Naxçıvandakı Xaraba Gilan türbələrinin islam sivilizasiyasına aid olmadığı aşkarlanıb Cəmiyyət

Naxçıvandakı Xaraba Gilan türbələrinin islam sivilizasiyasına aid olmadığı aşkarlanıb

Naxçıvandakı Xaraba Gilan türbələrinin islam sivilizasiyasına aid olmadığı aşkarlanıb.

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, tarix üzrə fəlsədə doktoru, arxeoloq Bəhlul İbrahimli cari ildə Xaraba Gilan şəhər yeri abidələri üzrə tədqiqat işlərini davam etdirib: “İkinci Memorial Kompleksin 1 saylı türbəsi ətrafında və sərdabəsində aparılan arxeoloji qazıntılar bu abidələrdə dəfn adətinin İslam qanunları əsasında həyata keçirilmədiyini və idiyədək Xaraba Gilan türbələrinin hamısının islam sivilizasiyasına aidiyyatı haqqında elmi ədəbiyyatda mövcud olan fikirlərin həqiqətə uyğun olmadığını göstərib”.

Hesabata əsasən, türbələrin və xüsusən onların sərdabələrinin plan quruluşu bu türbələrin sinkretik abidələr olduğunu və daha çox tanrıçılıq dini inancının dəfn adətlərinə uyğun gəldiyini söyləməyə imkan verir.
Vurğulanıb ki, İkinci Memorial Kompleksin 1 saylı türbəsinin sərdabəsindən əldə edilmiş toxuculuq məmulatından ibarət olan tapıntılar İlxanilərin əsasən Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri saxladığını söyləməyə imkan verir.

Həmçinin hesabatda Ağstafadakı Ağalıqtəpə abidəsində Orta Kür hövzəsində erkən dəmir dövrünə aid əhali məskunlaşmasının izlərini sübut edən yeni yaşayış yerinin aşkar edildiyi bildirilib. Vurğulanıb ki, qazıntılar arxeoloq Şamil Nəcəfov və Almaniyanın Würzberg Universiteti ilə birgə aparılıb.

Bundan başqa, hesabatda qeyd olunub ki, arxeoloq Mikayıl Mustafayevin Astaranın Alaşa kəndində yerləşən Əlişa qalasında apardığı arxeoloji qazıntılar nəticəsində Əlişa qalasında ilkin divar qatına paralel ikinci divar, əlavə otaqlar, su hovuzu və saxsı boru xətti kimi infrastrukturlar aşkarlanıb.