1921-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi Güney Azərbaycan

1921-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi

5-ci yazı


Rza şah hakimiyyətinin qadağa və təzyiqlərinə baxmayaraq Azərbaycan dramaturqlarının əsərləri 1930-cu ilə qədər Təbriz teatrı repertuarlarının əsasını təşkil edirdi. 1929-cu ildə Ə.Haqverdiyevin "Köhnə dudman" və "Pəri cadu" əsərləri Təbrizdəki "Şiri-Xurşid" teatrında Azərbaycan dilində tamaşaya qoyulmuşdu. 1928-ci ildə Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi Təbrizdə Mirzə Bağır Hacızadə tərəfindən tamaşaya qoyulmuş, bir neçə il sonra isə yerli aktyorlar müəllifin "İblis" əsərini də səhnələşdirməyə müvəffəq olmuşdular. Həmin illərdə H.Cavidin "Peyğəmbər" dramının məşqləri keçirilsə də əsərin tamaşaya qoyulması Nəzmiyyə İdarəsi(Jandarm İdarəsi) tərəfindən qadağan edilmişdi. 1940-cı ildə "Şeyx Sənan" faciəsi Ərdəbildə Azərbaycan dilində səhnəyə qoyulmuşdu. Olqa Jiqalina Rza şahın qeyri-farslara qarşı siyasətini "denasionalizasiya" termini ilə ifadə edir. Rza şah əvvəlcə bu xalqları "başsızlaşdırır", yəni yerli elita təbəqəsini həbs və edam edərək ortadan qaldırır, sonra da "başsız" qalmış xalqı farslaşmağa məcbur edirdi. Riçard Kottam bu millətçiliyin "liberalizmdən məhrum millətçilik" şəklində olduğunu göstərib.
İran yazıçısı və mütəfəkkiri Cəlal Ale-Əhməd hesab edirdi ki, Lenin hakimiyyətini birinci olaraq tanıyan çevrilişçilər dil müxtəlifliyinin doğurduğu problemi Məşrutədən sonrakı hökumətlərin yürütdüyü milli vəhdət siyasəti və Oktyabr inqilabının ardınca Rusiyada milli azlıqlara dil sahəsində verilən azadlığın doğurduğu cazibənin təsiri kimi dərk etdilər, nəticədə hökumət türk dili ilə istər-istəməz sərt davranmalı oldu. Rza şah Pəhləvinin modernləşmə siyasətinin İranın digər qeyri-fars xalqları şahdan uzaqlaşdırması fikrini irəli sürən Qöds başlıca olaraq iki qeyri-fars xalqa işarə edərək yazırdı: "Rza şahın farslaşdırma siyasəti azərbaycanlıların və kürdlərin öz milli kimliklərinə sahib çıxmalarını təmin etməkdə idi. Pəhləvilər siyasi legitimlik qazanmaq məqsədilə öz monarxiyasını əski Pers imperiyasının varisi elan etdi. Ancaq onun bu cəhdi qeyri-fars xalqların siyasi baxımdan əriməsini təmin etməyib, tam tərsinə, onların mərkəzdən uzaqlaşmasına və milli şüurunun yüksəlməsinə səbəb oldu. Bu ayrı-seçkilik İranın dezinteqrasiyasına və dövlət istiqrarsızlığına aparacaq dövrün başlanmasına səbəb oldu".
Beləliklə, ölkədə Azərbaycan türkcəsinin məhvi istiqamətində irimiqyaslı mədəni və psixoloji mübarizə aparılırdı. Azərbaycanlı olmaq Məşrutə dövründə bir üstünlük sayılırdısa, Pəhləvi dönəmində isə "aşağılıq (alçalma)" kimi qəbul olunurdu. Bu total mədəni-psixoloji təzyiq azərbaycanlıları milli kimliyindən uzaqlaşdırmaq məqsədi güdürdü. Türklük alçaldılmaqla bərabər, azərbaycanlıların türk olmadığı iddia olunurdu. Azərbaycanlılar öz dillərində danışdıqları üçün alçaldılır və eyni zamanda etnik baxımdan guya ari olduqlarına görə ucaldılırdı. Azərbaycanlıların farsca danışmağa məcbur edilməsi ilə yanaşı, türkcə yer və insan adları dəyişdirilir, türkcə ad qoymaq qadağan olunurdu.
