Polşada çempion olan Azərbaycan taekvondoçusu: "Dünya çempionatında uğur qazanmaq istəyirəm" İdman

Polşada çempion olan Azərbaycan taekvondoçusu: "Dünya çempionatında uğur qazanmaq istəyirəm"

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova dünya çempionatında uğur qazanmaq istəyir.

Bunu "Report"a açıqlamasında Polşada keçirilən "Polish Open" beynəlxalq turnirində qızıl medal qazanan idmançı özü deyib.

O, göstərdiyi yüksək nəticədən danışıb:

"Bu, dünya çempionatı ərəfəsində qazandığım ikinci qızıl medaldır. Bir həftə öncə İsveçrənin Sent-Qallen şəhərində keçirilən "Swiss Open" beynəlxalq turnirində həm şəxsi, həm də komanda olaraq yüksək nəticə göstərmişdik. Son iştirak etdiyim yarış olduqca əhəmiyyətli və çətin bir turnir idi. Qarşılaşdığım 4 rəqib - Finlandiya, Bosniya və Herseqovina, Səudiyyə Ərəbistanı və İsrail təmsilçiləri eyni zamanda qarşıdan gələn dünya çempionatında iştirak edəcək idmançılar sırasında yer alırlar. Döyüşlər mənim üçün çox gərgin keçsə də, yarışda ən yüksək pilləyə qalxmağı bacardım".

M.Əkbərova qarşıdan gələn dünya çempionatına hazırlaşdıqlarını söyləyib:

"Bütün yarışlarda iştirak etməyimizdə göstərdikləri dəstəyə və təlim-məşqlərdə iştirakımız üçün yaradılan şəraitə görə Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Sabahdan etibarən məşqlərə davam edəcəyik. Əsas hədəfimiz qarşıdan gələn dünya çempionatıdır. İnşallah, orada da uğurlu çıxış edəcəyik".

Qeyd edək ki, Azərbaycan taekvondoçuları "Polish Open" beynəlxalq turnirində ümumilikdə 3 medal qazanıblar. Minayə Əkbərova bütün rəqiblərini üstələyərək çempion olub. Qaşım Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medala sahib çıxıblar.