O, mərd, qürurlu və məğrur kişilərdəndir... Cəmiyyət

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Zahir Məlikli- 64
Min doqquz yüz çoxdanıncı illərin söhbətidir, onda yeniyetmə idim. Yardımlı rayonunda yaşayan ana babamgilə istirahətə getmişdim. O vaxt məndən yaşca beş il böyük xalam oğlu Fikrət səyyar tərəvəz alveri ilə məşğul idi. Daha dəqiqi, avtomobili ilə kəndbəkənd rayonu gəzib tərəvəz satırdı. Bir dəfə təklif etdi ki, onunla birlikdə gedim. Kəndləri tanımaq üçün bundan gözəl şans ola bilməz deyə razılaşdım və yola düşdük. Bilnə kəndindən keçib, Hamarkənd kəndinə çatanda xalam oğlu bir evə yaxın yerdə avtomobilini saxladı və yüksək səslə müşətəriləri səsləməyə başladı. Çox keçməmişdi ki, kimsə ona yaxınlaşıb irad tutdu. Söylədi ki, səsini azaltsın, qışqırmasın və aralarında mübahisə yarandı. Elə bu vaxt qonşuluqdakı evdən bizə tərəf səliqəli geyinmiş bir cavan olan gəldi və onun gəlişi ilə mübahisəyə son qoyuldu. Həmin adam Zahir müəllim idi. Söhbət əsnasında məlum oldu ki, biz əmioğluyuq. Sadəcə, babam ikinci dünya müharibəsi illərində qonşu Zenqaran kəndindən, rayonun girişində yerləşən Sırıq kəndinə köç edib və orada məskunlaşıb...
Bəli, biz Zahir müəllimlə eyni soydanıq. Onun da ulu babası Şeyx Hüseyn, ulu nənəsi isə, xan qızı Nigar xanımdır, mənim də. Söhbət Zahir Məliklidən gedir. O Zahir Məliklidən ki, həm rəssam-heykəltaraş, həm yazıçı-publisist, həm tərcüməçi və həm də pedaqoqdur. Sonralar biz gec-gec də olsa görüşürdük, amma oturub geniş söhbət etməyə vaxtımız olmurdu. Bu hadisədən xeyli zaman ötəndən sonra oğlu Elçin Zahiroğlu ilə də tanış olduq. Daha doğrusu, bu tanışlığın tarixi təsisçisi olduğum “Tək Dam” qəzetindən başlayır. O vaxt “Vətəndaş Həmrəyliyi” qəzetində çalışan Elçin, həm də bizim “Tək Dam”ın bir il baş redaktoru oldu...
Bütün böyük kişilər kimi, Zahir müəllim də özünəməxsus xarizması olan kişilərdəndir. Mərd, sözü üzə deyən, cəsarətli və cəsurdur. Güclü yaddaşı var. Məsuliyyətli və çox bacarıqlıdır. Enerjisini boş yerə sərf etmədən səmərəli və müntəzəm xərcləyə bilir. Xəyallara və fantaziyalara önəm vermir. Polad iradəsi ilə özünü idarə edə və istədiyi zaman mükəmməl nəticəyə nail olmağı bacarır. Ürəyi yumşaq olsa da, bəzən güzəştə getməkdən qaçır və qənaətindən imtina etməyi xoşlamır. Digər tərəfdən də, sevdiklərinə qarşı həddindən artıq dözümlülük və səbir göstərə bilir...
...O, 1962-ci ilin fevral ayının 1-də Yardımlı rayonunun Hamarkənd kəndində müəllim ailəsində dünyaya gəlib. 1978-1983-cü illərdə indiki ADPU- nun Kimya-biologiya fakültəsində ali təhsilə yiyələnib və oranı fərqlənmə diplomu ilə bitirib. 1983-2013-cü illərdə Hamarkənd kənd orta məktəbində müəllim işləyib. Altı kitab müəllifidir. Yaradıcılığı bir çox diplomlara, fəxri fərmanlara layiq görülüb. Sənət əsərləri dəfələrlə ölkədə və xaricdə keçirilən sərgilərdə nümayiş olunub. Bakı şəhərində 3 fərdi sərgisi keçirilib. Beynəlxalq müsabiqələr laureatıdır...
Filologiya elmləri doktoru, professor İlham Tahirov onu belə xarakterizə edir: “O, Zahir Məlikli imzası ilə ictimai-mədəni mühitdə tanınmış ziyalılarımızdandır. Zahir Məlikli nadir istedadı, intellekti, fəaliyyəti ilə seçilən, insan yetişdirmək kimi ən çətin peşə sahibi olan müəllim-pedaqoqdur. Yetişdirdiyi şagirdlər indi də kimya-biologiya fənnini tədris etmiş Zahir müəllimi görəndə papaqlarını çıxarırlar. Zahir Məlikli müxtəlif ölçülü və formalı adi daş parçalarını və ağac kötüklərini gözoxşayan heykəllərə çevirən mahir tişə ustası- heykəltəraşdır, yurdumuzun əsrarəngiz gözəlliklərindən ilhamlanaraq təbiət mənzərələrini, insan surətlərini rənglər vasitəsilə çərçivələrə köçürən, “sel qucağından sahilə çırpılan əyri bir yemişan budağını gözəl bir sənət əsərinə çevirən” sehrli fırça ustası- rəssamdır. Mahir rəssam- heykəltaraş kimi Zahir müəllim, bir çox diplomlara, fəxri fərmanlara layiq görülüb, onun sənət əsərləri dəfələrlə ölkədə və xaricdə keçirilən sərgilərdə nümayiş olunub, fərdi sərgiləri keçirilib, beynəlxalq müsabiqələrin laureatıdır.”
