Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42

Bir çox ölkələrdə yağış və qar suları su anbarlarına yığılaraq onlardan məişətdə, sənayedə və s. sahələrdə istifadə olunur. Bu, həmçinin qardaş Türkiyədə də tətbiq edilir. Bununla əhalinin su ehtiyacını müəyyən qədər qarşılamaq mümkün olur.
Xüsusilə dağ rayonlarında kiçik dağ çaylarından da bu məqsədlə istifadə oluna bilər.
Bu istiqamətdə Azərbaycanda vəziyyət nəcədir? Bu təcrübənin Azərbaycanda, xüsusilə ölkənin dağ rayonlarında tətbiq edilməsi mümkündürmü?
Mövzu ətrafında millət vəkilləri, mütəxəssislər fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.
“Kiçik və orta ölçülü su anbarlarının yaradılması məqsədəuyğundur”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev söyləyib ki, Türkiyənin təcrübəsi göstərir ki, yağış və qar sularının su anbarlarında toplanması su qıtlığının qarşısının alınmasında son dərəcə effektiv mexanizmdir: “Bu model həm içməli su təminatında, həm kənd təsərrüfatında suvarma imkanlarının genişləndirilməsində, həm də ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Azərbaycanda da su ehtiyatlarının azalması artıq real və ciddi problemdir. Xüsusilə iqlim dəyişiklikləri fonunda çayların sululuğunun azalması, yeraltı suların səviyyəsinin düşməsi bu məsələyə daha strateji yanaşmanı zəruri edir. Bu baxımdan dağ və dağətəyi rayonlarda – o cümlədən Yardımlı, Gədəbəy, Lerik, Daşkəsən kimi ərazilərdə yağış və qar sularının yığılması üçün kiçik və orta ölçülü su anbarlarının, bəndlərin yaradılması tam mümkündür və məqsədəuyğundur”.
“Digər ölkələrin uğurlu təcrübəsi öyrənilməlidir”
Deputatın sözlərinə görə, hazırda Azərbaycanda bu istiqamətdə müəyyən layihələr mövcuddur, lakin etiraf etməliyik ki, görülən işlər problemin miqyası ilə müqayisədə yetərli deyil: “Daha sistemli, uzunmüddətli və elmi əsaslara söykənən dövlət proqramlarına ehtiyac var. Su ehtiyatlarının idarə olunması yalnız texniki məsələ deyil, bu, həm də milli təhlükəsizlik, ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı məsələsidir. Hesab edirəm ki, Türkiyə və digər ölkələrin uğurlu təcrübəsi öyrənilməli, yerli coğrafi və iqlim şəraitinə uyğunlaşdırılaraq tətbiq edilməlidir. Xüsusilə kənd təsərrüfatı ilə məşğul olan dağ rayonlarında bu cür layihələr həm su qıtlığını azaldar, həm də əhalinin yerlərdə məşğulluğunu və yaşayış imkanlarını gücləndirər. Bu məsələ dövlətin diqqət mərkəzində olmalı və gələcək illər üçün prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməlidir”.
“Şirin su resurslarından səmərəli istifadə çox vacibdir”
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov bildirib ki, Azərbaycanın şirin su mənbələri əsasən ölkə hüdudlarından kənarda yerləşir: “Bu da hər zaman şirin su ilə bağlı müəyyən çətinliyin yaranmasına səbəb ola bilər. Həm də biz dünyada su qıtlığı ilə qarşılaşmaq təhlükəsi gözlənilən ölkələr sırasında yer alırıq. Son illər iqlim dəyişiklikləri nəticəsində şirin su mənbələrində su axınlarının azalması da müşahidə olunur. Bu baxımdan şirin su resurslarından səmərəli istifadə olunması çox vacib məsələlərdən biridir. Bu, ilk növbədə şirin sudan istifadə olunması ilə bağlı qənaət olunmasıdır. Yəni suyun israfçılığın qarşısının alınması istiqamətində tədbirlər görülməlidir. Digər vacib məsələ isə yağış və qar sularının düzgün idarə olunmasıdır. Düzdür, bundan ölkəmizdə hələ də istifadə olunmur. Amma Türkiyədə yağış və qar suları xüsusi su anbarlarında yığılır və sonra da istifadə olunur. Ölkəmizdə şəhərlərdə yağış və qar sularının yığılması üçün xüsusi infrastruktur qurulmalıdır. Məsələn, Bakının özündə xüsusi drenaj sistemləri qurulmaqla yağış və qar sularını xüsusi anbarlara yığmaq mükündür”.
“Qabaqlayıcı tədbirlər görülməlidir”
A.Badamovun sözlərinə görə, anbarlarda yığılmış yağış və qar suyundan ilkin mərhələdə texniki məqsədlər üçün istifadə etmək olar: “Anbarlarda yığılmış yağış və qar sularını yaşıllıqların suvarılmasında, avtomobil yuma məntəqələrində, sənaye müəssisələrində istifadə etmək olar. Bu məqsədlər üçün böyük həcmlərdə içməli su istifadə olunur. Bu da nəticədə şəhərdə suyun verilməsində fasilələrin yaranmasına səbəb olur. Xüsusilə yay aylarında su qıtlığı meydana gələ bilər. Təbii ki, gələcəkdə ehtiyac yaranacağı təqdirdə xüsusi filtirlərdən keçirməklə içməli su kimi də vermək mümkündür. Bu baxımdan yağış və qar sularının idarə edilməsi üçün şəhərlərdə müvafiq infrastrukturun yaradılması vacibdir. Bu gün biz şirin su qıtlığını o qədər də hiss etməsək də bir neçə ildən sonra bu, böyük problemə çevrilə bilər. Təbii ki, qabaqlayıcı tədbirlər görülərsə, biz indidən gələcəkdə yarana biləcək problemlərin qarşısını almış olarıq”.
