

“Məqsəd azərbaycanlıları bölgədən uzaqlaşdırmaqdır”
İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölü tamamilə quruyub.
TRT xəbər verir ki, dünyanın ən böyük duzlu göllərindən olan Urmiya gölünün qurumasına dair peyk görüntüləri İran mediasında yayımlanıb. Xatırladaq ki, daha əvvəl İran rəsmiləri görülən tədbirlər nəticə verməsə, gölün yayın axırına qədər quruyacağını bildirmişdilər.
Onu da bildirək ki, Tehran administrasiyası gölün bərpası üçün 6 milyard dollar büdcəli böyük ekoloji layihəyə başlasa da, ölkədə davam edən quraqlıq səbəbindən istənilən nəticə əldə olunmayıb.
Mövzu ilə bağlı qəzetimizə danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki, son peyk məlumatları İranın Qərbi Azərbaycan ostanı ərazisində yerləşən Urmu gölüünün əksər hissəsinin tamamilə quruduğunu göstərir. İran ərazisi, Anadolu yarımadası və Cənubi Qafqazda su mənbələrinin quruması qlobal ekoloji fəlakətlə sıx bağlıdır. Son 30 ildə Kiçik Asiyada 50-dən çox göl quruyub. İran ərazisində də yağıntıların normadan az düşməsi, kəskin quraqlı su mənbələrinin qurumasına səbəb olub. Son 20 ildə kəskin şəkildə quruyan göllərdən biri də dünyanın ən böyük duzlu göllərindən olan Urmu gölüdür. Gölün qurumasında antropoloji amillər də var: “Qeyd edək ki, Urmu bölgəsi və Urmu gölü o taylı-bu taylı Azərbaycan üçün çox həssas məsələdir. Versiyalara görə, Azərbaycan türklərinin ilkin təşəkkül tapıdğı bölgələrdən biri də Urmu hövzəsidir. Gölün güneyində yerləşən Həsənli qəsəbəsi burada mövcud olmuş Manna mədəniyyətini əks etdirən materiallarla zəngindir. Miladdan öncə VII əsrdə gölün qərb sahillərinə Qara dəniz ətrafından kimmer, iskit və saklar gələrək burada məskunlaşıblar. Bölgədə Azərbaycan türklərinə qarşı ərazi iddiaları var və hesab edilir ki, ekoloji problemlərə rejimin göz yummasının, laqeyd qalmasının bir səbəbi də budur. Urmu gölü təbii halında 33 milyard kubmetr suya malikdir və dünyanın ikinci duzlu gölü hesab olunur. Hazırda göl tamamilə qurumaq üzrədir və içindəki su təxminən bir milyard kubmetrə qədər azalıb. Hesab edilir ki, Urmu gölünün qurumasının əsas səbəbi 20 il əvvəl gölə axan 22 çayın üzərində tikilən və suyun gölə axmasının qarşısını alan 40 böyük bənd olub. Ərzaq çatışmazlığı bəhanəsi ilə gölün su hövzəsindəki əkin sahələri ikiqat artırılıb və gölün ətrafında minlərlə dərin quyu qazılıb. Urmu gölünə tökülən 11 əsas çayın üzərində 70-ə yaxın su anbarının tikilməsi suyun mənsəbə gəlib çatmaması ilə nəticələnir. Həmçinin həmin axar sulardan ekstensiv suvarmada istifadə edilməsi bu su hövzəsinin qurumasında xüsusi rol oynayır”.
O, qeyd edib ki, bölgədə əhalinin sayı artdıqca, əkin sahələri genişlənr və suya tələbat artır. İqtisadi ehtiyacların ödənilməsinin fonunda meydana çıxan ekoloji və sosial problemlərin nəzərə alınmaması fəlakətə doğru yol açır: “İranın hazırkı rejimi gölü xilas emtək üçün bir sıra layihələr elan edib. Bir müddət öncə rejim Urmu gölünün qurumasının qarşısının alınması üçün 900 milyon dollar vəsait ayrıldığını bəyan edib. Lakin bu, gölün bərpasına bəs etmədi. Gölün qurumasının qarşısının alınması üçün ciddi addımlar da atılmadı.
Qeyd edək ki, Urmu gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Göl və onun çevrəsində 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk, 26 növ balıq növü yaşayırdı. Köçəri quşlardan qızılqaz, qutan, leylək, ala ördək, bizdimdik, miqrasiya zamanı gölə enirlər. Daha öncələr Urmu gölü ilkin vəziyyətində olanda göl ətrafı palçıqlar var idi. Həmin palçıqdan dəri və sinir sistemi xəstəliklərinin müalicəsində istifadə olunurdu. Gölün duzluluğunun çox olması oynaq xəstəliklərinin müalicəsində faydalı idi. Orada gözəl turizm mərkəzləri yaratmaq olardı. Urmu gölü hövzəsi Güney Azərbaycanın ən qaynar bölgələrindən idi. Orada kənd təsərrüfatı, heyvandarlıq inkişaf etmişdi”.
