Milli hökumətin daha bir yadigarı vəfat edib Güney Azərbaycan

Milli hökumətin daha bir yadigarı vəfat edib

1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin iştirakçılarından biri , dövrünün Şairlər Məclisinin görkəmli üzvü Haşim Tərlan noyabrın 16-da 91 yaşında Tehranda vəfat edib. Şair noyabrın 17-də Tehranın "Behşt-i-Zəhra" qəbiristanlığında dəfn edilib.
Lent.az-ın məlumatına görə, o, həyatını Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına həsr edən ziyalılarımızdan olub.
1923-cü ildə Bakı yaxınlığında yerləşən bir kənddən Güney Azərbaycana, Arazın o tayına köçmüş bir ailədə dünyaya gələn Mirəli Mirəlizadə (Haşim Tərlan) 1945-46 illərdə Seyid Cəfər Pişəvərinin öndərliyində qurulmuş Azərbaycan Milli Hökumətində iştirak edib.
Həmin illərdə "Vətən Yolu" və başqa qəzetlərdə yazan ədəbiyyat xadimi milli hökumət devrildikdən sonra da ədəbi yaradıcılıq və demokratik mübarizəsinə davam edib.
Onun bir çox əsərləri, o cümlədən "Alavlı şeirlər", "Durnalar gələndə", "Araz gülür", "Yolçu yolda gərək", "Gümüşü pencək" və "Zirvədə Günəş" kimi kitabları Bakıda və Tehranda işıq üzü görüb.
Gənclər ona Haşim əmi deyərdi. Haşim əmidən "Acılı-şirinli xatirələr" adlı əsər də qalıb. Bu kitabda Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparanların və özünün ictimai-siyasi fəaliyyəti ilə tanış olmaq mümkündür.

O, Azərbaycanda bu şeiri ilə də tanınır:

"...Ulduzları saya-saya,
insan gedib çıxır Aya.
Mənim bu taydan o taya
əlim çatmır sənə, qardaş..."

Haşim əmi gənc yaşlarında Azərbaycan uğrunda mübarizəyə qoşulub. Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istədiyi üçün həm Məhəmmədrza şah Pəhləvi dövründə, həm də İslam Respublikası zamanında dəfələrlə həbsə məhkum olub.