“Sağlam və vətənpərvər gənclik əsas hədəfdir” Gündəm

“Sağlam və vətənpərvər gənclik əsas hədəfdir”

“Təhsil, ailə və cəmiyyət institutları uşaqların və gənclərin formalaşmasında bir-birini tamamlayan üç əsas sosial mühit kimi çıxış edir”.

Bunu deputat Mehriban Vəliyeva “Xalq Cəbhəsi”nə açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, müasir dövrdə bu institutların qarşılıqlı əməkdaşlığı yalnız fərdin deyil, bütövlükdə cəmiyyətin dayanıqlı inkişafının əsas şərtlərindən biridir:
“Uşaqların və gənclərin həm fiziki, həm də mənəvi inkişafının təmin olunması üçün bu üç institut arasında koordinasiyalı və sistemli əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır. Təhsil sistemi bu prosesdə əsas institusional mühit kimi çıxış edir və məktəblər yalnız bilik verən qurumlar deyil, eyni zamanda vətəndaşlıq dəyərlərinin, sosial məsuliyyət hissinin və sağlam həyat tərzinin formalaşdırıldığı mühüm sosial məkanlardır.
Bu baxımdan məktəblərdə idman fəaliyyətlərinin genişləndirilməsi, sağlam həyat tərzinin təşviqi, vətənpərvərlik ruhunda tərbiyə və milli-mənəvi dəyərlərin aşılanması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda təhsil müəssisələrinin ailə və ictimai institutlarla əməkdaşlığının gücləndirilməsi uşaqların sosiallaşma prosesinin daha sağlam müstəvidə formalaşmasına imkan yaradır”.

Mehriban Vəliyeva bildirib ki, ailə uşağın formalaşdığı ilk və ən vacib sosial mühitdir və uşağın xarakterinin, davranış modelinin, mənəvi dəyərlərinin əsasının qoyulduğu məkan məhz ailədir. Valideynlərin uşaqlara göstərdiyi diqqət və tərbiyə üsulları gənclərin dünyagörüşünə və gələcək həyat yoluna birbaşa təsir edir”.

Deputat əlavə edib ki, cəmiyyət və ictimai institutlar da gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynayır: “Gənclər təşkilatları, idman klubları, mədəniyyət müəssisələri, qeyri-hökumət təşkilatları və media gənclərin sosial fəallığının artmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə və dünyagörüşlərinin formalaşmasına mühüm töhfə verir. Qloballaşma və sürətli sosial dəyişikliklər fonunda sağlam, savadlı, vətənpərvər və sosial məsuliyyətli gənc nəslin yetişdirilməsi dövlət və cəmiyyət üçün strateji prioritetdir. Bu məqsədə nail olmaq üçün təhsil sistemi, ailə və cəmiyyət institutları arasında güclü tərəfdaşlıq qurulmalı və gənclərin hərtərəfli inkişafını təmin edən kompleks yanaşma həyata keçirilməlidir.

Günel Elxan