Assimilyasiya, ayrı-seçkilik siyasətinin milli və etnik kimliyə təsiri Güney Azərbaycan

Assimilyasiya, ayrı-seçkilik siyasətinin milli və etnik kimliyə təsiri

1978-79-cu illər inqilabından sonra Güney Azərbaycan milli hərəkatında ana dili uğrunda mübarizənin yeri

1-ci yazı

Azərbaycan türklərinin milli kimliyi yüzillərdən gələn etnik mənsubiyyətin üzərində inkişaf edib və dövrə uyğun olaraq yenidən şəkillənib. Burada söhbət, şəkillənməkdən, yəni formadan gedir. Lakin sonradan yüzillərdən gələn mahiyyəti, məzmunu dəyişmək siyasəti problemlərin ortaya çıxmasına gətirib çıxarıb. Problemə konkret olaraq bugünkü İran çərçivəsində yanaşdıqda (Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan türkləri tamam başqa ictimai-siyasi şərtlərin altında inkişaf etdi) isə onu söyləmək olar ki, cənubi azərbaycanlıların kütləvi şəkildə assimilyasiya olunmasına cəhd, əgər belə demək mümkünsə, əsasən son 100 ilin hadisəsidir. Başqa sözlə, Cənubi Azərbaycan türklərinin milli mənsubiyyətinin tanınması və tanıtdırılmasında başlıca amil olan Azərbaycan türkcəsinin daha geniş miqyasda assimilyasiya olunması XX əsrin əvvəllərindən hesablanmalıdır. Amma burada belə bir məqamı bir daha xüsusi vurğulamaq lazımdır ki, bu təsnifat şərti xarakter daşıyır. Söhbət Azərbaycan türkcəsinin funksional sahəsinin məhdudlaşdırılması aktlarından gedirsə, bu tarix daha böyükdür. Araşdırılan mövzu inqilabdan sonrakı dövrü əhatə etdiyinə görə problemin yalnız tarixi köklərinə çox qısa şəkildə nəzər salmaqla kifayətlənirik.
Cənubi azərbaycanlıların özünüdərk, millətləşmə prosesində problem yaradan və ona təsir edən ən mühüm amillər məzhəb (şiəlik) və fars dilinin geniş yayılması olub. Səfəvilər dövründən başlayaraq dövlətin farslaşması və etnik-mədəni prosesin istiqamətinin dəyişməsində şiəliyin böyük rolu oldu. Şiəliyin dövlət məzhəbinə çevrilməsi millətləşmə prosesini, milli kimliyin müəyyənləşməsini şiəliyə bağladı. M.Ə.Rəsulzadə İran türklərinin farslaşmasında şiəliyin rolu haqqında yazırdı: "Şiəlik İran türklərini o qədər farslaşdırıb ki, indi onlar özlərini türkləşmiş fars, yəni əslən iranlı tələqqi edərlər!"
Hələ keçən əsrin əvvəllərində modernləşmənin aparılmasına edilən cəhdlərin səbəblərindən biri də iranlılar arasında iranlı kimliyi ilə yanaşı öz etnik kimliyini də təqdim edən azərbaycanlıların olması faktıdır. "İranşəhr" dərgisində gedən maraqlı bir yazı bu fikrin nə qədər doğru olması haqqında təsəvvür yaradır. İranın ən böyük probleminin millətçilik və bölgəçilik olduğu vurğulanır: "Bu problem o qədər ciddidir ki, ölkə xaricində hər bir iranlıdan haralı olduğunu soruşanda doğulduğu yeri söyləyir. Biz məhəlli qrupları, məhəlli dilləri, məhəlli qiyafələri və həyat tərzini məhv etməliyik".
İranlı kimliyi yalnız ortaq tarix, ortaq coğrafiya və ortaq dinlə deyil, eyni zamanda, yaxın keçmişin ortaq təcrübələri ilə də formalaşıb. İranda yaşayan xalqları sadəcə ortaq din və məzhəb, eyni zamanda keçən əsrdə qarşılaşdıqları Qərb imperializminin təhdidi, istibdad rejimlərə qarşı mübarizə, Məşrutə inqilabı, Müsəddiqin rəhbərliyi ilə başlanmış milliyyətçi hərəkat, 1953-cü ildə baş vermiş dövlət çevrilişi, İslam inqilabı, teokratik rejimin təzyiqləri əleyhinə etirazlar, İraqa qarşı müharibədə yaşanan hadisələr zamanı milli kimlik duyğusuyla bir-birinə bağlanıblar. Tarix fərqli etnik mənşədən olanları, kəndliləri və çoxu farsca bilməyən kimsələri tam mənada iranlı