“Azərbaycan”  qəzetinin səhifələrində  - 91-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 91-ci yazı

Borçalı: “Mənim ölkəmə”

Yenə yarımın fərağı törədib xəyal məndə
Bu xəyaldan doğulmuş böyük ixtilal məndə
Görürəm bahar olubdur, oxuyur gül üstə bülbül
Gülümü uzaq görərkən tapılır məlal məndə.
Saralar bu rəngü ruyum sarı teldən ayrılarsam
Bu qəmi-fəraq qoymaz qala zərrə xəyal məndə
Ayın əvvəli olanda hamı göylərə baxarkən
Sarı qaşlara baxardım əvəzi-hilal mən də.
Gedə gər yarım uzağa, düşəcək könül sorağa
Belə dözməyim fərağa görünür mahal məndə
Bu keçən gecə deyirdim yuxuda o məh ləqaya
Eləyim fəraqətdə nəyə iştiğal mən də.
Tutub üz mənə nigarım dedi, olma dilşikəstə
Verirəm nəsihət üzrə sənə bir sual mən də
Mənə həsr edən bu eşqi vətənin yolunda sərf et
Vətən eşqidir, yaratmış belə bir cəlal məndə.
Dedim, arxayın get, əsla vətəni unutmaram mən
O qərində canı vermək olub ideal məndə
İl Azərə bu Azər vətəni əzizdi candan
Bu həqiqəti düşünməkliyə var kəmal məndə.
Məni yurdum istəyəndə ki, edəm defa ondan
Edərəm bu vacib əmrə o dəm imtisal mən də
Döşümü qabağa verrəm, əgər od yağa həvadən
Döyüşüb şücaət ilə alaram medal mən də.
Mənim ölkəmə təcavüz eliyən gərəkdir bilsin
Böyük Azər oğluyam, var belə bir xəsal məndə
Sarılıb silahi-cəngə, alaram ələ tüfəngi
Edərəm Vətən yolunda qanımı həlal mən də.
Bir el oğlu Borçalıyam, vətənimdən özgə yoxdur
Nə xayəli-cəmi-sərvət və nə fikri-mal məndə.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.194

***
Aşıq Hüseyn Cavan: “Gözəl qayda deyilmi?”

Sevgi sevgisiylə şirin danışsa
Gözəl adət, gözəl qayda deyilmi?
Aşiq görsə məşuqənin camalın
Aşiq üçün cana fayda deyilmi?
***
Qaydadır gözəllər nəzmə çəkilər
Cığa tellər ağ buxağa tökülər
Ala gözlər süzgün baxar, sökülər
Ovçu kimi oxu yayda deyilmi?
***
Qönçə yanaqlılar, şux sürahilər
Çəmənli çöllərdə gözəl ahilər
Su içində üzən azad mahilər
Məhəbbəti coşğun çayda deyilmi?
***
Mənim bu sevgilim çox mehribandır
Xəstələrə həkim, dərdə dərmandır
Gözlərimə işıq, cismimə candır
Canım qurban ona payda deyilmi?
***
Gün kimi nur salıb elə sevgilim
Düşüb dastanlara, dilə sevgilim
Bənzəyir ətirli gülə sevgilim
Gül içində o da sayda deyilmi?
***
Bu pəri aşiqə cismi-can verib
Səadət qapışın o nişan verib
Gözəl dövran, gözəl bir zaman verib
Bu həqiqət haqqı sayda degilmi?
***
Kim götürsə sevgilimin sorağın
Mən öpərəm onun o gül dodağın
O yandırıb ölkəmizin çırağın
Verib bizə çox müsaidə deyilmi?
***
Adətdir aşiqin təbi coşmağı
Coşub dərya kimi aşıb daşmağı
Ətirli güllərin qönçə açmağı
Xoş baharda, gözəl yayda degilmi?
***
Könlümün sultanı azad gəzməsi
Azad qanaq çalıb göydə süzməsi
Cavan Hüseynin təbi coşub yazması
Azad ildə, azad ayda degilmi?

