“Uşaq bağçaları və körpələr evinə “uşaq psixoloqu” ştatının əlavə edilməsi məsələsi aktualdır” Cəmiyyət

“Uşaq bağçaları və körpələr evinə “uşaq psixoloqu” ştatının əlavə edilməsi məsələsi aktualdır”

“Ombudsman yanında Psixi sağlamlıq və insan hüquqları sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində sosial şəbəkələr üzrə aparılan monitorinqlərin nəticələrindən irəli gələrək diqqətinizə çatdırmaq istərdim ki, psixi sağlamlıq sahəsində yardım göstərmək hüququ olmayan şəxslər tərəfindən internet üzərindən müvafiq seans və məsləhət xidmətlərinin göstərilməsinin qarşısının alınması üzrə mexanizmlərin işlənib hazırlanması, habelə Psixi Sağlamlıq sahəsində Milli Strategiyanın qəbul edilməsinin sürətləndirilməsi də məqsədəmüvafiqdir”.

Bu sözləri İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Uşaq bağçalarının nümunəvi ştatı”na və “Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatları”na “uşaq psixoloqu” ştatının əlavə edilməsi məsələsi aktual olaraq qalmaqdadır: “Ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi həlli vacib məsələlərdəndir”.

Röya İsrafilova