Dəmir və qanla qurulan “dövlət”: İslam Dövləti Dünya

Dəmir və qanla qurulan “dövlət”: İslam Dövləti

Cavid

Britaniya qul ticarətindən imperiya yaratdı. Bəşər tarixində görülmüş ən böyük soyqırım Almaniya tərəfindən törədildi. Bu nümunələrə baxıb kim deyə bilər ki, İslam Dövləti də bir gün ABŞ-ın müttəfiqi olmayacaq? Dövlətlər və kütləvi informasiya vasitələri hələ də İraq, Suriya və digər başqa yerlərdə minlərlə insanı qətlə yetirən qondarma İslam Dövlətinin əsirləri hamının gözü önündə boynunu vuraraq edam edilməsi, silahsız dustaqların kütləvi şəkildə qətlə yetirilmələri və qadınların cinsi istismarı kimi qəddar taktikalarını qınamağa davam edir. "Foreign Policy" yazır ki, ancaq yenə də əgər Qərbin tarixinə nəzər salsaq, deyə bilərik ki, İslam Dövləti qlobal səviyyədə legitimlik qazanmaq yolunda ola bilər. Tarix göstərir ki, kütləvi qırğınların törədilməsi gələcəkdə uğur əldə edilməsinə heç bir maneə yaratmır. Fransa İnqilabından sonra "terror hökmranlığı" dövründə inqilabi Fransa hökuməti "liberté, égalité, fraternité" ("azadlıq, bərabərlik, qardaşlıq ") adı altında təxminən 30000-40000 nəfərin boynunu vuraraq ictimai şəkildə edam etdi. 1790-cı illərin əvvəlində ən az 150 min Fransa vətəndaşı güllələnərək, yandırılaraq, parça-parça edilərək amansızcasına qətlə yetirildi. Fransız general Fransua Josef Vestermanın xüsusi amansızlıqla törədilən əməliyyatdan sonra bunları yazdığı deyilir: "Mən uşaqları atların ayaqları altında əzdim, artıq dünyaya heç bir quldur gətirməmələri üçün qadınları qırdım, onların hamısını məhv etdim. Yollar cəsədlərlə doludur."
Bunu oxuduqca insanda xoş hisslər yaranmır, lakin bütün bunlar çox geridə qalıb və Fransa bu gün Avropanın önəmli bir qüvvəsi və ABŞ-ın əsas müttəfiqlərindən biridir. Fransa İnqilabının çox keçmişdə qaldığını deyə bilərsiz. Gedək 1940-cı illərə. Holokost nəticəsində əksəriyyəti yəhudi olan ölənlərin sayı 11 milyona yaxın idi. Bu gün isə Almaniya Avropa İttifaqında ən güclü qüvvədir. Dövlət qurulması və hakimiyyətin möhkəmləndirilməsi həmişə qan bahasına başa gəlib. Tarixçilər, sosioloqlar, antropoloqlar və politoloqlar bunu yaxşı bilirlər, ancaq bizlər isə bunu çox vaxt inkar edir, ya da tarix kitablarında bu məsələyə yer vermirik. İstənilən müasir, uğurlu, suveren bir dövləti seçib tarixi qazıntılara başlasaq, çox keçmədən uğur altında yatan minlərlə cəsəd üzə çıxararıq.
Avropada böyük ərazilərin darmadağın edilməsi və bir sıra regionlarda əhalinin üçdə birinin həlak olması ilə nəticələnən otuzillik müharibə sayəsində Avropada milli dövlət anlayışının yaradıldığı fikri üstünlük təşkil edir. O vaxtdan bəri dörd əsr keçib və Avropada hakimiyyətin möhkəmləndirilməsi yolunda milyonlarla insan həlak olub. Almaniyanın birləşməsində böyük rolu olmuş Otto fon Bismark hələ 1862-ci ildə müşahidələrinə əsasən belə demişdi: "Dövrün problemləri ilə bağlı qərarlar heç də çıxışlar və əksəriyyət tərəfindən qəbul edilən qətnamələrlə yox, dəmir və qanla qəbul edilir." Bismarkın dedikləri ABŞ üçün də doğru çıxdı. 1861 və 1865-ci illər arasında yüz minlərlə amerikalı başqa 4 milyon amerikalını əsarət altına almaq "hüququ" üçün mübarizə apardı və bu məsələ həll edilməzdən əvvəl yüz minlərlə insan həlak oldu. Bundan sonra ABŞ-ın mərkəzi hökuməti heç olmadığı qədər gücləndi. Hələ bunlar Qərb haqqında olanlar və ötən yüz illər ərzində baş verənlədir. Dünyanın qalan hissələrinə də baxsaq, eyni təcrübələri görərik. Boyunları vurularaq edam edilənlər, işgəncə, silahsız sakinlərə qarşı törədilən qırğınlar. Bunların heç biri bu gün, xüsusilə də, əsas insan hüquqlarının dünyanın hər yerində öz təsdiqini tapdığı bir dövrdə İslam Dövləti tərəfindən törədilən vəhşiliklərə bəraət qazandırmır. Ancaq biz İslam Dövlətinin bu gün törətdikləri ilə indi nümunəvi qlobal qüvvə hesab etdiyimiz onlarla dövlətin keçmiş fəaliyyəti arasındakı tarixi əlaqələri inkar etməklə bu qruplaşmanın zahirən mənasız görünən zorakılığının ardında duran məntiqi başa düşməməyə davam edir və ABŞ-ın bu terror hökmranlığına son qoymaq üçün göstərdiyi cəhdlərin uğursuz olma ehtimalını artırırıq. İslam Dövlətinin fəaliyyətini tarixə nəzər salaraq görə bilməməyimiz bizdə belə bir yanlış düşüncə yaradır ki, İslam Dövləti əməllərini düşünmədən həyata keçirir. ABŞ Prezidenti Barak Obama 2014 və 2015-ci ildəki çıxışlarında bildirmişdi: "Qətliam törətməkdən başqa bir işə yaramayan İslam Dövləti gələcəyi görə bilmir. Bu qruplaşma öz ideya və ya ideologiyası ilə heç kimə qalib gələ bilməz, çünki heç bir şey vəd etmir".
