11:43
539
Azərbaycanın cənub-qərbində yerləşən Cəbrayıl rayonu strateji mövqeyi və zəngin tarixi-mədəni irsi ilə seçilən ərazilərdəndir. Araz çayının sol sahilində yerləşən rayon uzun illər Ermənistan tərəfindən işğal altında saxlanılıb, infrastruktur və mədəni irs obyektləri dağıdılıb. Hazırda dövlət dəstəyi ilə Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl şəhərində yaşayış infrastrukturu mərhələli şəkildə bərpa olunur. Son bir il ərzində 663 ailə doğma yurduna qayıdıb. Çoxmənzilli yaşayış binalarında yerləşdirilən ailələr fasiləsiz elektrik enerjisi, içməli su, təbii qaz və rabitə xidmətləri ilə təmin olunub.
Şəhərə qayıdan sakinlərdən biri, Əsgər Rüstəmov bildirib ki, 1993-cü ildə ailəsi ilə birlikdə Cəbrayılı tərk etməyə məcbur olub. Onun sözlərinə görə, köçkünlük dövrü çətin şəraitdə keçib. Uzun müddət köçkün məktəbində pedaqoji fəaliyyət göstərib. Hazırda isə Cəbrayıl şəhərində yeni mənzildə yaşayır. O, hər cür şəraitlə təmin edilməyin, doğma yurdda ailə üzvləri ilə birlikdə yaşamağın ən böyük arzuları olduğunu deyib.
Cəbrayıl rayonu ərazisində qədim yaşayış məskənləri, tarixi abidələr, alban dövrünə aid məbədlər və orta əsrlərə aid qayaüstü yazılar mövcuddur.
Şəhər sakini Əlirza Əzizlinin sözlərinə görə, rayonda hələ də elmi baxımdan araşdırılmalı olan tarixi və təbiət obyektləri qalmaqdadır. O qeyd edib ki, torpaqların azad olunacağına inansa da, bu günlərə şahidlik edəcəyini düşünməyib.
Şəhərdə yaşayan yaşlı sakinlərin ətraf mühitin bərpasında da fəal iştirak etdiyi müşahidə olunub. Onlar yaşıllıq sahələrinin təmizlənməsi, ağacların budanması kimi işlərdə könüllü şəkildə çalışırlar.
Qeyd edək ki, “Cəbrayıl şəhərinin inkişafına dair Baş Plan”a əsasən, şəhərin bərpası və inkişafı dörd mərhələdə həyata keçiriləcək.
Plan üzrə bu ilin sonunadək Cəbrayıl şəhərində 15 min nəfərin məskunlaşması nəzərdə tutulur. Yaşayış üçün 143 hektar ərazi ayrılıb, burada az və orta mərtəbəli çoxmənzilli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi yaşayış evlərinin inşası planlaşdırılır. Layihəyə əsasən, əhalinin 82 faizi çoxmənzilli binalarda, 18 faizi isə fərdi evlərdə yaşayacaq.
11:00
693
10:58
609
25 Yanvar 16:42
1 106