Bu hərəkatda xalqın bütün təbəqələri iştirak edirdilər
I yazı
Dekabrın 12-də 21 Azər Hərəkatının 70-ci ildönümü tamam olur. Təəssüf ki, onillər ərzində həm İran, həm də keçmiş SSRİ tərəfindən döyülən, söyülən, təhqirlərə tuş gələn, məhv edilən hərəkatın mahiyyətini anlamaqdan əslində bir xalq olaraq uzaq düşmüşük. 21 Azər Hərəkatı hər şeydən əvvəl Güney Azərbaycan demokratlarının SSRİ-yə bel bağlamağının acı nəticələrini göstərdi. Ancaq hərəkat Moskvanın istəyinin nəticəsi kimi meydana çıxmadı, tamamilə milli yön aldı. Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsində (Güney Azərbaycanda) Milli Hökumətin qurulması, Moskvanın istədiyi kimi hadisələrin cərəyan etməməsi, Qərbin, Avropanın sözügedən məsələyə cidd-cəhdlə qarışması səbəbindən bir il sonra Milli Hökumət süqut etdi. Milli Hökumətin birillik varlığı, ümumiyyətlə, Pişəvəri hərəkatının süqutu bizə aşağıdakı dərsi verdi: Azərbaycan nə qədər ki, ikidir, bütövlüyümüz yoxdur, Türk Ulusu olaraq varlığımızın təsdiqi bilinməyəcək.
Tanınmış araşdırmaçı Əkrəm Rəhimli bildirir: "Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabrın 3-də yaradılmışdı. İlk dəfə bu firqənin tərkibinə 77 Azərbaycan ziyalısı, vətənsevər daxil idi. Bunların çoxu vaxtilə Səttarxan Hərəkatında, eləcə də Xiyabani hərəkatında iştirak etmişdilər. Həmin vaxt bu şəxslər firqənin yaradılması ilə bağlı xalqa müraciət etdilər. Müraciət sürətlə ölkəyə yayıldı. Camaat gördü ki, firqənin məramnaməsində qoyulan məsələlər uzun müddətdir onları qayğılandıran problemlərdir. Çox çəkmədi ki, az vaxtda partiya camaat arasında tanındı, tərəfdarlarının sayı artmağa başladı. Partiyanın Mərkəzi Komitəsinə Seyid Cəfər Pişəvəri başçılıq edirdi. Firqənin yaradılmasından iki gün sonra onun mətbu orqanı "Azərbaycan" qəzeti nəşrə başladı. Bu qəzetin hər sayında Pişəvərinin yazıları çap olunurdu. Həmin qəzetin əməkdaşları xatirələrində yazırlar, elə olurdu, Pişəvəri qəzetin redaksiyasında gecələyirdi ki, qəzet təmiz çıxsın, hər şey yerli-yerində olsun".
Firqənin ilk qurultayı sentyabrın 13-də keçirildi: "1945-ci il oktyabrın 2-də firqənin növbəti qurultayı oldu, 277 nümayəndə iştirak edirdi. Qurultayın 6 iclası keçirilmişdi. Qurultayda Mərkəzi Komitənin sədri seçilmiş, məramnamə, nizamnamə qəbul edilmişdi. Bu dövrdə firqənin çox əhəmiyyətli yığıncaqlarından biri 18 noyabr 1945-ci ildə keçirilən ikinci geniş plenumu idi. Sözügedən məqama qədər firqənin bütün fəaliyyəti, dövlətə müraciəti hamısı sülh aspektində olmuşdu. Deyirdilər, biz heç bir zorakılığa əl atmadan, qarşı-qarşıya durmadan Azərbaycan xalqının istəklərini tələb edəcəyik. Bu məqsədlə şaha, baş nazirə, hətta böyük dövlətlərin başçılarına da müraciət olundu ki, Azərbaycan xalqı müstəqillik, azadlıq, milli muxtariyyət istəyir. Habelə bu müraciətlərdə xalqın mövcudluğunu, əzmini qoruyub saxlaması, öz ölkəsinə sahib olmaq iqtidarı ifadə olunurdu. Tehran xalqın azadlıq istəyinə, bu yöndə tələblərinə süngü ilə cavab verdiyi üçün ikinci plenumda qərara gəlindi ki, artıq yumruğa yumruqla cavab verilsin. Azərbaycan Demokrat Firqəsi geniş xalq kütlələrinin rəyini öyrənmək üçün 1945-ci il noyabrın 25-də Milli Konqres çağırdı. Azərbaycanın bütün bölgələrindən, şəhərlərindən nümayəndələr gəldilər. Burada 724 nəfər nümayəndə iştirak edirdi. Milli Konqres 14 maddədən ibarət qətnamə qəbul etdi. Qətnamənin bir surəti təkrarən şaha, İran Məclisinə, İran hökumətinə və böyük dövlətlərin başçılarına göndərildi. 39 nəfərdən ibarət Milli Heyət seçildi, bura S.C.Pişəvəri rəhbərlik edirdi. 27 noyabrdan 1 dekabra kimi Milli Konqresin qərarı əsasında Milli Məclisə seçkilər başlanıldı. Milli Konqres Tehrana müraciət etdi ki, bizə öz əlimizlə öz ölkəmizi idarə etməyə imkan verin. Milli Məclisə seçkilər tam demokratik əsasda, bütün sinifləri, təbəqələri əhatə etməklə 32 dairədən 100 nümayəndə seçilmişdi. Pişəvəri deyirdi ki, artıq ayrı yol qalmadı. Yazırdı ki, nə qədər müaciət etsək də, mərkəz dediklərimizə əhəmiyyət vermədi, xalq belədə yumruğa yumruqla cavab vermək məcburiyyətində qaldı. Artıq kütlə polis zorakılığından, qarətindən, dövlətin zülmündən cana gəlmişdi. Təxminən 40 gün ərzində Güney Azərbaycanın ayrı-ayrı şəhərləri, bölgələri, yaşayış məntəqələri şah qoşunlarından azad edildi.
