Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellektlə materiallar hazırlamaya görə cəzalar müəyyənləşir Cəmiyyət

Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellektlə materiallar hazırlamaya görə cəzalar müəyyənləşir

Şəxsin razılığı olmadan onun görüntüsü və səsi ilə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yaymaya görə cəzalar müəyyənləşir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu,

İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni - 148-2.1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə və zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.