Rusiyadan İrəvana böyük təhlükə Dünya

Rusiyadan İrəvana böyük təhlükə

Moskva Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsini ələ keçirmək istəyir

Cavid

Müstəqil Dövlətlər Birliyinin (MDB) Terrorçuluğa Qarşı Mərkəzin rəhbəri Andrey Novikovun bu günlərdə yeni sensasiya yaradan açıqlamaları Ermənistanda dərin narahatlıq yaradıb. O deyib ki, MDB-nin bütün sərhədlərində daimi nəzarət məntəqələri qurulacaq və terror fəaliyyətində iştirakda şübhələnilən şəxslər barəsində ciddi tədbirlər görüləcək. Onun sözlərinə görə, Ermənistanın Türkiyə və İranla sərhədləri MDB-nin sərhədidir.Türkiyə ilə sərhəd bağlanılıb, amma Ermənistan-İran sərhədində hərəkətlilik var. Beləliklə, məhz bu ərazilərə daimi nəzarət olunacaq.
Təbii ki, A.Novikov bunun təfsilatı barədə geniş məlumat verməyib. Məlum deyil ki, yaradılacaq nəzarət məntəqələrinə hansı yeni bölmələr cəlb ediləcək. Bütün bu məsələlər sual və maraq doğurur. İndi Ermənistan-İran sərhədində Rusiya sərhədçiləri durur. Bəs, indi onların işində nə dəyişəcək?
Erməni mətbuatı yazır ki, indi dəqiqləşdirməyə ehtiyac duyulan çox məsələlər var. MDB daxilindəki Cənubi Qafqaz ölkələrin sərhədlərində vəziyyət necə olacaq. Məsələn, Ermənistan-Gürcüstan sərhədində belə məntəqə qurulacaqmı?! İndi orada Rusiya sərhədçiləri yoxdur, amma Gürcüstan MDB-ın üzvü deyil. Rusiyanın sərhəd xidməti erməni-gürcü sərhədini nəzarətə götürməyə çalışır. Çünki Gürcüstanın Pankisi dərəsi İŞİD döyüşçüləri üçün tranzit kimi istifadə edilir bəhanəsi ilə ruslar buranı nəzarətə götürə bilər.
Bu günlərdə Avrasiya qəzetlərindən birində dərc olunan məqalədə deyilir: "Yaxın vaxtlarda İŞİD sırasında vuruşduqdan sonra Pankisiyə qayıtmış şəxs bildirib ki, tezliklə İŞİD bütün Qafqaz üzrə, həmçinin Ermənistanda yayılacaq. Ola bilər ki, bu müsahibə Prezident Vladimir Putinin və MDB-nin Terrorçuluğa qarşı Mərkəzinin erməni-gürcü sərhədinin nəzarət altına alınması üçün "artileriya hazırlığıdır."
Siyasi şərhçi Akop Badalyanın sözlərinə görə, daha bir maraqlı nüans ondan ibarətdir ki, indi ermənilər tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisinin İranla sərhədinə erməni hərbçiləri nəzarət edir. Belə olan halda, bu sərhəddə də Rusiyanın "terrorçuluğa qarşı kontrol" quracağı istisna deyil. Lakin burada MDB tək hərəkət edə bilmir, çünki ABŞ var. Çətin ki, Vaşinqton buna icazə versin, hətta əgər Rusiya Ermənistanı və Azərbaycanı inandırmağı bacarsa belə.
O deyib: "Çox güman ki, İran da buna icazə verməyəcək. Çünki İranın Ermənistandakı səfiri bu günlərdə söylədi ki, üçüncü gücün olması dünyada və regionda sabitliyə imkan yaratmayacaq. İran sərhəddə erməni sərhədçilərin olmasını dəstəkləyir.
ABŞ-ın taktiki planında müəyyən ərazilərin Azərbaycana qaytarılması var. İranın bu məsələdə ABŞ-la strateji ziddiyyət daşıyan fikir ayrılığı yoxdur. Əlbəttə, bu, yalnız Qarabağın statusunun təyinindən sonra ola bilər, amma ABŞ-ın strateji planında bu sərhədin ruslardansa, ermənilərin nəzarət etməsi daha əlverişlidir. Strateji ziddiyyət Türkiyə, Rusiya və Azərbaycan arasındadır."
Milli Məclisin deputatı, professor Musa Qasılmlı ANS PRESS-ə bildirib ki, bu məsələ bir müddət əvvəl də gündəmdə idi. O vaxt Rusiyadan Bakıya nümayəndə heyəti də göndərilmişdi ki, gedib yerində baxsınlar. Bizim nümayəndələrlə birlikdə sərhəd zonasına getdilər və heç bir məntəqə tapmadılar: "Ümumiyyətlə, Azərbaycan İranla sərhəddə rus sərhədçilərinin gəlməsinə icazə vermədi. Amma Ermənistan sərhəddini onsuzda ruslar qoruyur".
Onun sözlərinə görə, Ermənistan rəsmi, formal olaraq dövlət müstəqilliyini elan etsə də, əslində, müstəqil dövlət deyil. Ermənistanda Rusiyanın hərbi bazası var. Ermənistanın nəinki xarici siyasəti, eyni zamanda, daxili siyasəti də Rusiyadan asılıdır. Belə bir təklif Ermənistan ilə İran, Türkiyə sərhədlərinə nəzarəti ələ keçirmək məqsədi güdür. Müstəqil dövlət xarici sərhədlərini özü qorumalıdır. Əgər Ermənistan bunu etmirsə, onda, bu bir daha göstərir ki, Ermənistan adlı ərazi Rusiyanın bir vilayəti səviyyəsindədir, sadəcə, idarə edənlər etnik mənsubiyyətinə görə Rusiyadakı hakim millətin nümayəndələri deyillər.
Bir sözlə, regionda baş verən proseslərin necə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Ancaq yaranmış indiki vəziyyətdə Rusiyanın imperiya maraqları, İŞİD tərəfindən hansı təhlükənin olacağı ehtimalları artır. Belə olan halda Ermənistanı çox ciddi təhdidlər gözləyir və bu, rəsmi İrəvanı ciddi narahat edir. Rusiya sərhəddə sülhməramlılar yerləşdirilməsində maraqlıdır. Bu məsələnin sentyabr ayında Nyu-Yorkda BMT Baş Məclisinin sessiyasında prezidentlər Barak Obama və Vladimir Putin tərəfindən müzakirə edilməsi gözlənilir. Rusiyanın sülhməramlıların yerləşdiriləcəyi ərazi ilə bağlı İrəvana verdiyi təklif Ermənistanı məyus edib. Çünki bu təklifdə Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması nəzərdə tutulur. Beləliklə, Ermənistan tam özəlləşir və Moskva bu ölkəni öz sərhədini qorumaqdan kənarlaşdırır.