Rusiya Ukraynanı parçalayır Dünya

Rusiya Ukraynanı parçalayır

Kreml ölkənin şərq əyalətlərində separatçıları hərəkətə gətirib, Donetskdə "xalq respublikası" elan olundu
Çexiya prezidenti Miloş Zeman NATO qoşunlarının Ukraynaya girməsi təklifini irəli sürüb

Cavid

Ukraynanın şərq regionlarında Rusiyaya birləşmək tələbi ilə keçirilən növbəti mitinqlər yerli hakimiyyət orqanlarının binalarının ələ keçirilməsi ilə nəticələnib. Donetks şəhərində Rusiya tərəfdarları yerli administrasiyası binasına hücum edərək tutublar və binanın üzərində Rusiya bayrağı qaldırıblar.
Xəbər verilir ki, binaya hücum edənlər idmançı paltarında maskalı şəxslər olub, onlar milis kordonunu yararaq binaya daxil olublar. Binanı ələ keçirənlər deputatların "xalq qurultayını" çağırmaq niyyətlərini bildiriblər və hakimiyyəti ələ keçirdiklərini elan ediblər.
Rusiya ilə həmsərhəd Luqansk vilayətinin mərkəzində isə Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası ələ keçirilib. Xarkovda isə "Avromaydan" tərəfdarları ilə Rusiya tərəfdarları arasında ciddi toqquşmalar qeydə alınıb. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov yaranmış vəziyyətlə bağlı Litvaya səfərini təxirə salıb. Turçinovun güc strukturlarının rəhbərlərini təcili toplantıya çağırdığı bildirilir.
Xəbərlərə görə, Donetskin mərkəzi Lenin meydanında 2 mindən çox adam toplaşıb və onlar əvvəlcə "Berkut" xüsusi təyinatlılarına qarşı təqiblərə etiraz ediblər. Mitinq iştirakçıları əllərində Rusiya bayraqları, Georgiyevks lentləri, habelə rusiyameylli təşkilatların bayraqlarını tutublar.
Daha sonra kütlə regional administrasiya binasına doğru irəliləyib. Milis kordonunu yaran mitinqçilər binaya daxil olublar. Milislə toqquşmada mitinqçilər onlara şüşə qablar və daş atıblar, binanın şüşələri sındırılıb.
Son məlumatlara görə Donetksdə administrasiya binasını tutanlar burada "xalq respublikası" elan ediblər. Yerli administrasiya binasına idmançı görkəmli 200-dən çox şəxs nəzarət edir. Onlar səsgücləndiricilərlə tərəfdarlarına müraciət edərək dəstək istəyiblər. Binanı ələ keçirənlər üçün içəriyə xeyli ərzaq daşınıb.
Luqanskda təhlükəsizlik xidmətinin idarəsinin ələ keçirilməsi zamanı bir qadının başı yarılıb, binanın qapı və pəncərələri sındırılıb. Xarkovda "Avromaydan" tərəfdarlarından da onlarla adam xəsarət alıb. Milis "Avromaydan"çıları Rusiya tərəfdarlarının əllərindən ala bilib, əksəriyyəti "Sağ sektor" hərəkatının üzvləri olan "Avromaydan"çılar onlar üçün ayrılmış "rüsvayçı dəhliz"lə meydandan çəkiliblər.
Ukraynanın daxili işlər naziri Arsen Avakov ölkənin şərq regionlarında hakimiyyət orqanlarının binalarını tutan separatçılara qarşı silah işlədilməyəcəyini bildirib.
Avakov Facebook səhifəsində yazıb ki, situasiyanı qan tökmədən nəzarət altına alacaqlar.
"Putin və Yanukoviç ölkənin şərqində - Luqanskda, Donetskdə və Xarkovda növbəti separatçı iğtişaşları sifariş veriblər və haqqını ödəyiblər. Az adam toplaşıb, ancaq aqressivlik aşıb-daşır. Donetskdə binaya hücum edən kütlənin içərisinə çoxlu qadın və uşaq yerləşdiriblər. Münaqişəni qan tökülməyə aparmağa çalışırlar" - deyə Avakov yazıb.
Nazir bildirib ki, silah işlədilməməsi barədə əmr verilsə də təxribatçılara qarşı sərt davranılacaq.
Donetsk Daxili İşlər İdarəsi isə milisin separatçılara qarşı müqavimət göstərmədiyini təsdiqləyib və bildirib ki, qan tökülməsinə yol verməmək üçün bu addım atılıb.
Luqanskda isə Təhlükəsizlik Xidmətinin binasını tutan separatçılar köməyə əlavə qüvvələrin gələcəyini gözləyirlər. Belə ki, Donetsk vilayətinin Artyomovsk şəhərindən separatçı dəstə onlara kömək üçün Luqanska yola düşüb.
