

Astanada Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın səfəri zamanı Qazaxıstan ilə Vyetnam arasında strateji tərəfdaşlığa dair birgə Bəyanat qəbul edilib.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər siyasi münasibətləri və diplomatiyanı gücləndirmək, milli müdafiə, təhlükəsizlik və hüquq sahəsində əlaqələri genişləndirmək, iqtisadi, kənd təsərrüfatı, elm, texnologiya, rəqəmsal transformasiya, enerji, mədəniyyət, idman, turizm, təhsil, əmək və ətraf mühit sahələrində hərtərəfli əməkdaşlığı təşviq etmək barədə razılığa gəliblər.
Görüşdə regionlararası əməkdaşlığın genişləndirilməsinə, o cümlədən regional və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Birgə Bəyanatda vurğulanır ki, Qazaxıstan Vyetnam tərəfini dövlətlərin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tranzit və nəqliyyat potensialının inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumatlandırıb, həmçinin ixrac mallarının Qazaxıstan ərazisindən müxtəlif istiqamətlərə çatdırılması üçün Orta Dəhlizdən istifadə imkanlarının öyrənilməsini təklif edib.
Qeyd edək ki, səfər çərçivəsində Baş katib To Lam Prezident Kasım-Jomart Tokayev ilə danışıqlar aparıb, eləcə də Qazaxıstanın digər rəsmi şəxsləri ilə görüşlər keçirib.