Azərbaycan türkcəsinin işlədilməsinin qadağan olunmasına baxmayaraq, bir çox azərbaycanlı ziyalılar öz dillərində yazmaqda davam edirdilər. Onlardan biri də Mirzə Əli Möcüz idi. Məşrutə illərinin əvvəllərindən yaradıcılığa başlayan şair ana dilinin qadağan edilməsinə baxmayaraq bu dildə yazmağa davam etmişdi. Həmin illərdə azərbaycanlı M.Ə.Tərbiyətin Tehranda nəşr olunan Azərbaycanın min illik tarixini əhatə edən "Daneşməndane Azərbaycan" əsərinə ana dilindəki poeziya nümunələri də daxil edilmiş, bununla da azərbaycanlıların Azərbaycan türkcəsində yazmadıqları haqqındakı iddialar ifşa olunmuşdu. Rza şah Pəhləvi dövründən başlayaraq Azərbaycan dilində təhsil, tədris, mətbuat qadağan olunduğu halda, dini təsirlərin qabardılması təşviq edilmişdi. Bu vəziyyət də İranda Azərbaycan dilinə dinin təsirini artırmışdı. Bu təsirin Azərbaycan türkcəsinin varlığını davam etdirməsi baxımından önəmi də xüsusi qeyd olunmalıdır. El mərasimlərində şifahi xalq ədəbiyyatı, aşıq ədəbiyyatından istifadə edildiyi kimi, dini mərasimlər də Azərbaycan türkcəsində icra edilir və eyni zamanda Kərbəla hadisəsi ilə bağlı mərsiyyələr yazılırdı. Qeyd etdiyimiz təsirlər nəticəsində XX əsrin birinci yarısında Azərbaycan türkcəsinin mövqeyi şifahi sahədə az dəyişikliyə məruz qalmışdı. Amma digər tərəfdən hakim xalqla olan ortaq tarixi-mədəni və dini dəyərlər, yəni hər iki millətin paylaşdığı şiə ənənələri onların assimilyasiyası üçün şərait yaradır və azərbaycanlıların milli inkişafına – Azərbaycan dilinin və milli şüurunun inkişafına mane olurdu. Belə ki, azərbaycanlıların bir qismi özlərini daha çox ümumiləşmiş "iranlı" kimliyinə aid edirdilər. Şiəlik təbii yolla İran xalqlarının, o cümlədən azərbaycanlıların birliyini təmin edirdi.
Dövlətin bu istiqamətdə rəsmi olaraq siyasəti izlənmirdi. Azərbaycan tükcəsinin assimilyasiyasının qarşısını alan əsas faktorlardan biri ana dilinin əyalətlərdə qorunub saxlanması idi. Bu, qeyd olunan ərazilərdə savadlılıq səviyyəsinin aşağı olması ilə bağlı idi. Şifahi xalq ədəbiyyatına daxil olan laylalar, oxşamalar, atalar sözləri, nağıllar, hekayələr, bayatılar, dastanlar, aşıq sənəti Azərbaycan dilinin varlığı və inkişafında böyük rol oynamış və oynamaqdadır. Azərbaycanda dövlətin millətçilik siyasətinə və şovinist məmurların irticasına qarşı narazılıq getdikcə artırdı. Lakin bu etirazlar özünü, əsasən, qeyri-mütəşəkkil və fərdi-hissi səviyyədə göstərirdi. Bu da sosial strukturun əsas komponentlərinin etnik yekcinsliyi, ölkədə polis diktaturasının hökm sürməsi, ilk növbədə ziyalıların fəaliyyətinin qeyri-mütəşəkkilliyi və onların təşkilatçılıq fəaliyyəti üçün vacib şərt olan demokratik şəraitin olmaması ilə bağlı idi. Məlum olduğu kimi, 30-cu illərin sonunda artıq Rza şahın nüfuzu xeyli zəifləməyə başlamış, ölkədə siyasi fəallıq artmışdı. Bəzi müəlliflər (ölkədə olan ingilis diplomatlar) bunun səbəbini "Rza Pəhləvinin ifrat millətçiliyinə və xaricilərə qarşı düşmən münasibətinə" bağlayırlar. Beynəlxalq aləmdə baş verən proseslər də bu məsələyə təsir etmişdi. II dünya müharibəsi ərəfəsində İranın Almaniya ilə yaxınlaşması sonralar ölkənin faşistlərin antisovet meydanına çevrilməsinə səbəb oldu. Bunu bəhanə edən Sovet hökuməti 1921-ci il Sovet-İran müqaviləsini əsas gətirərək öz qoşunlarını İrana yeritdi. Sonra ingilis qoşunları İrana daxil oldu. Müttəfiq qoşunların İrana yeridilməsi hökumətin istefasına və Rza şahın vəliəhd Məhəmməd Rza Pəhləvinin xeyrinə taxt-tacdan əl çəkməsinə səbəb oldu.
