

“Trampın yenidən Prezident seçilməsi Bayden dövründə ABŞ ilə münasibətləri pisləşən dövlətlər üçün ikitərəfli münasibətləri bərpa etmək ümidini artırıb. ABŞ ilə münasibətləri qoruyub saxlamaq Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də vacibdir. Bu, xüsusilə getdikdə artan qlobal gərginlik fonunda xarici siyasəti balanslaşdıraraq milli maraqları qorumaq baxımından lazımlıdır. Bilirik ki, Gürcüstanda ötən il gərgin hadisələr yaşandı. Xüsusilə xarici agentlər haqqında qanun qüvvəyə mindikdən sonra ABŞ və Avropa İttifaqının bir sıra ölkələri Gürcüstan hakimiyyətinə təzyiqlər etdilər. Hakimiyyət nümayəndələrinin Şengen zonasına vizasız hərəkət imkanları məhdudlaşdırıldı, Gürcüstanın Aİ üzvlüyü prosesi dayandırıldı, Qərb hakim “Gürcü Arzusu” partiyasını Rusiya yönümlülükdə ittiham etdi, oktybarda keçirilən parlament, dekabrda isə prezident seçkilərini saxtalaşdırdığı iddiası ilə hakimiyyət dəyişikliyinə açıq çağırışlar səsləndirildi, hətta bir neçə Aİ ölkəsinin xarici işlər naziri Gürcüstandakı etiraz aksiyalarında şəxsən iştirak etdilər. İş o yerə çatmışdı ki,Avropa Parlamenti qətnamə qəbul edərək Gürcüstanın yeni seçilmiş hökümətini qeyri-legitim adlandıraraq ötən ilin dekabrında prezident vəzifəsini tərk etmiş Salome Zurabişvilini Prezident olaraq tanıdıqlarını bəyan etdilər”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Ş.Cəlilzadə əlavə edib ki, lakin 2025-ci ildə yaşanan qlobal hadisələr, o cümlədən Trampın hakimiyyətə qayıdışı fonunda ABŞ və Aİ-dən gələn təzyiqlər azaldı: “Elə buna görədir ki, Baş nazir İrakli Kobaxizde 16 mayda Avropa Siyasi Birliyinin toplantısına dəvət aldı və bu, Avropanın Gürcüstan hakimiyyətinin legitimliyini şübhə altına alan qətnaməsinin və müvafiq çağırışların gündəmdən düşdüyünü göstərir. Bu, Gürcüstan hakimiyyətində ABŞ ilə münasibətlərin də bərpa olunacağına ümidi artırır. ABŞ Gürcüstanda hökümət çevrilişi etmək üçün sponsor olduğu təşkilatlara maliyyə dəstəyini USAİD və digər qurumlar vasitəsilə çatdırırdı. Lakin Trampın USAİD-in fəaliyyətini dondurması Gürcüstanda ABŞ ilə münasibətlərin bərpası üçün mühüm stimul yaradıb”.
Onun sözlərinə görə, bununla yanaşı, qeyd etmək lazımdır ki, ABŞ-dən hələ ki, Gürcüstanla bağlı müsbət siqnal yoxdur: “Əksinə, Tramp administrasiyası ötən ay bəyan edib ki, Gürcüstan hakimiyyəti anti-demokratik davranışlara davam edərək müxalifət nümayəndələrini (həmçinin Saakaşvili nəzərdə tutulur) həbsdə saxladığına görə, Gürcüstanla münasibətlərini hələ ki, qiymətləndirmə prosesindədirlər. Başqa ifadə ilə, 2003-cü ildə Gürcüstanda baş verən “Qızılgül inqilabı”nın Qərbə qazandırdığı üstünlüyü son illərdə itirən ABŞ, Gürcüstan hakimiyyətinə münasibətini öz maraqları prizmasından formalaşdıracaq. Belə ki, biz Gürcüstanda son bir neçə ildə Rusiyanın artan təsir gücünü müşahidə edə bilərik. Bunu Azərbaycan da rahatlıqla hiss edir. Məsələn, 2008-ci ildən bəri Rusiyadan qaz idxalını dayandıran Gürcüstanın əsas qaz təminatçısı Azərbaycan idi, lakin 2021-ci ildən Gürcüstan Rusiyadan qaz idxalına başladı və ilbəil həcmi artırır. Bu, sadəcə enerji sektorunda müşahidə olan Rusiyanın təsiridir. Təbii ki, burada toqquşan regional geosiyasi maraqlardan bəhs olunur və odur ki, Gürcüstan hakimiyyəti ABŞ-nin regional maraqlarına cavab verdiyi, yaxud tərəflər arasında praqmatik balanslaşma apara bildiyi dərəcədə münasibətlərin bərpasına ümid bəsləyə bilər”.
Röya İsrafilova