Xarici tarixçilər, xüsusən də İran tarixçiləri yazırlar ki, silahların hamısını ruslar verib, təlimatçıları da ruslardan olub. Həqiqətin ağzına tıxac vuran tarixçilər onu da deyirlər ki, hətta bu fədailərin bir qismi fədai paltarı geyinmiş ruslar idi".
Araşdırmaçı vurğulayır ki, ancaq əslində məsələ tamam başqa cür idi: müttəfiq qoşunlar Güney Azərbaycana daxil olan zaman polis-jandarma qüvvələri, əsgərlər silahları qoyub qaçmışdılar. Bunun nəticəsində camaatın əlində müəyyən miqdarda silah var idi: "Başqa tərəfdən də az, ya çox miqdarda hər hansı ölkəyə silah verməklə, hər hansı ölkədə hər hansı ictimai hərəkatı qələbəyə çatdırmaq mümkün deyil. Çünki silahı tutan əl lazımdır. Ona görə də həmin dövrdə əgər Moskva, sovet ordusu tərəfindən Güney Azərbaycana hər hansı miqdarda silah verilmişdisə, bu silahı xalq ona görə almırdı ki, onlar sovetlərin dediyi kimi hərəkət etsinlər. Ona görə alırdılar ki, Vətəni hər mənada düşməndən azad etsinlər.
12 dekabra kimi 35-40 gün ərzində Azərbaycanın bütün şəhərləri, bölgələri Təbriz, Urmiyadan başqa azad edildi.
Dekabrın 12-də Təbriz azad olundu. Təbriz şəhəri hər tərəfdən üzük qaşı kimi mühasirəyə alınmışdı. Təbrizin jandarm-polis qüvvələri əhaliyə silah qaldırmaqdan imtina edib silahı yerə tökərək qaçdılar. Yeganə müqavimət göstərən Təbriz qarnizonu idi ki, qarnizona general Ələkbər Dirəxşani başçılıq edirdi. Təbriz qarnizonunu alınmasında həyata keçirilən taktika Pişəvərinin böyük sərkərdəlik qabiliyyətini, məharətli taktikaya malik olmasını aşkara çıxardı. Onun göstərişilə qarnizon alınmamışdan qabaq çoxlu vərəqələr yayıldı. Bu vərəqələrdə yazılırdı: "Ey əsgər, ey zabit, əgər sən azərbaycanlısansa, sənin damarlarında axan qan azərbaycanlı qanıdırsa, əgər sən azərbaycanlı anasından süd əmmisənsə, o zaman öz qardaşına silah qaldırma. Biz sənin və ananın azadlığı uğrunda vuruşuruq".
Bu müraciət Təbriz qarnizonunun içərisində çox böyük çaxnaşma yaratdı. Qarnizonun rəhbərliyi vərəqələri yığışdırmaq istədi, ancaq artıq gec idi, yayılmışdı. Beləliklə, qarnizon daxildən sarsılmağa, sıraları pozulmağa başladı: "Pişəvəri vəziyyətdən çıxış yolu kimi, qan tökülməməsi üçün qarnizona nümayəndə heyəti göndərdi. Bu heyətin tərkibində Təbriz ağsaqqalları, ruhanilər də vardı. Dirəxşaniyə deyildi ki, qarşında iki yol var: ya üz-üzə durub qardaş qanı tökməliyik, ya da silahı yerə qoymaq. Dirəxşani ikinci yolu seçdi, müqavimət göstərmədən Təbriz qarnizonu təslim oldu. Pişəvərinin göstərişi ilə Dirəxşani 7 nəfər yüksək rütbəli zabitlə birgə sayğı ilə Tehrana yola salındı. Yəni onlara qarşı heç bir zorakılıq göstərilmədi. İndi İranda çap olunan kitablarda göstərilir ki, bu şəxslərə qarşı zorakılıq olub, təzyiq göstərilib. Tehrana o adamları yola salan Salamulla Cavidin xatirələrində isə oxuyuruq: "Pişəvəri göstəriş vermişdi ki, onları son dərəcə nəzakətlə yola salaq". Sonradan S.Cavid Azərbaycan Milli Hökumətində xarici işlər naziri işlədi.
