“Uduzmadan qalx ayağa, dalğalanıb tüğyan elə!” Güney Azərbaycan

“Uduzmadan qalx ayağa, dalğalanıb tüğyan elə!”

Urmu gölü yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir

III yazı

Urmunun düşdüyü durumu ürəyə gedən damarların kəsilməsi kimi mənalandıran şair nə qədər kədərli, hüznlü, eyni zamanda mübarizdir. "Uduzmadan qalx ayağa, dalğalanıb tüğyan elə, Vur, sındır onun duvarların, ey qocaman Urmu gölü!" - çağırışlarıyla yaralanmış təbiət gözəlini də bədxahları qarşısında yenilməməyə, ayağa qalxaraq mübarizə aparmağa, təslim olmamağa səsləyir. Bu gün Urmu həqiqətən böyük bir fəlakətlə - ekoloji fəsadlar nəticəsində məhv olmaq, yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir.
Faktlar deyir: "Urmiya gölünün quruması 3 milyon nəfərin işsiz qalmasına və köçməsinə səbəb olub". Göldəki ekoloji fəlakətdən dolayı hövzənin ətrafında yerləşən və əsasən kənd təsərrüfatı sənayesinə bağlı zavodların 34%-i bağlanıb. Bu zavodların bağlanmasının səbəbi isə Urmiya gölünün ətrafında qazılmış quyuların sularının qurumasıdır. Bu da bölgədə əkinçiliyin məhv olmasına gətirib çıxardığından zavodlar işi dayandırmaq məcburiyyətində qalıb. Zavodların bağlanması isə yalnız İranın Qərbi Azərbaycan vilayətində baş verib. Urmiya gölünün quruması nəticəsində bölgədə sosial-iqtisadi, sənaye və mədəni problemlər yaranacaq. İran hökuməti Urmiya gölündəki ekoloji fəlakəti aradan qaldırmaq üçün lazımi addımı atmayıb. Hökumət bu gölün qurumasının minlərlə iqtisadi və iş imkanlarını aradan qaldıracağını anlamalıdır. Ölkə parlamenti Urmiya gölünün xilası üçün qanunlar qəbul edib. Ancaq hökumətin bu qanunların icraya yönəldilməsinə və gölün qurumasının qarşısını almağa marağı və hədəfi yoxdur. Urmiya gölü son 50 il ərzində indiki duruma düşüb.
Əgər problemin qarşısını almaq üçün əvvəldən lazımi tədbirlər görülsəydi, bu gün belə bir faciənin şahidi olmazdıq. İndi lazımi addımlar atmaqla gələcəkdə baş verə biləcək bir çox problemləri həll etmək olar. APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, bu fikirləri Urmiya şəhərini İran parlamentində təmsil edən Azərbaycan türkü, millət vəkili Nadir Qazipur səsləndirib.
"Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Ekoloqların sözlərinə görə, bunlar gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb." Bu fikirlər isə İran parlamentinin deputatı, Azərbaycan türkü Qulamrza Nuriyə məxsusdur.
Səhralaşma Komponentləri üzrə Tədqiqat Qrupunun rəhbəri Məhəmməd Dərvişin söylədikləri: "Urmiya gölünün orta dərinliyi 14 metrdən(?) 2 metrə düşüb, 2/3 hissəsi duzlağa çevrilib. Göl dolu olduğu zaman sahəsi 540 min hektar idi. Ancaq lazımi su ilə təmin olunmadığından sahəsi 360-390 min hektaradək azalıb. Bu səbəbdən Urmiya gölünün hazırda 2/3 hissəsinin quruduğunu deyə bilərik. Küləklərin şərqdən qərbə doğru əsməsi nəzərə alınsa, Binab, Marağa, Əcəbşir şəhərləri duz yellərinin təsiri ilə üzləşə bilər və bu duz yelləri əkin sahələrini məhv edəcək. Eyni zamanda yerli camaatın sağlamlığı ciddi təhlükə qarşısında qala bilər".
Maraqlı və acınacaqlı hal budur ki, İranın Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya gölünün ətrafındakı quyuların suyunun şor olduğunu açıqlayıb, ancaq çıxış yollarından danışmayıb: "Bu vəziyyət ağırlaşacağı təqdirdə Urmiya gölünün ətrafında olan Şərqi Azərbaycan vilayətinin 7 şəhərinin 204 min hektarlıq əkin sahəsi duzlağa çevrilə bilər. Daha bir məlumata görə, Urmu ətrafındakı ərazilərə kütləvi şəkildə kürdlər yerləşdirilir, etnik balans kürdlərin hesabına artırılır. Hər bir həyətyanı torpaq sahəsində olmaqla, təxminən 30 min su quyusu qazılıb və bu quyular suvarma məqsədilə istismar olunur.
Yaranmış mənzərənin şərhə ehtiyacı varmı?! "Mütəxəssislərin fikrincə, Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, "kənd təsərrüfatında inqilab" adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb. Su anbarlarının tikintisinin başladığı vaxtdan etibarən yerli azərbaycanlılar bununla bağlı İran rəsmi orqanlarına müraciətlər etsələr də, heç bir nəticə əldə edilməyib. İranda 2009-cu ildə keçirilmiş prezident seçkiləri ərəfəsindəki kampaniya zamanı namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi də Urmiya gölü problemindən danışıblar.
