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin təşkilatçılığı ilə Nizami rayonunda yerləşən 251 saylı tam orta məktəbdə “Narkomaniya və erkən nikaha yox deyək” mövzusunda maarifləndimə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi polis polkovniki İbrahim İsmayılov mütəmadi təşkil olunan bu tədbirlərin məqsədinin yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam həyat tərzinə təşviq edilməsi, eləcə də erkən nikahın fəsadları barədə məlumatlandırılması olduğunu bildirib.
Polis əməkdaşları şagirdlərə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli mübarizə tədbirləri barədə danışıb, həmçinin erkən nikahın təhsildən yayınmaya və sosial fəsadlara səbəb olması, eyni zamanda internet mühitində mövcud olan kibertəhlükələr barədə ətraflı məlumat veriblər.
Şagirdlərə sağlam həyat tərzi sürmələri və mükəmməl təhsilə yiyələnərək doğru yol seçmələri tövsiyə olunub.