Urmiyadakı qarnizon isə ciddi müqavimət göstərmək istəyirdi. Urmiya ətrafında bütün kəndlərdə firqə üzvləri qətlə yetirilmiş, talanlar olmuşdu. Bu qarnizonun əlində 3 tank var idi. Dekabrın 19-da Urmiya şəhəri bu qarnizondan azad olundu. Sovet nümayəndəliyi qarnizonun rəhbərliyi ilə danışıqlar aparmışdı ki, yola gəlin, onsuz da Urmiya şəhəri hər tərəfdən mühasirəyə alınıb. Yenə yuxarıdakı qayda ilə qarnizonun rəhbərliyi Tehrana yola salındı. Urmiyanın azad olunmasında da rusların iştirakını qeyd edirlər. Ancaq Urmiyanın azad olunması milli qüvvələrin gücü ilə olmuşdu".
Beləliklə, dekabrın 19-da Güney Azərbaycan tamamilə azad olundu, Azərbaycan Milli Hökuməti yaradıldı: "21 Azər Hərəkatında xalqın bütün təbəqələri iştirak edirdilər. İran Xalq Partiyasının məramnaməsindən, nizamnaməsindən fərqli olaraq firqənin nizamnaməsində sinfi mübarizə məsələsi yox idi. Azərbaycan Demokrat Firqəsi o dövrün "izm"lərindən kənarda idi.
Bir il ərzində Azərbaycan Milli Hökuməti çox işlər görmüşdü. Amerikalı tədqiqatçı Con Furon "İranda ictimai hərəkatların tarixi" adlı kitabında yazır ki, Azərbaycan Milli Hökumətinin bütün fəaliyyətini nəzərdən keçirdikdə məlum olur, Rza şahın 20 ildə həyata keçirə bilmədiyini bu hökumət bir il ərzində gerçəkləşdirmişdi: "İran tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq verildi. Anbarlarda saxlanılan məhsullar sabit dövlət qiyməti ilə bazarlara çıxarıldı". Qeyd edək ki, o dövrdə Tehrana qaçan mülkədarlar tərəfindən xeyli ərzaq məhsulları gizlədilmişdi.
C.Furon daha sonra yazır ki, çox işlənən ərzaq məhsulları üzərindən vergilər götürüldü. Təbrizin xiyabanları asfaltlaşdırıldı, savadsızlığın ləğv edilməsi ilə bağlı kurslar açıldı. Radio stansiyası və kitabxanalar işə salındı, banklar milliləşdirildi. Körpə evləri açıldı, xəstəxanalar təsis edildi, ana dilində kitablar çap olundu".
Habelə bu dövrdə Azərbaycan türklərindən başqa burada yaşayan digər xalqların nümayəndələri də eyni hüquqlara malik idilər: "Onlara ana dillərində məktəb açmağa, teatr yaratmağa, kitab çap etməyə icazə verilirdi. Siyasi partiya yaratmağa da icazə verilirdi, bu şərtlə ki, fəaliyyət Azərbaycan Milli Hökumətinin əleyhinə olmasın. Sənaye, kənd təsərrüfatı sahəsində böyük işləri aparıldı. Güney Azərbaycan başdan-başa quruculuq meydanına çevrilmişdi.
Milli hökumətin ən böyük işi torpaq islahatı ilə bağlı idi. Bu, həmin dövr üçün çox əhəmiyyətli idi. Ona görə ki, Güney Azərbaycan aqrar ölkə idi. Əhalinin əksəriyyəti kəndlərdə yaşayırdı. Əvvəlcə Milli Hökumət tərəfindən ölkədəki bütün torpaqlar siyahılaşdırıldı. İnqilab zamanı ölkədən qaçan torpaq sahiblərinə - mülkədarlara radio və mətbuat vasitəsilə xəbərdarlıq edildi ki, əgər 15 gün ərzində hansı torpaq sahibi Vətənə qayıtmasa, onun torpağı müsadirə olunacaq. İlk növbədə belə torpaqlar islahata cəlb edildi. Amerikalı tədqiqatçı Con Furanın hesablamalarına görə, 247 min 66 hektar torpaq sahəsi 209 min 96 yoxsul kəndli ailəsi arasında bölündü. Əlbəttə, kəndliyə torpağı verməklə məsələni bitmiş hesab etmək olmazdı. Ona torpağını becərmək üçün zəruri vasitələr lazım idi. Buna görə də Milli Hökumət "Ziraət bankı" təsis etdi. Bu, kənd təsərrüfatı sahəsində irəliləyişə nail olmaq imkanı verirdi. İmkanı olmayan kəndlilər həmin bankdan kredit götürürdülər. Şərt belə idi ki, məhsul götürüləndən sonra həmin pul ödənilməliydi".
Uğur