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***
Əli Tudə: "Yurdumu"

Bu gün alqışlayır hər tərəf, hər yan
Doğma vətəni, ana yurdumu.
Qoruyur hər aslan ürəkli oğlan!
Hər ceyran baxışlı sona yurdumu!
***
Yenə əfsanədən başlama, əğyar!
Mənə gərək deyil nə gözəl, nə yar,
Çünki təmiz qanım, pak vicdanım var.
Satmaram işvəli cana yurdumu!
***
Keçmişdə çox şeylər vəd etdin mənə
Dedin, nə istəsən verərəm sənə
Zülmündən bu diyar döndü mədfənə
Ey cəllad, boyadın qana yurdumu!
***
Hər sözüm gurlayan bombadır, yağı!
Sovurar başına daşı, toprağı,
Budur azadlığın şanlı bayrağı
Bürüyüb al-əlvan dona yurdumu!
***
Bilmərəm nə hədə, nə təhlükə mən
Qoymaram üstümə qara kölgə mən
Əgər doğramsam da tikə-tikə mən
Qoymaram əyilə, sına yurdumu.
***
Qarşıya yüzlərlə çıxsa da düşmən,
Gözümə gülləni çaxsa da düşmən,
Əgərçi yandırıb yaxsa da düşmən,
Əlimdən vermərəm ona yurdumu!
***
Qoy səsim yayılsın Hində, Həbəşə
And olsun bu yerə, aya, günəşə
Məni atsalar da oda, atəşə,
Ölərəm, qoymaram yana yurdumu!
***
Mən ölüb getsəm də yurdum yaşasın
Qoy onun qəlbində adım yaşasın
Qəhrəman millətim, ordum yaşasın
Yetirsin şövkətə, şana yurdumu.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***

Mədinə Gülgün: "Sənə gülmək yaraşır"

Gül, sevgilim, əzəl gündən sənə gülmək yaraşır
Sən güldükcə coşğun qəlbim dərya kimi hey daşır
Şairlərin adətidir, canan desin vətənə
Mənim eşqim, həvəsim də vətənimdir hər zaman
Onun ana məhəbbətin çıxartmaram yadımdan!
O, bəsləyib qucağında qəhrəman övladını
Oğlu, qızı yüksəldibdir onun böyük adını
O veribdir bu qüvvəti öz oğlunun qoluna
Cəbhələrə göndərəndə su səpibdir yoluna
O böyüdüb Natəvanı, Nüşabəni, Həcəri
Döyüşlərdə kişilərdən qalmamışlar heç geri
Bu ölkədir Cavanşirlər, həm Elxanlar yetirən!
İgid Nəbi, Koroğlular, Səttarxanlar yetirən!
Qəhrəmanlıq babalardan qalmış bizə yadigar
Hər bir zaman razı olmuş öz elindən bu diyar
Bax! Yenə də silahlanıb yurdumuzda hər nəfər
Ordumuzu salamlayır qızıl günəş hər səhər
Əziz vətən, kişi, qadın olub yolunda hazır
Mən demirəm, könül deyir bu sözü, qələm yazır
Bütün xalqım varlığıyala bağlayıbdır bel sənə!
Bir ağızdan söyləyirlər qurban olluq vətənə
Sən də artıq, əziz vətən, arxayın ol hər zaman
Qanımıza boyansaq da, yada vermərik aman
Sən gülərsən, həyat gülər, el də gülər həvəslə
Əziz vətən! Bizdən qalar azadlıq gələn nəslə
Bütün ellər, obalar da deyirlər ki, gül vətən
Biz səninlə yaşayırıq, bunu yəqin bil, vətən.
Sən olmasan bizə dünya dönəcəkdir zindana
Çün beşikdə öyrədibdir bunu bizə mərd ana
Gecə-gündüz laylasında deyib öz övladına
Əziz balam, böyüyəndə çat vətənin dadına
Şərəfimiz, ismətimiz bu vətəndir, bu vətən
Biz vətənçün, azadlıqçun çəkinmərik ölümdən
İndi elim bayrağında zərlə yazıb bu sözü.
Azərilər qüdrətiylə güləcək xalqın üzü
O vaxt mənim sevgilim də sevinəcək, güləcək
Uçan quşlar qatar-qatar salamına gələcək.
Gülgün də öz qələmiylə yazacaq salamını
Gəl sevgilim, səndən alıb şair öz ilhamını.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***

Qadınlarımızın hərbi təlimləri

1946-сı ilin aprel ayının 24-də saat 4-dən 7-yə qədər Milli meydanda 6-cı homənin 665 nəfər firqə üzvü “İran” fabrikinin 95 nəfər firqə üzvü ilə birlikdə və saat 5-dən 7-yə qədər isə 5-ci homənin 800 nəfər firqə üzvləri - qadınlarla kişilər silahlı hərbi təlimlər keçirdilər. Bu gün hər günə nisbətən hərbi təlim daha da yaxşı və fərəhli gedirdi. 1330 nəfərlik bu təlimdə minlərlə Təbriz əhalisi Azərbaycan Demokrat Firqəsinin əmrini böyük ruh yüksəkliyi ilə həyata keçirən firqə üzvlərilə yaxından maraqlanaraq onları təşviq edirdilər. Təlimin sonuna az qalmışdı.
Birdən Milli meydanı ura səsləri bürüdü. Bu xoşbəxt xalqın qəlbindən gələn səslər böyük demokrat firqəsinin sevimli rəhbəri və milli dövlətimizin Baş naziri cənab Pişəvərinin gəlişini bildirirdi. Firqə üzvləri daha şövq ilə manqa komandirlərinin verdiyi əmrləri yerinə yetirirdilər.
Bir azdan sonra vaxt gəlib çatmışdı. Firqə üzvləri öz rəhbərlərinin qarşısında hərbi qayda ilə keçirdilər. Yarım saat bu rəsmi keçid davam etdi.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***

