Vətəndaşlar istifadə edəcəkləri liftin vəziyyəti ilə bağlı elektron məlumat əldə edəcəklər Cəmiyyət

Vətəndaşlar istifadə edəcəkləri liftin vəziyyəti ilə bağlı elektron məlumat əldə edəcəklər

“Biz artıq bir ildir ki, “MyLift” elektron platforması üzərində çalışırıq və onu 2026-cı ildə istifadəyə verməyi planlaşdırırıq”.

Bu sözləri Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, bu tətbiq vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin təhlükəsizliyi barədə məlumatı anında görə biləcək, liftlərin hansı texniki səviyyədə olduğuna dair göstəricilərlə tanış ola biləcək: "Real vaxt rejimində aparılan yoxlamalar da sistemdə əks olunacaq. Bu yeniliklə lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Platforma 2026-cı ildə vətəndaşların istifadəsinə təqdim olunacaq”, - o vurğulayıb.

Qeyd edək ki, Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsi Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə keçirilir.