Ankara onu bağışlayacaqmı? Dünya

Ankara onu bağışlayacaqmı?

Əsədin taleyi bu görüşdən asılıdır

Cavid

Türkiyə prezidenti Rəcən Tayyib Ərdoğan Kilisdə 7 Dekabr Uninversitetində qatıldığı bir iftar proqramında Ankaranın Suriya lideri Bəşər Əsədlə bağlı mövqeyini növbəti dəfə dilə gətirdi. "Suriyanın başındakı zalımdır, İŞİD-dən daha irəli gedən bir terrorçudur" deyən Ərdoğan gözləntilərə çox açıq və dəqiq şəkildə cavab verdi.
Dövlət başçısı Türkiyənin Suriya ilə bağlı siyasətinin dəyişməyəcəyini bildirdi: "Altı il əvvəl Suriya ilə əlaqədar nə istəyirdiksə, bu gün də eyni şeyləri istəyirik".
Gözləntilər isə bu istiqamətdə idi ki, Rusiya və Türkiyə arasında qeydə alınan son yaxınlaşmalar Ankaranın Suriya siyasətinə təsirsiz ötüşməyəcək. Konkret olaraq, söhbət Ankaranın Bəşər Əsədin gələcəyi ilə bağlı mövqeyindən gedir. Bu məsələdə Ankara və Moskva 180 dərəcə fərqli mövqelərdə qərarlaşıb.
Amma Böyük Britaniyanın "Financial Times" nəşri yazır ki, Türkiyə və Rusiya Suriya üzrə mövqelərinə yenidən baxır. Nəşrin əməkdaşları Erik Solomon və Ketrin Xill Suriyada beşillik vətəndaş müharibəsində bir neçə dönüş anının olduğunu və Suriya müxalifətinin əsas tərəfdarı olan Türkiyənin mövqe dəyişikliyinin də çox güman ki, bu anlardan biri olacağını bildirirlər.
Ötən həftə Rəcəb Tayyib Ərdoğan Rusiya hərbi təyyarəsinin vurulması ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq məktubu göndərdi. Britaniya nəşrinin əməkdaşlarının fikrincə, ardınca liderlər arasındakı telefon danışıqları, iyulun 1-də xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovun Soçidə görüşü siqnal verdi ki, Ankara Suriya məsələsində öz mövqeyini yumşaltmağa hazırdır.
Türkiyənin xarici işlər naziri həmkarı ilə Soçi görüşündən sonra bildirdi ki, Ankara və Moskva Suriya böhranının siyasi həllinin axtarışı prosesində əməkdaşlıq etməlidir. Sergey Lavrov da analoji fikir səsləndirdi. O, bəyan edib ki, Suriya böhranından çıxış yolunu tapmaq üçün Rusiya və Türkiyə birgə səylərini bərpa edəcəklər.
"Financial Times" qeyd edir ki, İstanbulun Atatürk Hava Limanında 45 nəfərin ölümü, 240 nəfərin ölümü ilə nəticələnən terror aktı Ankaranı Suriya siyasətində yenidən düşünməyə vadar edib. Terror hücumuna görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməsə də, Ankara İŞİD-i gunahlandırır. Terror qruplaşması Suriyadakı beşillik müharibə fonunda öz mövqelərini möhkəmləndirib və Türkiyə-Suriya sərhədinin xeyli hissəsinə nəzarət edir. Türkiyə hökumətinə yaxın nəşrlər də hesab edir ki, İŞİD-in hücumları Ankaranın mövqeyinin dəyişməsi üçün əsaslar verir.
"Ölkə daxilində öldürücü terror kampaniyası prioritetlərin dəyişməsinə və Suriya məsələsində Ankaranı öz mövqeyindən imtina etməyə itələyir", - "Daily Sabah" qəzetində Oruç Merve yazıb.
Vaşinqton Atlantik Şurasının əməkdaşı Eyron Şteynin fikrincə, Türkiyə Suriyada öz mövqeyini "kiçiltmək" istəyir. Ekspert qeyd edir ki, kürd rəqiblərinin zərərsizləşdirilməsi və İŞİD-in zəiflədilməsi Ankaranın prioriteti olacaq. O, hesab edir ki, bu məqsədlərə çatacağı halda Türkiyə Suriyada rejimin dəyişməsi haqqında tələblərindən imtinaya əvəz olaraq Rusiyanın dəstəyinə bel bağlaya bilər.
Amma digər tərəfdən Moskvanın Əsəddən üz çevirməsi istisna edilmir. Rusiya məmurlarının sözlərinə görə, Moskvanın əsas məqsədi Əsədi dəstəkləmək deyil, Suriyanın bütövlüyünü saxlamaq və regionda terrorizmə qalib gəlməkdir. Bundan başqa, Moskva Əsəddən narazıdır. Rusiyanın hərbi dəstəyinə baxmayaraq, hərbi qələbələr qazanılmayıb. Avstraliyanın SBS telekanalına verdiyi müsahibəsində Bəşər Əsədin "Rusiya və İran mənim üçün deyil, mənfəətləri üçün döyüşür" söyləməsi də fikirləri qarışdırır.
Ancaq mövqelərin kəskin dəyişməsi mürəkkəb məsələdir. Hər iki tərəfdən olan bəzi məmurların fikrincə, Rusiya-Türkiyə münasibətlərində mülayim hava ilk növbədə iqtisadi maraqlar ətrafında cəmlənəcək.
Bundan başqa, zidd mövqeləri iqtisadi əməkdaşlıq üçün qeyri-adi adlandırmaq olmaz. Məsələn, Rusiya Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri möhkəmləndirib, lakin Moskva və Ər-Riyad Suriyada tamamilə fərqli tərəfləri dəstəkləyir. Eyni sözləri Türkiyə və İran haqqında da demək olar.
Amma Türkiyə tərəfindən dəstəklənən Suriya müxalifətinin bəzi liderləri hesab edirlər ki, onlar Ankara və Moskva arasında münasibətlərdə baş verən istiləşmənin nəticələrini tezliklə hiss edəcəklər. Onlar həmçinin iddia edirlər ki, mümkün dəyişikliklər heç vaxt onların hədəflərinin reallaşdırılmasına təsir etməyəcək. "Fastakim Kama Umirt" qruplaşmasının liderlərindən biri olan İzzəddin əl-Salameh hesab edir ki, türklər müxalifətdən qəti şəkildə üz döndərməyəcəklər: "Çünki bu onların strateji maraqlarına zidd olardı".
Hər halda bütün bunlar Türkiyənin Suriya siyasətində mümkün dəyişikliklərlə bağlı ehtimallardır. Çox güman ki, Ankaranın Suriya ilə bağlı siyasətinin yeni cizgiləri Ərdoğanın Putinlə görüşündən sonra daha aydın şəkildə görünəcək. Bu isə çox da uzaqda deyil. Mövlud Çavuşoğlu dünən bildirib ki, prezidentlərin görüşü iyulun sonu-avqustun əvvəllərində keçirilə bilər.