Son məlumatlara görə, Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib ki, Xarkovda regional administrasiyanın binası separatistlərdən azad olunub. Bu barədə nazir facebook səhifəsində yazıb: "İş prosesi başlayıb. Kömək edənlər çox sağ olsun. Mən Xarkovda işləyirəm. Xarkovlulardan adekvat nizamlanma prosesini dəstəkləmələrini xahiş edirəm".
Hətta o da söylənilir ki, Xarkovda regional administrasiya binasını ələ keçirən Rusiyameylli separatçılar devrilmiş prezident Viktor Yanukoviçin təyyarəsinin artıq Donetskə enib. Bu barədə Xarkovun yerli internet portallarından biri məlumat yayıb.
Administrasiya binasını tutan separatçılar tribunadan elan ediblər ki, onlara "cəmi bir sutka" dözmək lazımdır. Onlar hesab edirlər ki, Yanukoviç artıq Donetskdədir.
Daxili işlər naziri Arsen Avakovun isə Xarkov regional administrasiyasının binasının separatçılardan azad edildiyi barədə məlumatı təsdiqlənmir. Separatçılar binanın ətrafına avtomobil şinləri yığıblar və barrikadalar qurublar. Onlar SSRİ-nin himnini oxuyurlar.
Luqanskdə isə Ukrayna Milli Bankının filialı da separatçıların nəzarətinə keçib. Yerli administrasiya binasının qarşısında bir neçə min adamın toplaşdığı bildirilir.
Bu arada "UDAR" partiyasının lideri Vitaliy Kliçko yeni hakimiyyətdən Şərqi Ukraynada baş verən hadisələrə təxirəsalınmaz müdaxilə tələb edib. Partiya lideri Ukrayna Təhlükəsizlik Xidmətindən (UTX) və digər hüquq mühafizə orqanlarından təxribat törədənlərə qarşı adekvat cavab verilməsini istəyib: "Hakimiyyət dərhal ölkənin şərqində baş verən situasiyaya qarışmalıdır ki, gələcəkdə Ukraynanın parçalanmasının qarşısı alınsın. DİN və UTX-nin seçmə gücləri ölkənin parçalanmasına, seçkilərin baş tutmamasına çalışan qüvvələri həbs etməlidir. Onlar xüsusilə, Donbasda prafilaktik tədbirlər görməklə separatçılığın qarşısını almağa çalışmalıdırlar. Hadisələr sadə vətəndaşlar tərəfindən deyil, məhz silahlarla yaxşı təchiz olunmuş təxribatçılar tərəfindən törədilir. Bu kimi təzyiqlərə qarşı hökumət ən sərt və ən kəskin reaksiya göstərməlidir".
Vitaliy Kliçkonun ardınca, Yuliya Timoşnko da hakimiyyətə çağırış edib. Ukraynanın zn.ua saytı xəbər verir ki, Timoşenko dövlət nümayəndələrinə "Xarkovda, Donetskdə və Luqanskda terrorçulara qarşı ən sərt tədbirlər görün" müraciəti edərək, onlara qarşı daha sərt tədbirlər görməyə səsləyib.
Eks-baş nazir əmin olaraq iddia edib ki, Kreml və Rusiyanın xüsusi xidmət orqanları Krım ilhaqının ssenarisini Ukraynanın Şərqində də həyata keçirilməsi üçün var qüvvələri ilə əməli işə keçiblər.
"Ölkəni paralamağa yönəlmiş istəniklən addımalara qarşı Ukrayna cəmiyyəti qətiyyətli müqavimət göstərəcək" - deyə vurğulayan Timoşenko onu da bildirib ki, ABŞ və Avropa İttifaqının sanksiyaları Rusiyanı dayandırmağa müvəffəq olmur: "Buna görə də demokratik dünyanın liderlərindən də tələb edirəm ki, sanksiyalardan da sərt qərarlar, ölçülər götürülsün".
Timoşenko hazırda Donetskə doğru istiqamət aldığını da mediaya açıqlayıb.
Çexiya prezidenti Miloş Zeman isə NATO qoşunlarının Ukraynaya girməsi təklifi ilə çıxış edib.
Ukrayna mediasının verdiyi məlumata görə, prezident bunu Ukraynanı Rusiyanın təcavüzündən qorumaq üçün edilməli olduğunu deyib.
M.Zeman bildirib ki, Avropa Krımın Rusiyanın tərkibinə qatılmasının qarşısını almaq üçün bütün mümkün cəhdləri etməlidir: "Ukraynanın şərqində baş verənlər Rusiyanın təcavüzünün yaxınlaşdığından xəbər verir. İlkin olaraq, Avropa Birliyinin Rusiyaya sərt sanksiyalar tətbiq etməsini istəyirəm. Daha sonra isə Rusiya Ukraynaya növbəti təcavüzü zamanı NATO qoşunlarının bu ölkəyə girməsini məqsədəuyğun hesab edirəm".