Rza şah Pəhləvinin iqtidardan getməsi və mərkəzin nüfuzunun zəifləməsi ilə sol yönümlü qüvvələr fəallaşdı, demokratik dairələr leqal fəaliyyətə başladılar. Fars məmurlarının vilayəti tərk etməsi ilə Azərbaycan dilinin işlənməsinə mane olan bütün məhdudiyyətlər praktiki olaraq aradan qalxdı. Azərbaycan dilinin hələ də yazılı sahədən kənarda qalmasına baxmayaraq, ictimai həyatın demokratikləşməsi, Azərbaycan dili üzərindən qadağanın götürülməsi, milli hisslərin azad təzahürü, vətənpərvərlik və digər bu kimi amillər azərbaycanlıların milli hisslərinin kortəbii yüksəlişinin bəlli istiqamətə yönəldilməsini, siyasi-ideoloji cəhətdən təşkil olunmasını tələb edirdi. Bu istiqamətdə ən böyük xidməti 1941-ci ilin oktyabrında yaranan "Azərbaycan cəmiyyəti" və onun mətbu orqanı olan "Azərbaycan" qəzeti göstərdi. Əsası Əli Şəbüstəri və İsmayıl Şəms tərəfindən qoyulmuş bu cəmiyyət Azərbaycanın təməl probleminin milli məsələ olduğunu bildirir, bütün məzhəb və region fərqlərini kənara qoyub Azərbaycan kimliyi altında birləşmənin zəruriliyini irəli sürürdü. "Mütləq azadlığa", yəni dil, adət …… azadlığına tamamilə riayət olunmasını, ana dilində bütün səviyyələrdə tədris və kitab nəşr edilməsini və s. tələb edirdi". Cəmiyyət özünün əsas vəzifəsini Azərbaycan dilinin həqiqi, faktiki bərabərliyinə nail olmaq, ana dilinin işlənmə sahəsinin bərpa edilməsi və genişləndirilməsində görürdü. Qəzet yazırdı: "Biz əminik ki, hər bir millət öz milli dilini, adətənənələrini qorumalı, öz işlərini və tərəqqisi ilə bağlı məsələləri özü idarə etməlidir və başqa millətlərin onun dilinə, digər işlərinə qarışması qeyri-qanunidir və azadlıq qanununa ziddir. Və biz israr edirik: öz dili, milliyyəti və ənənələri olan Azərbaycanın öz ana dilini işlətməyə, bu dili məktəbdə tədris etməyə, kitab çap etməyə haqqı var". Cəmiyyət geniş demokratik dairələrin ana dilinin hüquqları uğrunda mübarizə əzmini əks etdirərək intellektual qüvvələri bu mübarizəyə səfərbər etməyə çalışırdı. Qəzetin 10-cu nömrədən etibarən üç səhifəsinin Azərbaycan türkcəsində nəşr olunması bu dildə oxuyub-yazmağa marağın artmasını göstərməklə ədəbi yaradıcılıq üçün yeni imkanlar açmışdı. Adı çəkilən cəmiyyət, o zamanın təbiri ilə desək, özünün aktural heyətini yaratmaq sahəsində də ciddi addımlar atdı. O dövrün mətbu orqanlarının səhifələrində "Azərbaycan aktural heyəti" tərəfindən Azərbaycan dilində pyeslərin müvəffəqiyyətlə tamaşaya qoyulması barədə yazılar dərc olunmağa başladı. İllərlə təqib olunan, fəaliyyətinə əngəllər törədilən teatrda ana dilində əsərlər səhnələşdirilirdi.
Beləliklə, "Azərbaycan cəmiyyəti" Azərbaycan millətinin mədəniyyət, dil sahəsində dirçəlişi və azərbaycanlılar arasında milli şüurun yayılması və dərinləşməsi yolunda təsirli tədbirlər həyata keçirirdi. 1941-ci ildə Tudə Partiyasının Azərbaycan şöbəsi quruldu. Şöbə partiyanın Tehrandakı orqanlarından fərqli olaraq etnik və dil məsələlərini önə çəkməyə çalışırdı. Milli məsələyə münasibətdə təşkilatın Təbriz şöbəsi ilə Tehrandakı rəhbərliyi arasında fikir birliyi yox idi. Təbrizlilər İranı çoxmillətli bir ölkə sayırdılar, tehranlılar isə İran millətini bölünməz bir bütöv hesab edirdilər. Təbriz tudəçilərinin fikirlərinə görə, Azərbaycan dili azərbaycanlıların fərqli bir millət olduğunu göstərir. Təbriz şöbəsi Azərbaycana özünüidarə və əyalət məclisi qurmaq hüququnun verilməsini tələb edirdi. Azərbaycan tudəçiləri Cənubi Azərbaycanda Azərbaycan türkcəsinin təhsildə, məhkəmə işlərində və dövlət idarələrində rəsmi dil olmasını istəyirdilər. Amma Tudənin Tehrandakı qurumları Azərbaycan türkcəsini bir ləhcə sayır və bu istəyin əleyhinə çıxırdılar. Ümumiyyətlə, ictimai-siyasi mühitə etiraz bütövlükdə XX əsrin 40-cı illərində yüksələn xalq hərəkatı iştirakçılarının vahid platformasına çevrilmişdi. S.C.Pişəvərinin həmin illərdə Azərbaycan xalqının milli varlığını, dilini, mədəniyyətini inkar edənlərə verdiyi cavab bütün milli ziyalıların düşüncəsini ifadə edirdi: "Dili vətənpərəstliyə müxalif görənlər vaqiən cahil adamlar gərək olsunlar. Çünki bu işin təzəliyi yoxdur. Hənuz indi də məscidlər və minbərlərdə vaizlərimiz xalqın anladığı Azərbaycan dilində vəz edib, dini vəzifələrinə əncam verməyə dəvət edilirlər. Biz ana dilinin müxaliflərindən soruşuruq: bu işdə nə pislik vardır? Niyə bir dildən minbərdə istifadə etmək olur, amma mədrəsələrdə olmur?"


Yeganə Hacıyeva