Sitatlardan da göründüyü kimi, Urmu-Urmiya gölü 1999-cu ildən bəri öz faciəvi taleyini yaşamaqdadır: Türkün sevgi ocağı bu gün sönmək üzrədir: Nədən bu sevgi ocağı söndürülür?! Haqqında yazılanları izlədikcə prosesin köklərinin çox dərinlərə gedib çıxdığını görürük. Beləliklə də mətləbləri açıqlamaq zərurəti yaranır. Oxucu anlayır ki, Urmiyanın qurudulması prosesi planlı şəkildə həyata keçirilir. Bu plan əsasında insanları didərgin salır və başqa millətlərlə qarışıq olan ərazilərdə yaşamağa vadar edirdilər. Onların planına əsasən, Urmi gölünə gələn 18 çayın qarşısını kəsərək 35 bənd vurmaqla, gölü saxlayan 80 faiz suyu qurutmuş olurdular. Yarım mln. kub m-lik su həcmi həmin çaylardan qaynaqlanır. Bu gölün illik su ehtiyacı 7 mln.kub m-dir. Bir milyon yarımı da yağışla, yeraltı qaynaqlardandır. 5 mln. yarım kub m. yağış suyundan gölə daxil olmağa imkan vermirlər. Əkinçiliyə yardım göstərmək adı ilə suyu qurudurlar. Biz əvvəlcə düşündük ki, bəlkə məramları həqiqətən də yaxşıdır. Amma sonra gördük ki, yox, bunlar köhnə niyyət və xislətlərini bu yolla həyata keçirməyə çalışırlar. Bizim hərəkat insanları oyatdı və həqiqəti onlara çatdırdı. Üç il bundan qabaq - 2008-ci ildə Mahmud Əhmədinejat Urmiyaya gələndə dedi ki, 2,5 milyard dollar Urmi gölündən əkinçilik məqsədləri üçün istifadə edilməsinə pul ayırırıq. 2008-2011-ci ilə qədər bunlar bir sent də xərcləmədilər. Təbii ki, bunlar bənd vurub gölə gələn suyun qarşısını alırlarsa, hansı əkinçilikdən söhbət gedə bilər? Sonra da öz içlərində olanlar ortaya bir layihə çıxardılar ki, bu göl qurudulur, iki-üç ildən sonra artıq baş verəcək milli faciənin qarşısını almaq mümkün olmayacaq. Bu parlamentdə dedilər ki, layihəyə baxmağa vaxtımız yoxdur.
Görünür, bu vaxt gəlməyəcək, bu məqam heç olmayacaq. Çünki ilk türk tayfalarının-kuti, lullubi, turukkuların yaşadığı, ilk Azərbaycan türk dövlətinin-Mannanın meydana gəldiyi müqəddəs bir məkandı Urmiya. Türkün beşiyi, sevgi ocağı, odlar, alovlar diyarıdı Urmu-Urmuya.
Güney Azərbaycanın və İranın ən böyük gölü olan Urmiya gölünün qərb sahilində yerləşən və gölün adı ilə adlandırılan ən qədim və böyük şəhərlərdən biri, möhtəşəm mədəniyyət və din mərkəzi olan, adını tarixin daş səhifələrinə yazandı Urmiya. 2006-cı ilin rəsmi siyahıyaalınmasına görə, təkcə mərkəzi şəhərində - Urmuda 583.255 nəfər, bütövlükdə əyalətdə isə 13 milyona yaxın Azərbaycan türkünün yaşadığı köklü bir bölgə.. Geniş maddi və mədəni imkanlarına, əlverişli coğrafi mövqeyinə və möcüzəli iqlim şəraitinə görə vaxtilə bütün Şərqdə böyük şöhrət qazanmış, Qafqazı bəzi dövlətlərlə, Kiçik Asiyanı isə Pakistan və Hindistanın bir sıra şəhərləri ilə birləşdirən ticarət yollarının tam üstündə yerləşən qədimdən-qədim Urmu-Urmiya şəhəri...
Başlanğıcını Zaqroş dağlarının ən yüksək zirvələrindən götürən şəhər çayı Urmuya heyrətamiz gözəllik və təravət gətirir, ətrafında bağçılıq, bostançılıq və digər kənd təsərrüfatı bitkilərinin inkişafına geniş imkanlar yaradır. Türkiyə və İraq sərhədləri boyunca uzanan və onu bu qədim türk torpaqlarından ayıran əzəmətli Moğancıq-Mosalan və ən uca zirvəsi dəniz səviyyəsindən 3676 m. yüksəklikdə yerləşən Hərəvil olan Qotur dağ silsilələri hüsnünə min bir yaraşıq verir, qışda soyuq, yayda mülayim və sərin havası ilə ruh oxşayır.
Maddi-mənəvi nemətlərlə zəngin olan bu qədim məkan ta əski çağlardan bir çox yerli və xarici ölkə tarixçilərinin, o cümlədən Məhəmmədhəsən xan, Ə.Dehxuda, Ə.Rəzməra, Zəkəriyyə Məhəmməd əl-Qəzvini kimi İranın görkəmli tarixçi alimlərinin də diqqətini cəlb edib və onlar öz əsərlərində Urmiyanın özəllikləri haqqında dəyərli məlumatlar veriblər. İstər Parfların, istərsə də Sasanilərin dövründə əsas atəşpərəstlik mərkəzlərindən biri və atəşpərəstlik dini təliminin yaradıcısı Zərdüşt peyğəmbərin Vətəni olan bu ulu şəhər ətraf bölgələrin əhalisinin belə ziyarətgahına çevrilib. Lakin bu qədim şəhərin tarixi yerləri və zəngin maddi mədəniyyət abidələrinin çoxu müxtəlif tayfa və qəbilələrin hücumu zamanı həm də aramsız təbiət hadisələri nəticəsində dağıdılıb, təkcə Çingiz xanın nəvəsi Hülakü xanın qəbrini bugünədək qoruya bilib Urmiya...

Esmira Fuad
yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru