Rusiyanın “muxtariyyət” ovu Dünya

Rusiyanın “muxtariyyət” ovu

Yürütdüyü təcavüzkar siyasət imperiyanın özünü 26 dövlətə parçalaya bilər

Cavid

Rusiya Krımın işğal etdi və özünə birləşdirdi. Krımın qondarma parlamentinin qərarı ilə martın 16-da keçirilən referendumun nəticələrinə uyğun olaraq yarımada Rusiyaya birləşdirildi. Xatırladaq ki, hələ referendum olmamış qondarma parlament Rusiya rəhbərliyinə təklif etmişdi ki, Krımı öz ərazisinə qatsın. Dərhal Rusiya rəhbərliyi bu təklifə reaksiya vermiş və prezident Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilmişdi. Kreml Krımın anneksiyası üçün əvvəlcədən özünəməxsus "hüquqi baza" da hazırlamışdı.
Dumada təmsil olunan Ədalətli Rusiya partiyasının sədri Sergey Mironovun Krımla bağlı hazırladığı xüsusi qanun layihəsində qeyd olunurdu ki, "Xarici dövlətdə effektiv və suveren dövlət hakimiyyətinin olmaması ilə əlaqədar həmin ölkə ilə beynəlxalq müqavilə bağlana bilmirsə, yeni ərazilərin birləşdirilməsi haqqında qərar referendum yolu ilə qəbul oluna bilər".
Qanun layihəsi öz-özlüyündə məntiqsiz olmaqla yanaşı məntiqsiz əsaslar da ortaya çıxarır. Xarici dövlətdə hakimiyyətin effektsiz və suveren olmasını kim və necə müəyyən edə bilər? Belə çıxır ki, rəsmi Moskva hansısa dövlətin hakimiyyətini effektsiz hesab edib bu ölkənin hər-hansı hissəsini öz ərazisinə qata bilər?
Kremlin bu formulunun Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya problemlərində tətbiq olunması mümkündürmü? Belə çıxmırmı ki, Rusiya istədiyi vaxt Azərbaycan, yaxud Gürcüstanın hakimiyyətini qeyri-effektiv hesab edə və qondarma separatçı rejimin keçirdiyi referendumun nəticəsinə əsaslanıb həmin əraziləri özününküləşdirə bilər?
Bu arada RLDP sədri, Dövlət Dumasının vitse-spikeri Jirinovskinin yenidən sərsəmləməsi yuxarıda toxunduğumuz məsələni ciddiləşdirə bilər. Belə ki, Jirinovski Dövlət Dumasında jurnalistlərə verdiyi açıqlamada ABŞ və Qərbin Rusiyanı sanksiyalarla hədələməsinin mənasız olduğunu, bu sanksiyaların əslində onların özlərinə zərbə vuracağını deyib. LDPR lideri onu da deyib ki, muxtar respublikaların vaxtilə SSRİ-inin tərkibində qalmaq hüququ var idi: "Biz xalqın səs verib yeni dövlət yaratdığı və ya Rusiyaya birləşmək istədiyi istənilən ərazini tanıyacağıq. Qarabağ Rusiyaya birləşmək istəsə, qəbul edəcəyik. Dnestryanı bölgəni də qəbul edəcəyik. Onların ittifaq respublikalarının tərkibində yerləşməsi qanunsuz idi. Çünki SSRİ-dən çıxmaq haqda qanuna görə, SSRİ-dən çıxmaq istəyən respublikaların tərkibinə daxil olan muxtar respublikalar ittifaqın tərkibində qalmaq hüququna malik idi".
Xatırladaq ki, Rusiyanın Krımı ələ keçirməsindən sonra Jirinovski artıq ikinci dəfədir Qarabağın Rusiyaya birləşdiriləcəyini deyir. Əvvəlcə o, Rusiya radiosunda çıxışında bildirdi ki, "Azərbaycanla Ermənistan, onsuz da, öz aralarında razılığa gələ bilməyəcəklər və ona görə də ən yaxşısı Qarabağı Rusiyaya birləşdirməkdir".
Yada salaq ki, Qarabağın Gülüstan sülh müqaviləsinə "əsaslanıb", Rusiyaya birləşdirilməsi çağırışı ilə ilk dəfə ötən ilin payızında erməni separatizminin baş ideoloqu olan bədnam yazıçı Zori Balayan prezident Vladimir Putinə yazdığı açıq məktubda çıxış etmişdi.
Krımın Rusiyaya birləşdirilməsindən sonra bu ideya yenidən gündəmə gətirilib və Ermənistanda ciddi narahatlığa səbəb olub.
Jirinovskinin bu sərsəmləməsi təkcə Qarabağa aid deyil. MDB-nin keçmiş respublikalarındakı muxtariyyətlərə də aiddir. Belə çıxır ki, Rusiya MDB məkanında tərkibində muxariyyəti olan istənilən respublikanı ram edə bilər. Xatırladaq ki, Tacikistanda Bədəxşan, Özbəkistanda Qaraqalpaq, Azərbaycanda Haxçıvan, Gürcüstanda Acarıstan, Abxaziya, Cənubi Osetiya kimi muxtariyyətlər var.
Politoloq Vəfa Quluzadənin fikrincə, Krımdan sonra Qarabağ məsələsində də problemlər ortaya çıxması gözləniləndir: "Minsk qrupu Dağlıq Qarabağ konfliktini referendum keçirməklə həll etmək istəyirdi. İndi gördülər ki, referendumlar saxta olur. Krımdakı saxta referendum böyük bir problem yaratdı və bu, hələ uzun çəkəcək. Üstəlik, azərbaycanlıları etnik təmizləmə ilə Dağlıq Qarabağdan çıxarandan sonra orada heç bir referendum keçirmək olmaz. Ona görə həmsədrlər bu barədə düşünüb yeni təkliflər verməlidirlər. İkinci problemli məsələ isə Rusiyanın qrupda həmsədrliyidir. Rusiya qrupda qalacaqsa, münaqişə onun kefi istəyən kimi həll olunacaq. Burada heç bir beynəlxalq hüquq, ya qanun işləməyəcək. Krımın ilhaqı göstərdi ki, Rusiya bütün regionlara təhlükədir - Dağlıq Qarabağ münaqişəsindən Azərbaycanda yararlanıb hakimiyyəti dəyişə, Qazaxıstana qoşun yeridə, Dnestryanı bölgəni tərkibinə qata bilər. Yəni, Krım məsələsində qarşısını almasalar, Rusiya istədiyini edəcək. Rusiya Ukraynanı işğal edib, bir hissəsini tərkibinə qatır. Qərb bunun qarşısında susur. Sanksiyalar Rusiyaya təsir etmir, Rusiya gəlib Sovet İttifaqını bərpa edir. Biz yenidən Rusiyanın tərkibində olacağıq, ancaq Jirinovskinin dediyi kimi, müstəqil respublika kimi yox, Rusiyanın quberniyası, əyaləti kimi. Artıq Rusiya bunu səsləndirir ki, biz Sovet İttifaqını qaytarırıq. Qərb nədənsə cavab vermir. Putinin fikirlərini səsləndirmək üçün ortalığa Jirinovskini buraxıblar. Hamı da deyir ki, o, bir təlxəkdir. Təlxək-zad deyil. Jirinovski Putinin fikirlərini səsləndirir, ondan sonra bu fikirlər həyata keçir. 2008-ci ildə Rusiya Gürcüstan torpaqlarını - Abxaziya və Cənub Osetiyanı hərbi təcavüzlə işğal edərək onları "müstəqil dövlət" kimi tanıdı. Abxaziya Gürcüstanın tərkibində muxtar respublika və Cənub Osetiya isə muxtar vilayət olub. 2014-cü ildə isə Rusiya Ukrayna torpağını - Krım Muxtar Respublikasını hərbi müdaxilə ilə işğal edərək özünə birləşdirməyə girişib".
