“ABŞ və Rusiya ikitərəfli münasibətlərinin buzları yalnız bir zaman əriyə bilər” Dünya

“ABŞ və Rusiya ikitərəfli münasibətlərinin buzları yalnız bir zaman əriyə bilər”

Tofiq Abbasov: "Əgər onların ümumi düşməni peyda olarsa"


Zaur Məmmədov: "Bu iki dövlət dünyadakı nüfuz dairələrinin bölüşdürülməsinə dair növbəti razılığa gələ bilərlər"


Bir sıra ekspertlər düşünürlər ki, dünyada siyasi sabitliyin yaranması ABŞ və Rusiya münasibətlərinin normallaşmasından asılıdır. Lavrovun Trampla görüşməsi bu istiqamətdə irəliləyişin olması ümidini yaratsa da əksər ekspertlər bunun hələ ki mümkün olmadığını düşünürlər.
Politoloq Tofiq Abbasov bildirib ki, ABŞ və Rusiya ikitərəfli münasibətlərinin buzları yalnız bir zaman əriyə bilər, əgər onların ümumi düşməni peyda olarsa. Bu isə qeyri-mümkündür.
O qeyd edib ki, Amerikanın Moskvaya dair siyasətini bir tək prezident yox, isteblişment müəyyən edir: "Orada Senat, Konqres, Pentaqon, Federal Təhqiqatlar Bürosu və s. institutlar ortaq mövqe formalaşdırmaqla münasibət tərtib edirlər". Politoloq bildirib ki, tək prezident istəməsə də, sözügedən siyasi institutlar Rusiyanı düşmən kimi qəbul edərək strategiya sərgiləyirlər: "Yeri gələndə onların rəhbərləri heç gizlətmirlər ki, Moskva hədəfdə olan düşməndir".
T. Abbasov vurğulayıb ki, sözlər, ifadələr və açıqlanan niyyətlər vəziyyətin emosional tərəfini səciyyələndirirlər: "Əsas isə odur ki, reallıqda atılan addımlar hansı mənzərəni canlandırır. Bu sarıdan vəziyyət çox sərt və hətta narahatlıq doğurandır".
Politoloqun sözlərinə görə, Rusiya ərazisinin perimetri Amerikanın raketləri, hava hücumlarından müdafiə kompleksləri ilə əhatələndirilib: "Orda cüzi boşluqlar var idi ki, artıq onlar da dolduruldu. Söhbət Fars körfəzi bölgəsindən və Koreya yarımadasından gedir. Həmin ərazilərdə də Amerikanın hücum və fəal müdafiə sistemləri artıq yerləşdirilib".
O sonda qeyd edib ki, bunu nəzərə almaq lazımdır və romantik fikirlərin yersiz olduğunu qəbul etmək vacib görünür.
Politoloq Zaur Məmmədov isə ddiqqətə çatdırıb ki, həm Rusiya, həm də ABŞ prezidentləri yayda Hamburqda baş tutacaq ilk görüşlərini səbirsizliklə gözləyirlər: "Xüsusilə də, Rusiya prezidenti Vladimir Putinin görüşün nəticə ilə bitməyi üçün səylər edəcəyi artıq indidən bəllidir. O qeyd edib ki, bu gün dünyanın iki lider dövlətinin planetin müxtəlif bölgələrindəki məsələlər haqqında ortaq dil tapmaları çox vacibdir".
Politoloq vurğulayıb ki, görüşdə əsas məsələ Suriya münaqişəsi, tərəflər arasında geosiyasi maraqların müzakirəsi olacaq: "İstisna deyil ki, Rusiya və ABŞ dünyadakı nüfuz dairələrinin bölüşdürülməsinə dair növbəti razılığa gələcəklər".
Z. Məmmədov əlavə edib ki, prinsip etibarilə, Rusiyanın Ukrayna və Suriya ilə bağlı mövqeyi hər kəsə bəllidir. Belə ki, Rusiya vahid, bütöv Suriyanın olmasında tərəfdardır: "Ukrayna məsələsində çox güman ki, Moskva indiki vəziyyətin bir müddət bu "status-kvo"da qalmasına səy göstərəcək. Trampın nələr edəcəyi isə, hələ ki bütün dünya üçün sirdir. Onun Ukrayna və Suriya məsələsinə baxış bucağı publika üçün tam olaraq bəlli deyil".



Əli