
Ankarada fəaliyyət göstərən Musiqi və Gözəl Sənətlər Universitetinin ərazisindəki küçəyə dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin adının verilməsi ilə bağlı təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin birgə təşəbbüsü ilə baş tutan tədbirdə diplomatlar, ali təhsil ocağının rəhbərliyi, elm xadimləri, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirdə milli bəstəkarlıq məktəbinin yaradıcısının adını daşıyan küçənin rəmzi açılışını bildirən lent kəsilib.
Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin foyesində davam edən tədbirdə çıxış edən universitetin rektoru, professor Erhan Özden bütün sahələrdə olduğu kimi mədəniyyət, təhsil sahəsində əməkdaşlığın inkişafından danışıb. Rektor Azərbaycan tanınmış bəstəkarı Üzeyir Hacıbəylinin öz yaradıcılığı ilə bütün Türk dünyası musiqisini zənginləşdirdiyini qeyd edib.
Mədəniyyət xadimlərinin Türkiyə-Azərbaycan birliyinə böyük məsuliyyətlə töhfə verdiyini vurğulayan rektor deyib: “Bu gün gənclərimizə Üzeyir Hacıbəyli kimi dahi şəxsiyyətlərin yaradıcılığını nə qədər yaxşı izah etsək, öz vəzifəmizi o qədər geniş icra edərik”.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizin formalaşmasında oynadığı müstəsna roldan, onun zəngin yaradıcılıq irsindən və dünya musiqi xəzinəsinə bəxş etdiyi nadir əsərlərdən ətraflı bəhs edib.
S.Abbasov Üzeyir Hacıbəylini müasir Azərbaycan peşəkar musiqisinin banisi kimi öz musiqisini Türk dünyasının ortaq səsinə çevirməyi bacaran bir dahi olduğunu vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli xalqımızın milli kimliyinin formalaşmasında Üzeyir Hacıbəylinin müstəsna rol oynadığını söyləyib.
“Üzeyir Hacıbəylinin adını daşıyan bir küçənin Türkiyənin “Cümhuriyyət yaddaşının” mənbəyi hesab olunan Ankara şəhərində açılması ölkələrimizin tarixini bir araya gətirən çox vacib hadisədir”, - deyən diplomat layihəni dəstəkləyən Musiqi və Gözəl Sənətlər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı ilə davam edib.
Konsert proqramında Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, vokalistlər Şenol Talibli, Fəxri Nicat Kazım, opera sənətçisi Fidan Hüseynova Üzeyir Hacıbəylinin əsərlərindən parçalar ifa ediblər.