vətəndaşlara çevirdi. Cənubi azərbaycanlıların daha inkişaf etmiş təbəqəsi olan ziyalıların mövqeyi bu fikri təsdiq edir. Onların düşüncəsinə görə, "Azərbaycan xalqı öz ana dilinə (Azərbaycan türkcəsinə) olan sevgisi, öz ana dilində təhsil almaq istəyi ilə yanaşı fars dili və ədəbiyyatını da qəlbən sevir, milli birliyi fars dilində deyil, vətənpərvərlikdə, əziz İrana məhəbbət, İslam dininə və şiəliyə bağlılıqda görür". İranlı kimlik bütün İran əhalisinin siyasi mənsubiyyətinin göstəricisi, türk isə türkdilli əhalinin ümumi etnonimini ifadə edirdi.
XX əsrin 20-ci illərindən hakimiyyətdə türklərin farslarla əvəz olunması, yeni rejimin etnik birliyin yaradılması istiqamətində yürütdüyü siyasət etnik şüurun formalaşmasını təmin etdi. İranda yaşayan azərbaycanlıların etnik kimliyinin müxtəlif vasitələrlə əridilməsi və aradan aparmaq siyasəti əks effekt verdi. Bu dövrdən sonra öz milli kimliyi və kimliyin ən mühüm tərəfi olan ana dili məsələsi daha çox milli məsələ kimi qoyulmağa başlandı. İranda milli məsələnin körüklənməsinə hökumətin daxili siyasətinin təsiri bucağından yanaşılsa, süni şəkildə yaradılmış sosial, siyasi və iqtisadi problemlərin fonunda etnik şüurun inkişafı və Azərbaycan türklərinin özünüdərk, özünütəsdiq prosesinin hansı tempdə inkişafının şahidi olarıq.
Pəhləvilərin hakimiyyəti dövründə fars dilinin yuxarıda qeyd etdiyimiz kimi, həddən artıq yüksəldilməsi bu dilə qarşı nifrətin artmasına səbəb oldu. İslam Pəhləvilər dövründə bütün xalqları təbii yolla birləşdirən bağ olsa da, inqilabdan xeyli sonra bu bağların zəifliyi daha çox nəzərə çarpır. Bunu sübut edən fakt kimi inqilabdan dərhal sonra hələ İran-İraq müharibəsi zamanı şiəlikdən bir vasitə kimi istifadə olunmasını göstərmək mümkündür.
Marat Grebennikovun fikrincə, hazırki rejimin İran milli kimliyi, şiəlik ideologiyasından, tarixi düşmənələrə (ərəblərə) qarşı mübarizənin vacibliyi təbliğatından ustalıqla manipulyasiya edə bilib. Müharibə illərində ortaya çıxan vahid kimlik məsələsi Azərbaycan xalqının linqvistik hüquqlarını rahatlıqla yoluna qoymağa imkan verib. Göründüyü kimi, müəllif haqlı olaraq İran teokratik rejiminin İran milli kimliyi və şiəlik ideologiyasından
Azərbaycan türkcəsinin assimilyasiyasında istifadə etdiyinə diqqəti çəkir. Eyni zamanda, İranda yaşayan xalqların milli məsələyə münasibətlərində də onların şiə təriqətinə mənsub olmalarının müəyyən qədər təsiri haqqında rus müəllifi Olqa Jiqalinanın da fikirləri maraqlıdır: "Milli azlıqların şiə və yaxud sünni icmasına mənsubiyyətləri onların muxtariyyət, öz milli hüquqlarının yerinə yetirilməsi uğrunda mübarizəsinin xüsusiyyətini şərtləndirmiş oldu. Onlar tamamən müsəlman nasionalizmi təsirinə düşür və buna görə də milli azlıqlar muxtariyyətçi hərəkatlarından kənarda qalırdılar. Lakin müəllifin bu fikirlərini İranda yaşayan xalqların hamısına aid etmək doğru olmazdı. Qeyd edilən təsir İİR coğrafiyasındakı milli və etnik azlıqların müəyyən hissəsini əhatə edə bilmişdi, çünki İran tarixində cənubi azərbaycanlıların vaxtaşırı ciddi milli hüquqlar uğrunda mübarizə apardıqlarının şahidi oluruq. Azadlıq hərəkatlarının uğursuzluqla nəticələnməsində yuxarıda adları sadalanan müəlliflərin qeyd etdiyi səbəblərlə yanaşı, digər daxili amillər, bundan əlavə, böyük dövlətlərin çoxşaxəli maraqları, ikili siyasəti və s. bu kimi məsələlər rol oynamışdı.