Mütəxəssislərin fikrincə, gölü qismən də olsa bərpa etmək olardı. Bunun üçün dövlət tərəfindən konkret və iri bir addım atmaq lazımdır. Su anbarlarının fəaliyyətinin dayandırılması, ekstensiv suvarma sistemindən imtina etmək günün tələbidir. Ərazidə yaşayan insanlar tərəfindən çoxli su quyuları qazılıb. Onları anlamaq olar, çünki onların suya tələbatı var. Ancaq yeraltı sular ehtiyat su fondudur, onlara toxunmaq olmaz. Lakin əhali su tapmayanda yeraltı su ehtiyatlarından istifadə etməyə başlayır. Son 10 ildə yeraltı sulardan istifadə kəskin hal alıb. Hazırda Urmu gölü ətrafında olan əkin sahələrinin suvarma sistemi yenilənməli, modern texnolgiyalar tətbiq olunmalıdır. Bütün bunlar edilsə, gələcəkdə Urmu gölünün qismən bərpası mümkündür: “Urmu gölünün tamamilə quruması bölgədə və bütövlükdə geniş bir arealda ekoloji fəlakət yaradacaq. İran, Türkiyə, İraq, Suriya, Azərbaycan, Ermənistan bu ekoloji fəlakətdən zərər görəcək. Bəllidir ki, duz gölünün quruması nəticəsində həmin duzlar toz halına çevrilir və güclü külək olanda külək onları sovurur, ətraf ərazilərdə kənd təsərrüfatı əkinlərinin üzərinə çökdürür. Kənd təsərrüfatı bitkilərini məhv edir. Bu da bir iqtisadi problemə gətirib çıxarır. Həmin duz fırtınalarının yayılması nəticəsində Türkiyənin, Azərbaycanın xeyli hissəsi, eyni zamanda İraqın bir hissəsi, İranın dostu və qardaşı, bizim düşmənimiz olan Ermənistanın bir xeyli hissəsi mənfi mənada təsirə məruz qalacaq. Urmu gölü hövzəsindən böyük miqrasiya başlanacaq. Ərazidə kınd təsərrüfatı, heyvandarlıq məhv olacaq, region boşalacaq. Urmu gölündəki quruma prosesi ərazidə və bütövlükdə regionda yaşayan icmaların sağlamlığını təhdid edir. Müxtəlif kimyəvi elementlərlə zəngin olan göl suyunun buxarlanmadan sonra yerində qalan maddələr ətraf mühitin təsiri ilə sürətlə yayılmağa başlayır. Nəticədə isə yerli əhali arasında çoxsaylı xəstəlik növlərinin qeydə alınması tempi artır. İnsan nəfəs alacağı normal atmosfer havasının 78 faizi azot qazından, 21 faiz oksigendən ibarətdir. Yerdə qalan 1 faiz digər qazlardır. Əgər burada hansısa dəyişiklik olacaqsa, bu, insan orqanizminə öz zərərli təsirlərini göstərməyə başlayır. Göl quruduqca atmosferlə təmas səthi çoxalır. Bu gölün sahəsi böyük olduğundan havanın çirklənməsi daha çox olacaq. Göldə bizim kalium dediyimz potasium, potasium-sulfatdır, litium, maqnezium, bromiddir. Düzdür bu elementlər insan orqanizmində cüzi miqdarda var. Amma onların artıq miqdarı insan orqanizminə zərərli təsir göstərir. Göl quruyandən sonra yaranan duz fırtınası zamanı insan tənəffüs etdikcə bu maddələr yuxarı tənəffüs yollarına, oradan da aşağı tənəffüs yollarına, qırtlaq, traxeya, bronxlar, oradan da ağciyərə qədər getmiş olur. Tənəffüs yollarında qıcıqlanma, gözyaşarma, burunaxması, boğazqıcıqlanması, öskürək yaranır”.
Duz fırtınasının təsiri aylarla, illərlə davam edirsə qırtlaq, ağciyər xərçəngini yarada bilir. Tənəffüs yollarından artıq miqdarda daxil olan bu maddələr qana keçərək qan dövranı vasitəsilə ürək toxumasına, beyin toxumasına, böyrəklərə, qaraciyərə və bütün orqanizmə yayılır. Demək olar ki, bütün orqanlarda, hətta sümüklərdə ciddi metabolizm dəyişiklikləri, iltihabi dəyişikliklər yaradır, insult və infarktda gətirib çıxara bilir: “Göl qurusa, 50 kilometr ətrafda 15 milyon insan ziyan görəcək. Bir müddən bundan öncə İranın sabiq ekologiya naziri İsa Kələntəri demişdi ki, göl quruyarsa, ondan qalxan duz fırtınası bölgədə yaşayışı qeyri-mümkün edəcək. 3 milyonluq əhali Təbriz şəhərini boşalmağa məcbur olacaq. Göründüyü ki, Urmu gölü tamamilə quruyarsa bundan daha çox zərəri Güney Azərbaycan bölgəsi görəcək. Bölgənin azərbaycanlı əhalisi farslar yaşayan Kirman, Yəzd, Şiraz, İsfahan, Mərkəz bölgələrinə köç edəcək. Türkiyə ilə sərhəd bölgəsi türksüzləşdiriləcək. Bəzi iddialara görə, Urmu faciəsinə laqeyd yanaşmada məqsəd azərbaycanlıları bölgədən uzaqlaşdırmaqdır. İnsan sağlamlığına, məcburə köçə səbəb olan ekosid də insanlığa qarşı suç olaraq ciddi uluslararası cinayətdir. Lakin ekosidin beynəlxalq cinayət olaraq tanınması üçün çalışmalar davam edir. “Avropa Vətəndaşları Təşəbbüsü” və “Ekosidi durdur” kimi beynəlxalq təşkilatlar bu istiqamətdə çalışır. Lakin ekosid, nə yazıq ki, beynəlxaq toplum, BMT tərəfindən insanlığa qarşı cinayət kimi dəyərləndirilməyib. Bundan yararlanan İran, Ermənistan kimi dövlətlər Azərbaycan xalqına qarşı ekoloji cinayətləri davam etdirirlər.
Hesab edirəm ki, bölgə dövlətləri Urmu gölündə ekoloji fəlakətlə bağlı həyəcan təbili çalmalı, lazım gələrsə gölün bərpası üzrə birgə layihələr işlənməlidir. Çünki bu gölün quruması region dövlətlərinin əhalisinin sağlamlığını təhdid edir”.
Cavid