"Əgər separatçılar ələ keçirdikləri vilayət şəhər administirasiyalarını nəzarətdə saxlayacaqsa, o zaman Rusiya ordusu Ukraynaya daxil olacaq".
Bunu isə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili öz Facebook səhifəsində bildirib.
"Üç gün bundan əvvəl mən öz məqaləmdə Ukraynanın şərq vilayətlərində vilayət şəhər administirasiyalarına hücum ediləcəyini bildirmişdim. Əgər diversantlar 48 saat orada davam gətirsələr, Rusiya ordusu Ukraynaya soxulacaq. Bu, eynilə Krım ssenarisidir - əvvəlcə mitinq, o, baş tutduqda, hökumət binasına hücum, ardınca isə Rusiya ordusunun hücumu. Daha dəqiqi, əvvəlcə Surikovun planı işə düşür, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşev hərəkətə keçir. Bütün bunlar o qədər primitivdir ki, Ukrayna hakimiyyəti hər şeyi əvvəlcədən hesablaya bilər", - Saakaşvili yazıb.
Onun fikrincə, indi ən başlıcası Ukraynanın şərq vilayətlərini qorumaq üçün tam hərbi səfərbərlikdir.
Onu da bildirək ki, dünən Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayıb. Sessiyanın əsas müzakirə mövzularından biri Ukrayna torpağı Krımın işğalına görə Rusiyanın cəzalandırılmasıdır.
Hazırda iki layihə üzrə imza toplanır. Böyük Britaniyadan olan deputat Robert Uolterin hazırladığı layihə bu ilin axırına kimi Rusiyanın Avropa Şurası Parlament Assambleyasından tam uzaqlaşdırılmasını nəzərdə tutur. Bu layihəyə hələlik 74 deputat imza atıb. Danimarkalı deputat Maykl Aastrup Yensenin hazırladığı layihədə isə Rusiyanın səs hüququndan məhrum edilməsi təklif olunur. Həmin layihə 53 deputatın dəstəyini alıb.
Ukraynada baş verənlər hələ də Qərb tərəfindən sakitliklə izlənilsə də dünya mətbuatında səs salan Rusiya - Ukraynaya davasına görə Rusiya bir sıra dövlətlər tərəfindən dəfələrlə qınaqlara, təhdidlərə və o cümlədən qərbin artıq ənənə halını almış sanksiyalarına məruz qalıb. Ən yadda qalan sanksiyalar məhz, sammitin ləğv olunması, Rusiyanın mücərrəd şəkildə "Böyük səkkizlik"dən kənarlaşdırılması, NATO-nun dünyanın ən iri parçasını siyasi damğa vurmaqla tərkibindən çıxarması Rusiyaya qarşı yönəlmiş bir sıra iqtisadi zərbələr və s. kimi hadisələrdir. Dərin siyasətçilər istənilən halda Rusiyanın tarixi ssenarisini öz variasiyalarına uyğun bitiriblər. Şübhəsiz onların arasında Rusiyanın məğlubiyyətini görənlər də var. Lakin, Putinin qərbə meydan oxuması, görünür onun keçmiş arzularını və bundan doğan strateji planlarını gerçəkləşdirməsi ilə izah olunur və ən vacibi odur ki, dünyanı özü hesab edən ABŞ belə bir vəziyyətdə başını aşağı salıb əlacsızlıq təzahürü nümayiş etdirməkdədir. Həqitət budur, çünki ortada heç bir təsiri görsənməyən sanksiyalar dayanır. Bəli məhz onların "qalın xəzli Rusiya"ya təsir göstərə bilməməsi, onu göstərir ki, nahaqdan buranı ayılar məskəni adlandırmırlar.
Politoloqların ssenarilərindən qorxuya düşən Ukraynanın keçmiş prezidentləri Yanukoviçin buraxdığı xətaya görə Ukraynanın federallaşmasını təhlükəli hesab edirlər. Bu isə öz növbəsində hakimiyyətin diskreditasiya olunmasına gətirib çıxaracaq. Bu cür şərhlər verən Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko oxşar yuxuları gördüklərini söyləyirlər. Hərçənd heç nə işə yaramadı və silsilə bəyənatlara baxmayaraq Krım əldən getdi.
Yuşşenko bildirib ki, Vladimir Putinin Qərbin sanksiyalarına qarşı belə soyuqqanlı davranması cəfəngdir və "imperator" açıq-aşkar psixoloji dayanıqlığını təmin etmək üçün rola girib: "Mən əminəm ki, Putin artıq bir neçə gündür ki, ağzı çətinliklə bağlanan yeşiyi açdığı üzündən yata bilmir. Bütün dünya ona qarşı çıxış edir".