Millət vəkili İqbal Ağazadə isə bildirib ki, Azərbaycan unitar dövlət olduğu üçün onun muxtar respublika statusu verdiyi qurumlar, vilayətlər Azərbaycandan ayrılmaq imkanlarını itirir. Bu konstitusiyada da təsbit olunub.
Konstitusiyasında unitar dövlət prinsiplərini əsas götürmüş heç bir dövlətin muxtar subyektlərinin dövlətdən ayrılaraq müstəqil olmasına dair qərar qəbul etməyə ixtiyarı yoxdur. Dövlətlərin unitarlıq prinsipi var və bu prinsipə əsasən ərazilərin hansısa birinə özünü idarəetmədə müstəqillik verməsi, gələcəkdə onun özünün müqəddəratına təyin etmək hüququna dəlalət edə bilməz. Hüquq bunu birmənalı şəkildə qadağan edir. Ukraynada unitar dövlətdir. Bunun üçün də Krım öz müqəddaratını təyin etmək iqtidarında deyil. Öz müqəddaratını təyin etmək hüququ daha çox fedarativ dövlətlərdə müşahidə olunur. Məsələn Rusiyanın tərkibində olan muxtar vilayətlər, respublikalar öz müqəddaratını təyin edə bilər və ondan ayrıla bilərlər. Çünki onlar federasiya subyektləridir. Konfliktlərin xarakterinə, xüsusiyyətinə, o cümlədən yaranma səbəblərinə görə də Krım və Dağlıq Qarabağ yaxın münaqişələr hesab oluna bilər. Hər ikisinin törədilmə səbəbkarı Rusiyadır. Etnik ruslardan istifadə edərək Krım ərazisində öz qoşunlarını saxlamaq, etnik ermənilərdən istifadə edərək Cənubi Qafqazda öz ordusunu saxlamaq Rusiyanın siyasi hədəfləridir.
Amma Rusiya da unutmamalıdır ki, Rusiyanın tərkibində olan muxtar vilayətlər də, respublikalar da öz müqəddaratını təyin edə bilər və ondan ayrıla bilərlər.
Millət vəkili Aydın Mirzəzadə isə Qarabağ münaqişəsilə Krımda baş verənlərin ayrı-ayrı məsələlər olduğunu vurğulayıb: "Mən hesab edirəm ki, bu məsələlərdə paralellik gətirmək düzgün olmaz. Birincisi, Dağlıq Qarabağ qonşu Ermənistan tərəfindən işğal olunub. Krım məsələsi isə 2 dövlət arasında olan problemdir. Krımda keçirilən referendum və yaxud da ki, prosedurlara bu gün beynəlxalq içtimaiyyət mənfi münasibət bildirir".
Aydın Mirzəzadə Jirnovskini qeyri-ciddi şəxs olduğunu bildirib: "Onun dediklərinə heç Rusiyanın özündə şərh verməməyə çalışırlar. Məndə öz növbəmdə qeyri-ciddi siyasətçinin sözlərinə şərh verməyi özümə sığışdırmıram".
Qeyd edək ki, martın 4-də jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putin də xalqların öz müqəddəratını təyin etmək hüququnun olduğunu vurğulayıb. Əgər xalqların öz müqəddəratını təyin etmək hüququnun müstəqillik variantı Rusiya Federasiyasına tətbiq olunsa, bu ölkənin ərazisində 26 müstəqil dövlət (Adıgey, Altay, Başqırdıstan, Buryatiya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Kalmık, Qaraçay-Çərkəz, Kareliya, Komi, Mari El, Mordoviya, Saxa (Yakutiya), Osetiya - Alaniya, Tatarıstan, Tuva, Udmurtiya, Xakasiya, Çeçenistan, Çuvaşiya respublikaları, Yəhudi, Nenets, Xantı-Mansı, Çukot, Yamalo-Nenets Muxtar Mahalı) yarana bilər.