“Bu istiqamətdə addım atılmadı”
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirib ki, Azərbaycan həm də Gürcüstandan, Ermənistandan gələn Kür-Araz çaylarının suyundan asılı vəziyyətdədir: “Daxildə təxminən 10 milyard kub metr formalaşır. O da bizi tam təmin edəcək həcmdə deyil. Qar və yağış sularının yığılması ilə bağlı təkliflər vermişdik. Onu da deyim ki, 2021-ci ildə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi dəyişəndə 4 süni gölün yaradılması nəzərdə tutulmuşdu. Amma orada əlavə xərclər yarandığı üçün göllərin inşası dayandırılıb. Ondan sonra bu istiqamətdə addım atılmadı. Süni göllərin yaradılması və həmin göllərdə yığılan suyun fermer təsərrüfatlarına, kəndli təsərrüfatlarına borular vasitəsilə ötürülməsi ilə bağlı təkliflər vermişik”.
“Bunun bir o qədər xərci yoxdur”
Ekspert deyib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanın relyefi elədir ki, bir tərəfdən Kiçik Qafqaz sıra dağları, digər tərəfdən Böyük Qafqaz sıra dağları imkan yaradır ki, dağətəyi rayonlarda çoxsaylı göllər yaradılsın və həmin göllərə yığılan su yay mövsümündə kəndli-fermer və təsərrüfatlarına ötürülsün: “Bu, mümkündür, bunun bir o qədər xərci yoxdur. Sadəcə bunu müasir dövrün tələbinə uyğun yaratmaq lazımdır. Yəni yığılan su mütləq və mütləq itkiyə yol verməmək üçün borular vasitəsilə ötürülməlidir. Həmin sudan yalnız suvarmada deyil, içməli su kimi də istifadə etmək olar”.
“Süni göllərin yaradılmasına ehtiyac var”
V.Məhərrəmli əlavə edib ki, bundan əlavə, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı bir layihə də müzakirə olunurdu: “Bu layihə ilə bağlı razılıq da alınmışdı. İsrailli mütəxəssislər gəlmişdi, onların şirkətləri bu işi yerinə yetirəcəkləri ilə bağlı razılıq almışdı. Biz indi görürük ki, bu, problem olacaq. Xəzərin suyunun çəkilməsi, azalması ciddi bir problem yaradacaq. Ona görə də süni göllərin yaradılmasına ehtiyac var və olacaq. Bu, Azərbaycana imkan verəcək ki, Azərbaycan özünün suya olan tələbatını dayanıqlı ödəsin. Biz, illərdir təkliflər veririk. Bu, bir o qədər da maliyyə resursu tələb etmir, amma bizim bundan sonra 50-60 ilə suya olan ehtiyacımızı təmin edə bilər”.
“Dağ regionlarımızda 10 yeni kiçik su anbarının tikintisi gözlənilir”
Su məsələləri üzrə ekspert Rövşən Abbasov qeyd edib ki, Azərbaycanda kifayət qədər su anbarları var: “Yağış və qar suları o anbarlara yığılır, quraqlıq vaxtlarında suvarmada və içməli su sektorunda istifadə olunur. Azərbaycanın ən böyük su anbarlarından Mingəçevir su anbarını misal göstərə bilərəm. Kür çayının yaz vaxtında artan suları bu su anbarında yığılır, Qarabağ və Şirvan kanalları vasitəsilə Şirvan, Qarabağ, Mil və Muğan düzlərində suvarmaya sərf edilir. Bizdə bu su anbarları ötən əsrin 50-ci illərində tikilməyə başlayıb. Elə ən böyük anbarımız olan Mingəçevir su anbarı faktiki olaraq 1953-cü ildə istifadəyə verilib. Araz və Kür çayları üzərində çoxsaylı su anbarlarımız var. Bu su anbarlarının Azərbaycanda suvarma əkinçiliyində əhəmiyyəti çox böyükdür. Kiçik su anbarlarına gəlincə, Azərbaycan Prezidentinin əmri ilə Azərbaycanın dağ regionlarında 10 yeni kiçik su anbarının tikintisi gözlənilir. Bu su anbarları kiçik dağ çayları üzərində olacaq və o da yerli lokal miqyasda suvarma işlərinin aparılmasına, su qıtlığının azaldılmasına töhfə verəcək”.
“Yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub”
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) isə bildirilib ki, 10 oktyabr 2024-cü il “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da yer alan tədbirlərdən biri də “Yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsi”dir, hazırda yağış sularının idarə olunması və istifadəyə cəlb edilməsi tədbiri üzrə birinci mərhələ - layihə sənədlərinin hazırlanması mərhələsi icra edilib: “Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək”.
Röya İsrafilova