Bu sözlərə inanaraq yanlış fikrə düşməyin. İslam Dövlətinin lideri Əbu Bəkr əl-Bağdadi minlərlə müharibə cinayəti və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə məsuliyyət daşıya bilər, ancaq o, heç də ağılsız deyil: Jessica Stern və J.M.Berger adlı müəlliflər tərəfindən İslam Dövləti haqqında yazılan kitabda bildirildiyi kimi, Əbu Bəkr əl-Bağdadinin fikirlərində Əbu Bəkr Nacinin "Qəddarlığın İdarəsi" (ing. "The Management of Savagery") adlı kitabının böyük təsiri var. Bu kitab radikal islamın həm düşmənləri, həm də dəstəkçiləri arasında hörmət qazanmaq və onların arasında qorxu salmaq üçün qəddarlıqdan hər kəsin görə biləcəyi şəkildə bir vasitə kimi istifadə etməyə çağırır. Bəli, İslam Dövləti qəddardır, lakin bu qruplaşma qətliam törətməkdən başqa gələcəyi də görə bilir. Obamanın laqeyd sözlərinə baxmayaraq, İslam Dövləti dünyanın hər yerindən minlərlə gəncin dəstəyini alaraq bunu kifayət qədər nümayiş etdirib. Xüsusilə keçmişə nəzər salmaması, gələcəkyönümlü qərarlar verməməsi ilə ad çıxaran ABŞ diqqətini "hazırkı vaxta" cəmləyən, getdikcə bir neçə ildən çox davam edəcək davamlı bir strategiya hazırlamaq bacarığı azalan bir ölkədir. İslam Dövləti üçün isə eyni şeyi deməzdim. Bu qruplaşmanın liderləri törətdikləri vəhşiliklərin beynəlxalq ictimaiyyətdə onlara qarşı nifrət hissi yaratdığını çox yaxşı başa düşsələr də, əgər kifayət qədər neft yataqları, liman və digər sərvət mənbələri üzərində İslam Dövlətinin hakimiyyətini möhkəmləndirib qəddarlıqdan əl çəkərlərsə, geri çəkilib beynəlxalq birliyin əfvini gözləyə bilərlər.
İndiyə qədər ABŞ tərəfindən İslam Dövlətinə qarşı aparılan hərbi əməliyyatların çox az müsbət nəticə verdiyi görünür: ABŞ rəsmiləri əməliyyatlar nəticəsində İslam Dövlətinin 10 mindən çox döyüşçüsünün həlak olduğunu bildirsələr də, kəşfiyyat mənbələri qruplaşmanın kökdən zəifləmədiyi haqqında məlumat verib. ABŞ tərəfindən aparılan hərbi hava əməliyyatları cihadçı qrupu məğlub və ya məhv etməyə kifayət etməsə də, İslam Dövlətinin Qərbə qarşı nifrətini artırmağa kifayət edir.
İslam dövlətinin liderlərinin əsas məqsədi "əsl" dövlət qurmaqdır. Bəlkə də, qrupun zəiflədərək məhv edilməsi üçün göstərilən hazırkı nəticəsiz cəhdlər əvəzinə məhdudlaşdırma strategiyasına keçmək lazımdır. Düzdür, bunu fikirləşmək belə insanı narahat edir, lakin əgər İslam Dövlətinə qarşı hücumlar dayandırılarsa, bəlkə də, qruplaşma özü-özünü əhliləşdirə bilər. Ya da özündən əvvəlki bir çox qəddar rejimlər kimi başa düşər ki, törətdiyi qırğınlar sonda daxili qarışıqlıq və üsyanlara səbəb ola bilər.