İran İslam inqilabından sonra, 1979-cu ildən şiə məzhəbinin iranlılığın bir hissəsi kimi təbliğ edilməsi xüsusi bir plan kimi dövlət rəsmiləri və ali nümayəndələri tərəfindən geniş tətbiq olunmağa başlanmışdı. Etnik millətçiliyin güclənməsini əngəlləyən "islami milliyyətçilik" islam-şiə hökumətinin yarandığı dövrdən bu günə qədər də yürütdüyü ən mühüm dövlətçilik siyasətidir. Milli ayrı-seçkilik siyasətinin davam etdirilməsi belə qənaətə gəlməyə əsas verir ki, islam inqilabının əzilən xalqların hüquqları ilə bağlı verdiyi vədlər inqilabın qələbəsindən ötrü həmin xalqlardan istifadə üçün edilmiş siyasi gediş idi. Əsasını farsçılıq ideologiyası təşkil edən vahid millət və vahid dövlət siyasəti iflasa uğradıqdan sonra bu siyasətin islam ideologiyası adı altında aparılması qərarı əslində farsçılıq ənənələri əsasında bir sistemin qorunub saxlanmasının mümkünsüzlüyü deməkdir.
Çünki farsçılıq yalnız 20-ci əsrin əvvəllərində birliyi təmin edən amil kimi qəbul edilirdisə, islam uzun əsrlərdən bəri İranda yaşayan xalqların birliyini möhkəmləndirən bir amil kimi mühüm rol oynamışdı. İslamın bu şəkildə təbliği bu dinin gözdən salınmasına və sonda demək olar, nüfuzdan düşməsinə səbəb oldu. Artıq milli birliyi möhkəmləndirən bağlar - fars dili və islam ideologiyası öz təsirini itirib. Dünyada və regionda baş verən hadisələrdə, qloballaşma prosesinin təsiri altında tədricən sərtləşən totalitar bir dövlətdə artıq siyasi cəhətdən daha çox maariflənmiş və milli şüuru dərinləşmiş azərbaycanlılar öz Azərbaycan-türk kimliyinin siyasiləşməsinə nail olmaqdadır.
İranda və Cənubi Azərbaycanda olan çoxsaylı müşahidələrin (sosial şəbəkələrdə, İrandan gələn milli azlıqların nümayəndələri ilə olan söhbətlərə, İranda olarkən müşahidə etdiyimiz əhval-ruhiyyə, gənc nəsil arasında populyar olan mövzulara və kütləvi informasiya vasitələrində dərc edilən materiallara əsasən) nəticəsi olaraq demək mümkündür ki, xalq arasında iranlı kimliyindən sonra etnik kimlik daha öndə tutulur. Hətta İrandakı Azərbaycan türklərinin özlərini iranlı saymasına baxmayaraq, digər xalqlardan, o cümlədən də Şimali Azərbaycandakı türklərdən daha güclü millətçilik (etnikçilik) hissləri ilə seçilirlər. Əgər keçən əsrin ortaları və sonunda iranlı kimliyindən sonra müsəlman kimliyi də əhəmiyyətli yer tuturdusa, XXI əsrdə dini kimlik demək olar ki, arxaya keçmiş, milli və etnik kimlik daha öndə dayanır. Azərbaycanlı siyasi kimliyinin formalaşması baş verir. Azərbaycan türklərinin tələbələr və ziyalılar təbəqəsi azərbaycanlı-türk kimliyini ön planda tutmaqla yanaşı, iranlı mənsubiyyətini də milli kimlik kimi qəbul edirdi. Onlar iranlı və azərbaycanlı kimliyinin bir-birinə zidd olmadığını düşünürlər. Etnik kimliyin dini kimliyi sıxışdırmasının əsas səbəblərindən biri yuxarıda qeyd etdiyimiz kimi islamın ifrat dərəcədə təbliği və islam ideologiyasının özünü doğrulda bilməməsidir. Bu məsələylə bağlı "The Economist" dərgisində gedən material diqqəti cəlb edir: "İran bir islam dövləti olmasına, dinin və dini simvolların təsirində qalmasına baxmayaraq, getdikcə ruhanilər sinfinə qarşı olan bir ölkədir. İran bu anlamda dinin xalqa qəbul etdirildiyi və ruhanilər sinfinə qarşı şübhələrin bəsləndiyi katolik ölkələrə bənzəyir. İranlılar başlarındakı mollalarla zarafat etməyə, onlarla bağlı məzəli əhvalatlar düzəltməyə meyl göstərirlər; onların artıq "yataq otaqlarından çıxmaq istədikləri" danılmazdır. İranlılar ən çox da siyasi molla qrupundan xoşlanmırlar".

Yeganə Hacıyeva