...Həyatında ən vacib sahə onun iş həyatıdır. İşləməyi çox sevir. Kretivliyinə söz ola bilməz. Evdə, işdə, qonaqlıqda, hətta yatarkən də yalnız yeni bir nəsə yaratmaq barədə düşünür. Özü etibarlı insan olduğu üçün, sadiqliyə, inama böyük əhəmiyyət verir. Xəyanəti, ikiüzlülüyü, riyakarlığı xoşlamır...
Şair İdris Babayev onun haqqında söyləyir: “Zahir fərqli adamdır, hamıya bənzəmir. Onun hamıdan fərqləndirən ən ali xüsusiyyət isə xeyirxahlığıdır. O, yaxşılığı nümayiş üçün etmir, qarşılıq gözləmir, ad-san axtarmır. Zahir üçün yaxşılıq həyatın təbii axarıdır. Zahir yaxşılıq edəndə bunu borc bildiyi üçün yox, bundan zövq aldığı üçün edir. Başqasının sevincində öz sevincini tapan nadir insanlardandır. Onun yanında olanda anlayırsan ki, hələ bu dünyada saf niyyətli, təmənnasız insanlar var. O, başqasının yükünü yüngülləşdirəndə öz ruhunun ağırlaşmadığını, əksinə, işıqlandığını hiss edir. Bu, hər kəsə nəsib olmayan bir kamillik halıdır...”
...Ağıllı və sistemli insandır. Əsas xüsusiyyətlərindən biri də azadlığı sevməsi və fərqli düşüncələrə sahib olmasıdır. Nə qədər optimist olsa da, azadlıq onun qırmızı xəttidir. O, bunun üçün daim mübarizə aparmağa hazırdır. Duyğularını, hisslərini elə də bildirən adam deyil. Buna görə də bəzi adamlar onu düzgün anlamaqda çətinlik çəkirlər. Elə düşünürlər ki, təkəbbürlü və inadkardır. Ancaq o, təkəbbürlü, inadkar yox, qürurlu və məğrurdur. Məhz bu xarakterinə görə də ətrafdakılar tərəfindən çox sevilir...
Bunlar isə iş adamı Hacı Gülhüseyn Cəfərovun Zahir müəllim haqqında dediklərindəndir: “Əziz dostum, qardaşım Zahir Məliklinin rəssamlıq və ədəbi yaradıcılığını çoxdan izləyirdim. 2020-ci ildə, 44 günlük vətən müharibəsi günlərində Cəlilabadın Privolnoye kəndində şəhidlərin dəfn mərasimində iştirak etdiyini görmüşdüm. Yaxından tanışlığımız isə 5-6 ay bundan əvvələ təsadüf edir və ötən zaman kəsiyində müxtəlif tədbirlərdə dəfələrlə görüşüb söhbət etmişik. Sevinirəm ki, bu münasibət qardaşlıq səviyyəsinə yüksəlib. Zahir müəllim çox qiymətli insandır...”
...Xeyirxahlıq, nəzakət onların müsbət xüsusiyyətlərindəndir. Hər zaman başqalarına kömək etmək və nə isə öyrətmək üçün həvəslidir. Məntiq onun düşüncələrinin qayəsini təşkil edir. Elə məntiqlə hərəkət etdiyi üçün də çox vaxt uğur qazanır. Xoşbəxt adamdır, ailə və iş həyatı arasında heç vaxt dilemmada qalmır. Hər ikisinə ayrılıqda lazımi dəyəri verməyi bacarır...
Professor İlham Tahirov daha sonra qeyd edir ki: “Zamanı Allah yaratmayıb. O, Zamanı yaratmaq iznini insana verib. Zamanı insanın özündə, fəaliyyətində, əməllərində, mövqeyində, sosial məsuliyyətində, sonrakı nəsillər üçün saxlayacağı mənəvi mirasda axtarmaq gərəkdir. Bu da həqiqətdir ki, cismani ömrünü yaşayan hər bir insan da Zaman yarada bilmir. Buna müvəffəq olanlar yaşadığı mühitdə, cəmiyyətdə, fəaliyyət sahəsində yaddaşlarda qalır, xatırlanır, təbliğ edilirlər. İctimai-mədəni mühitimizdə elmi-pedaqoji, rəssam-heykəltəraş, yazıçı-publisist, tərcüməçi-tədqiqatçılıq fəaliyyəti ilə birgə Zahir müəllim sadə, ziyalı şəxsiyyət, məsuliyyətli vətəndaş, sözü qarşılığında söz deyilməyən ailə başçısı, övladları üçün yüksəklikdə qərar tutan ata, nəvələri üçün qayğıkeş baba olaraq da öz Zamanını yaratmışdır...”
Fevralın 1-i haqqında söhbət açdığım yazıçı-publisist, rəssam-heykəltaraş, tərcüməçi Zahir Məliklinin 64 yaşı tamam olur. Mələk numeraloğiyasında 64 rəqəmi tarazlıq, nizam, daxili güc və praktikliklə əlaqələndirilir. Bu rəqəm həm də işlərin sistemli şəkildə tamamlanmasını və təməlin möhkəmləndirilməsini ifadə edir. Zahir müəllimi 64 yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşa, əmioğlu!..

Hörmətlə, Elman Eldaroğlu