Məmləkət xəbərlərindən…
Təbrizdə Ali İncəsənət məktəbi

Təbrizdə Azərbaycan Milli Hökuməti tərəfindən təsis olunan Ali İncəsənət məktəbi 3 fakültədən təşkil olunmuşdur.
1. Heykəltəraşlıq, qrafika və nəqqaşlıq şöbələrindən ibarət olan rəssamlıq fakültəsi
2. Gülduzluq, dərzilik, qoblin üslubunda xalça toxuma, minakarlıq və ağac üzərində oyma işləri şöbələrindən ibarət olan əl işləri fakültəsi
3. Viyalon, tar, Qafqaz tarı, piano və mahnı şöbələrindən ibarət olan musiqi fakultəsi
Bu üç fakültənin şöbələrində 300 tələbə qız və oğlan vardır.
Əl işləri fakültəsinin müddəti 2 il, nəqqaşlıq və musiqi fakültələrinin müddətləri isə 4 ildir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***
Səhiyyə Nazirliyinin fəaliyyəti

Azərbaycan Milli Hökumətinin Səhiyyə Nazirliyi işə başladığı tarixdən (12.12.1945- red.) indiyə kimi (cəmi 4 ay müddətində - red.) aşağıda qeyd olunan səhiyyə müəssisələrini yaratmışdır:
1. Təbrizdə boğaz və qulaq xəstəlikləri müalicəxanası
2. Həkim köməkçisi məktəbi
3. Marağada 20 çarpayılı xəstəxana
4. Sayınqala, Miydandoab və Azərşəhrdə təsis olunan xəstəxanalar
5. Şərəfxana, Xamnə, Sulduz, Kəleybər və Germi mahallarında səhiyyə postları
6. Miyanada 20 çarpayılı xəstəxana
Aşağıda adları qeyd olunan müəssisələri yaxınlarda yaratmaq üçün Səhiyyə Nazirliyi hazırlıq aparmağa başlamışdır.
1. Təbrizdə 100 çarpayılı doğum evinin təsisi, onun hazırlıq işləri qurtarıb və bu yaxınlarda təsis olunacaqdır
2. Xəstə baxıcılığı məktəbinin açılması
3. Dövlət aptekinin təsisi
4. Basminc və Sərdrud homələrində səhiyyə postlarının təsisi
5. Urmiya ətrafındakı Nazlıçay, Bəyəşli, Baranduz, Rövzəçay, Quruçay səhiyyə postlarının təşkili
6. Xoyda 20 çarpayılı xəstəxananın açılması
7. Salmasda indi mövcud olan 30 yataqlı xəstəxananın təkmil olunması
8. Qaraeyni, Həştrud, Məlikkəndi və Quraçay mahallarında səhiyyə postları
9. Sarab mahalında 10 yataqlı xəstəxana təsisi
10. Xalxal şəhərində 10 yataqlı xəstəxananın açılması
11. Kağızkonan, Səncid, Xoreş Rüstəmdə səhiyyə postlarının təşkili
12. Ərdəbildə daxili xəstəliklər üçün 30 yataqlı və yoluxucu xəstəliklər üçün də 20 yataqlı xəstəxananın təsisi
13. Ərdəbilin Giyo, Nir, Sərein və Hüseynxanlı mahallarında səhiyyə postları
Əhərdə indi mövcud olan səhiyyə müəssisəsindən başqa yenə də 10 yataqlı xəstəxananın təsisi.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***
Kənd təsərrüfatı muzeyi

Azərbaycan Milli Hökumətinin təşkilindən sonra (12.12.1945 – red.) Azərbaycanın müxtəlif nöqtələrində əkinçiləri əkilən pambıqların bütün növləri ilə tanış etmək üçün Kənd təsərrüfatı Nazirliyində bir nümunə muzeyi açılmaq üzrədir. Ona görə müxtəlif pambıq məhsullarının hazırlanmasına başlanmışdır və gələcəkdə bu bütün kənd təsərrüfatı məhsulları barəsində də tətbiq ediləcəkdir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə