“Azərbaycan” qəzetinin səhifələrində- 27-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində- 27-ci yazı

***
Məktəb gigiyenası

Təbabət elmində ümumi gigiyena bəhsi olduğu kimi xüsusi məktəb gigiyenası da vardır. Bu gigiyenanın məktəblilər üçün olduqca əhəmiyyəti artıqdır. Bu hadisənin başlıca bir səbəbi odur ki, minlərlə təhsilə davam etməkdə olan şagird ömürlərinin böyük hissəsini məktəb divarları arasında keçirmək məcburiyyətində olduqlarından və gigiyena qaydalarını bilmədiklərindən cürbəcür xəstəliklərə tutularaq öz vücudlarını ağır pozuntulara düçar edirlər. Bu səbəbə görə də şagirdlər arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün xüsusi məktəb gigiyenası yaradılmışdır.
Təbiidir ki, vücudu hələ tamamilə möhkəmləşməmiş olan bir uşağın xəstəliyə tutulması daha tez və daha asan bir yolla əmələ gəldikdə uzun-uzadı təhsil dövrünü başa yetirincəyə qədər həmin uşaq böyük eyiblərə tutulmada olur. Məktəb gigiyenası geniş bir bəhsdən ibarət olduğu üçün onun haqqında burada müfəssəl izahat verilmək mümkün deyildir. Bu cəhətdən qısa bir şəkildə məktəb binası barəsində söyləməliyəm ki, bina müvafiq və münasib bir məkanda təsis olunmalıdır. Daha doğrusu, o məkan su olan bir yerin yaxınlığında olmamalıdır (məsələn, çay, dəniz və göl kimi yerlərdə). Məktəb binası göstərilən yerlərdə olduqda, o bina daima rütubətli olur. Bina rütubətli olduqda, insan həmişə revmatizm (yel) adlı xəstəliyə tutularaq ürək pozuntuları, əzələ və sümük ağrısı kimi dərdlərə mübtəla olur.
Bu hadisə şagirdlər üçün böyük narahatlıq əmələ gətirməklə bərabər eyni zamanda onların müvəffəqiyyətli çalışmalarına mane olur. Məktəbin yerləşdiyi xiyaban geniş olmalıdır. Belə olmadıqda, binanın işığı az olur. İşıq azlığı isə adətən göz nurunun çox tez azalmasına səbəb olur. Məktəb binası alçaq olursa, sinfin tərtibatında intizamsızlıq baş verir. Çünki bu hadisə sinif pəncərələrinin tələb olunan həcmdə olmamasını vücuda gətirir. Məktəb pəncərələri kiçik olduqda, siniflərdə işıq azlığı da olur. Hava azlığı isə hər bir insanda tənəffüs dövranının pozğunluğunu törətməklə bərabər çox tez bir zamanda yorğunluq hadisəsini hasil edir.
Bu nöqteyi-nəzərdən məktəb binasının təsisi zamanı tavanlar, divarlar və pəncərələr xüsusi bir şəkildə düzəldilməlidir. Hər sinifdə 40 nəfərdən artıq şagird saxlanılmamalıdır. Sinfin döşəməsi olmalıdır. Böyük olan pəncərələrin arasında kiçik bir pəncərə də olmalıdır. Kiçik pəncərə (fortoçka) sinif daxilində hava dövranı əmələ gətirmək üçün əlverişli bir vasitədir. Sinif daxilində güləşmək və oynamaq kimi fiziki hərəkətlər yaramaz. Çünki bu kimi əməliyyat nəticəsində toz-torpaq qaldırılması ilə hava kəsifləşir.
Bu kimi hərəkətlər isə tənəffüs dövranı üçün zərərli olan bir hadisədir. Məktəb binasının pəncərələri qiblə tərəfə olmalıdır. Belə olmadıqda günəş işığından istifadə olunması qeyri mümkündür. Günəş işığının nə dərəcədə insanlar üçün artıq əhəmiyyəti olduğu hamıya məlumdur. Qış fəslində siniflərin kifayət dərəcədə yanacaqları olmadıqlarında, şagirdlər soyuqdəymə xəstəliyinə tutulurlar.
Sinifdəki oturacaqlar şagirdlərin boyuna görə hazırlanmalıdır. Şagirdlər oturacaqların üzərində oturduqda, öz vücudlarını ( gövdələrini ) düz bir halda saxlayaraq azca başı aşağı oturmalıdırlar. Çox başı aşağı oturduqda, onların baş hissəsi şiddətli qan cərəyanına məruz qalmaqla onlarda göz xəstəliyi əmələ gəlir. Siniflərdə təmizlik məsələsinə riayət olunmadıqda, şagirdlər arasında müxtəlif xəstəliklər baş verir. Təmizlik işlərinin ardıcıl bir surətdə aparılması vacibdir. Şübhəsiz ki, təmizlik işləri də mütləq səhiyyə üsulu ilə aparılmalıdır.
İçməli suların qaynanılmış olması ilə bərabər açıq qablarda saxlanması qadağandır. Çünki su qaynanmış olmadıqda, məktəblilər arasında yatalaq kimi xəstəliklər zühur edir. Məktəbin həyəti geniş, çiçəkli və ağaclı olmalıdır. Toz-topraq əmələ gəlməmək üçün məktəb həyətinin yeri asfalt ilə örtülməlidir. Zibil və sair yaramaz maddələrin saxlanması üçün həyətdə qapağlı bir qutu qoyulmalıdır. Şagirdlər üçün idman hərəkətinin böyük əhəmiyyəti var. İdman nəticəsində onların vücudları möhkəmlənir və bədənlərində qan cərəyanı nizamlanır.
Məktəb daxilində olan tualetlər mütləq təmiz bir halda saxlanılmalıdır. Əks təqdirdə hər kəs öz ayaqları vasitəsi ilə öz evlərinə zərərli şeyləri (dezavantajları – red.) daşımaqla ailəsi arasında müxtəlif xəstəliklərin əmələ gəlməsinə bais olar.
Məktəblərdə şagirdlərə olunan tənbehlərə gəldikdə, bunu qeyd etmək lazımdır ki, müəllimlər tərəfindən heç bir zaman köhnə üsul ilə icra olunan tənbehlərə yol verilməməlidir. Məsələn, xətkeş və şillə ilə şagirdləri vurmaq kimi tənbehlər olunmamalıdır. Çünki şillə vasitəsi ilə qulaq pərdəsini yırtmaq olar. Ümumiyyətlə, məktəblər tibbi nəzarət altında olmalıdırlar.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 131, 20.02.1946

