
Ailəni qorumaq özümüzü qorumaq deməkdir.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deputat Nigar Məmmədova bildirib.
Deputat deyib ki, əmək münasibətlərində çevik və sosialyönümlü hüquqi normalar ilk növbədə işçilərin sosial müdafiəsinə, layiqli iş şəraitinə imkan verən mexanizmlərdir: “Bu cür normaların tətbiqi dialoqun, təhlükəsizliyin, ədalətin və işsizlikdən qorunmanın təmin edilməsində ifadə olunur. Bu gün biz əmək münasibətləri ilə yanaşı cəmiyyətimizin özülünü təşkil edən ən vacib dəyərləri müzakirə edirik. Bu müzakirənin mərkəzində insan amili dayanır — onun ailəsi, hüquqları, əməyinin dəyəri və dəyişən dünyaya uyğunlaşmaq bacarığı. Bu məsələlərin heç biri ikinci dərəcəli deyil. Çünki hər bir norma, hər bir dəyişikliyin arxasında real insan həyatı dayanır. Təsadüfi deyil ki, Əmək Məcəlləsinin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına “ailə vəzifələri olan işçi” anlayışı da gətirilmişdir. Bu kontekstdə ailə institutunun möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamaq istəyirəm. Ailəyalnız sosial vahid deyil, o, sevgi, dəstək və tərbiyə məkanıdır. İnsan öz gücünü, inamını və iradəsini məhz ailədən alır. Əgər biz dayanıqlı cəmiyyət istəyiriksə, elə şərait yaratmalıyıq ki, insan iş ilə ailə arasında seçim etməsin. Əksinə — qanunvericilik ailə məsuliyyəti daşıyan şəxsləri dəstəkləməli, onların həm iş, həm də ailə öhdəliklərini harmonik şəkildə yerinə yetirməsinə imkan verməlidir. Ailəni qorumaq özümüzü qorumaq deməkdir. Eyni zamanda layihədə Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına tələbləri əsas prioritet kimi götürülür. Yəni, söhbət real gender balansının təmin edilməsindən gedir.
Bu gün gender balansı sadəcə hüquqi tələb deyil, sosial ədalətin göstəricisidir. Bu, həm qadınların, həm də kişilərin potensialını tam istifadə etməsi üçün maneələrin aradan qaldırılması deməkdir. Atalara övladın doğulması ilə bağlı məzuniyyət verilməsi, analığın müdafiəsinin gücləndirilməsi, ailə məsuliyyətlərinin ədalətli bölüşdürülməsi — bütün bunlar harmonik və sağlam cəmiyyət qurmağın əsas prinsipləridir. Gender balansı qarşıdurma deyil — qarşılıqlı tamamlanmadır”.
Nigar Məmmədova qeyd edib ki, layihədə müasir dövrün çağırışlarına cavab verən məsafədən, yəni distant iş istiqamətinin əksini tapması xüsusi əhəmiyyət daşıyır: “Prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılmasını müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib. Bu gün dünya sürətlə dəyişir. Son illərin təcrübəsi göstərdi ki, çeviklik bəzən tək çıxış yolu olur. Həm qlobal dəyişikliklərin, həm də informasiya texnologiyalarının verdiyi geniş imkanların nəticəsi olan distant iş bu çağırışlara ən effektiv cavablardan biridir. Bu format insanların yaşayış yerindən asılı olmadan işləməsinə, ailəsinə daha çox vaxt ayırmasına, iş həyatını şəxsi həyatla tarazlaşdırmasına imkan yaradır. Bu, əmək bazarının yeni mərhələsidir və bizim vəzifəmiz bu formanın hüquqi əsaslarını möhkəmləndirməkdir. Ailənin möhkəmləndirilməsi, gender balansı, sosial müdafiənin artırılması və modern məşğulluq formalarının inkişafı bir-biri ilə bağlı vahid strategiyanın tərkib hissələridir. Bu strategiya insan faktorunu mərkəzə qoyur. Cəmiyyəti dəyişən zamana uyğunlaşdırır, əmək münasibətlərini gücləndirir və hər kəsə layiqli şərait yaradır. Biz bu qərarlarla yalnız qanun dəyişmirik, həm də gələcəyimizi formalaşdırırıq”.