Belə bir ehtimal da var ki, bəlkə də, Bağdadi və ətrafındakıların heç zorakılıq səviyyəsini azaltmaq niyyəti yoxdur. Bəlkə də, onlar əməllərinə davam etmək niyyətindədirlər. Ola bilsin ki, onların xüsusi bir ərazi üzrə daimi hakimiyyət əldə etmək maraqları da yoxdur. Niyə də olsun? Tarixə nəzər salsaq, görərik ki, müəyyən ərazilər üzrə hakimiyyətdən daha çox din və ya qan sadiqliyi daha önəmli siyasi prinsip olub. Buna misal olaraq, Osmanlı və Müqəddəs Roma İmperiyalarını göstərmək olar. İslam Dövlətinin liderləri üçün başqa yerlərdə yeni davamçılar və yeni sərvət və güc mənbələri tapa bildikləri müddətdə İraq və Suriyadan çıxarılmaq önəm daşımır. Buna baxmayaraq, son hadisələr göstərir ki, İslam Dövlətinin legitimlik qazanması üçün qəddar taktikalarından əl çəkməyinə ehtiyac qalmayacaq. Talibanı götürək. 1996-cı ildən 2001-ci ilə qədər Taliban tərəfindən idarə olunan Əfqanıstan həm diplomatik, həm də iqtisadi cəhətdən təcrid edildi; 2001-ci ildən bu vaxta qədər isə Taliban ABŞ-ın hərbi və kəşfiyyat birlikləri tərəfindən hədəf götürülüb. Ancaq ABŞ rəsmilərinin indi İslam Dövlətini qınadığı kimi Talibanın zorakılıqlarını uzun müddət qınamalarına baxmayaraq, Vaşinqton hazırda Taliban liderləri ilə danışıqlar üçün ən azı gizli dəstək göstərir. ABŞ rəsmilərinin birbaşa bu danışıqlarda iştirak etmələri ilə bağlı şayiələr də var.
Bütün bunlardan İslam Dövləti belə bir nəticə çıxara bilər: Maodan Kissincerə qədər bir çoxlarının da dediyi kimi, üsyançıların müvəffəqiyyət qazanmaları üçün "qalib" olmaları şərt deyil, onlar sadəcə məğlub olmamalıdırlar. Taliban kimi uzun müddət müqavimət göstərdikdən sonra nə qədər zalım və qəddar olmalarının heç bir əhəmiyyəti qalmayacaq, rəqiblər döyüşməkdən yorulub mübarizəni dayandıraraq ya birdəfəlik qrupdan əl çəkəcək, ya da danışıqlara başlayacaqlar. Əgər danışıqlar aparmağı seçərlərsə, özlərini bütün törədilənləri unutmuş kimi apararaq, ya da yalnız "mötədillər" və ya "uzlaşmağa meyilli olanlarla" danışıqlar aparacaqlarını iddia edərək vəziyyətdən çıxmağa çalışacaqlar. Başqa sözlə, İslam Dövləti qətllərə davam edə bilər və əgər İslam Dövlətinin məhv edilməsinə nail olunmazsa, sonda mübarizədən yorulub onlarla danışıqlara başlanılacaq. Bir qədər vaxt keçdikdən sonra isə, əgər BMT hələ də mövcud olarsa, İslam Dövləti ya yeni bir dövlət, ya da qlobal səviyyədə qəbul edilən qeyri-dövlət qruplaşması kimi təşkilata üzv olacaq. Törədilən bütün vəhşiliklər isə gözardı edilib yaddan çıxarılacaq. Bunu da qeyd edək ki, tarix dəhşətli vəhşilik və qırğınlar törədilməsinin qlobal cəmiyyətə giriş qarşısında maneə olmadığını, çoxlu sayda qəddar üsyançı rejimlərin cinayətlərinin unudulduğunu göstərsə də, uğursuz olmuş bir çox nümunə də var.
İslam Dövlətinin gələcəyinin proqnozu ilə bağlı bir çox ehtimallar var. Dövlət suverenliyi bir çox yöndən mürəkkəb şəkildə dəyişməkdədir və qlobal, siyasi və hərbi qüvvənin 10, 20, 50 ildən sonra hansı forma alacağını bilmirik. ABŞ-da seçkilər Amerikanın hərbi dinamikasını dəyişə bilər. Çin, Rusiya və ya digər dövlətlər özləri İslam Dövləti ilə danışıqlara başlamaq qərarına gələ bilərlər. Beləliklə, bu qruplaşmanın gələcəyi xaricdən baxanlar üçün hələ də müəmmalıdır. Qrup daxilində baş verənlər də gedişatı dəyişə bilər. Ağ Ev İslam Dövlətinin zəiflədilib məhv edilməsi üçün göstərilən cəhdlərdə irəliləyiş olduğunu iddia edən bəyanatlar versə də, bu qruplaşmanın hələ 5-10 il ömrü var...