***
Rəhim Müsəlləhi: "Səttarxan"

Dumanlı dağlardan bərqərar olan,
İgidlər vətəni gənc Azərbaycan,
Yaratdı özündə böyük qəhrəman,
Məşrutə sərdarı cavan Səttarxan.
İstibdad zülmətin altında qalan,
Məzlum insanlara bir rəhbər olan,
Qaranlıq gecələr bağrını yaran,
Düşmənə vermədin aman Səttarxan.
Tarixdə yazılır müqəddəs adın,
Parçalanır günü –gündən cəlladın,
Söylənir dillərdə mübariz adın,
Ziynətlənir Azəristan, Səttarxan.
Kəsilib qan izi axan sulardan,
Azad olub dağlar ağır dumandan,
Azadlıq günəşi Azərbaycandan,
Parıldayır, daha oyan, Səttarxan.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 131, 20.02.1946

***
Zehtabi: Tələbələrin nəzərinə

24 illik diktator hökumətinin işlərini dəqiq bir surətdə nəzərə alsaq və xüsusilə o hökumətin maarif barəsində nə kimi cinayətlərə səbəb olduğunu nəzərdə canlandırsaq, görəcəyik ki, o sistemin maarifinin bədbəxtlik və fəlakətdən başqa ayrı bir nəticəsi yox idi. O sistemdən xaric olan bütün məzunların əksəri heç bir elm və əmələ malik olmadıqları üçün təhsildən sonra iki əlləri qoltuqlarında qalıb cəmiyyətə əngəl olurdular...
Bu bədbəxtliklər və minlərlə bu kimi işlər idi ki, Azərbaycan millətini silah götürüb qiyam etməyə vadar etdi. Artıq bugünkü Milli Hökumətimiz bütün o fəlakətə sövq edən işlərə son qoyduğu kimi maarif barəsində də ciddi tədbirlər görüb və onları təcili bir surətdə həyata keçirir. Milli Hökumətimiz daha istəmir ki, illər boyu təhsildən sonra məzunların iki əli qoltuğunda qalıb cəmiyyətə parazit olsunlar və ondan ötrü də bütün keçmiş mədəni xarablığın əsasını təşkil edən “pul, qonaqlıq, plov və zor” ilə amansızcasına mübarizə edir.
Aydın məsələlərlə birlikdə Azərbaycanın fəal tələbələrinin içində bəzi yaramaz və demaqoq tələbələr var ki, öz xəyallarında Azərbaycan demokrat cavanlarını özlərinə dayaq bilib və məktəblərdə “cavanlar təşkilatı ilin axırında təsdiqimizi (diplomumuzu – red.) alıb verəcək”, deyə dərslərini hazırlamayıb imtahanlarda öz müəllimlərinə qabarırlar.
Azərbaycan Demokrat cavanları bu gündən etibarən bu cür yaramaz tələbələrə və başlarında bu kimi səfeh xəyallar bəsləyənlərə bildirir ki, Azərbaycan demokrat cavanları keçmiş irticaçı və bədbəxtlik törədən təhsillərdən nəticə alaraq var qüvvəsi ilə savadsızlıq və ləyaqətsiz diplom almaq ilə amansızcasına mübarizə edir və bütün məktəblərə nüfuz etdiyi üçün özünü bu sahədə milli maarifə böyük kömək və yardımcı hesab edib, demaqoq və tənbəllərə öz aralarına girməyə yol verməyəcəkdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 131, 20.02.1946

***
H.S.
"Bir saat ədliyyədə"
(Baş prokurorla görüş barədə)

Neçə gün bundan qabaq ədliyyədə işim olduğundan Baş prokuroru görməyə ehtiyacım oldu. İndiyə kimi Azərbaycanda bu kimi şəxslər ilə görüşmək çox çətin bir iş idi. Hər kəsin bir idarə rəisi ilə görüşmək ehtiyacı olsaydı, gərək ən azı bir ay idarənin koridorlarında o baş bu başa gedəydi və bu qulluqçuya, o qapıçıya ənam və sədəqə verəndən sonra yenə də cənab rəisin ziyarətinə nail ola bilməzdi və ya təsadüfən əgər cənab rəisin otağına daxil olsaydı, bir saatdan sonra həzrət rəis başını qalxızıb və bir kəlmə “bəli ya xeyr” ilə işinə son verib biçarəni əvvəldəkindən də pis bir şəkildə çətin vəziyyətə qoyardı.
İndiyə qədər bizim idarələrimizin rəislərinin xalq ilə rəftarı belə idi. Mən də keçən hadisələri nəzərimdə canlandırdığım üçün az qaldım bu işimdən əl çəkim, ancaq zərurət nəticəsində özümə cürət verib Baş prokurorun dəftərxanasına müraciətdən sonra icazə alıb otağına daxil oldum.
- Salam əleykum.
- Əleykum salam. Buyurun əyləşin, bir işiniz vardırmı? – deyə prokurorun danışığı və rəftarı məni böyük təəcübə düçar etdi. Görəsən, doğrudan mən prokuror iləmi söhbət edirəm ya prokuror məni yanlış görür? – deyə fikirləşirdim.
Bu fikir ilə mən həqiqi demokratik hökumətin mənasını düşünürdüm və Milli Hökumətə qəlbimdə böyük ehtiram hiss etdiyim halda keçən hökumətin aydıncasına Azərbaycan xalqının üzərində apardığı şəxsi qərəzləri anladım. Bu vəziyyət mənə aşkar bir surətdə göstərdi ki, Azərbaycan xalqı indiyə qədər həqiqi azadlıq kəliməsinin mənasına anlamayıb və Tehranın istismar siyasəti ona gözünü açmağa imkan verməmişdir.
Bəli, mən indi düşündüm ki, həqiqətən ədliyyə nə deməkdir və azadlıq olan bir ölkədə xalqın işinə necə yetişərlər.
Bu xatirədən ötrü gərək Milli Hökumətimizə minnətdar olaq ki, ləyaqətli şəxsləri xalqın ehtiyacını təmin etmək yolunda həssas işlərin başında qoymaqla Azərbaycan xalqının istedadını daha sübut edib və bu yol ilə onların asayişini təmin etmişdir.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 131, 20.02.1946

***
Yeni məktəblər

Maarif Nazirliyi tərəfindən 16.02.1946-cı il tarixində savadsızlığı ləğv etməkdən ötrü xanımlar üçün hər nahiyyədə bir məktəb açılmışdır. Dərslərin saatı 15-dən 17-yə qədərdir. Kişilərin də dərs kursları az olduğuna görə müxtəlif yerlərdə 8 kurs da yenidən açılmışdır. Maarif Nazirliyi tərəfindən Təbrizdə tez bir zamanda Milli muzey də açılacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 131, 20.02.1946

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.