

İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən kül və lava püskürməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı məlumatda Etnanın cənub-şərqindəki “Yeni ağız” adlı kraterində partlayış baş verdiyi və vulkanın yamaclarında lava axınının müşahidə olunduğu bildirilib. Bu, cari ilin fevral və aprel aylarında vulkanda qeydə alınan 13-cü aktivlikdir.
Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın ətəyindəki yaşayış məntəqələrində böyük əraziyə yayılıb. Kül dumanının hündürlüyü 2 kilometr yüksəkliyə çatıb.
Vulkanın püskürməsi nəticəsində Kataniya şəhərinin “Fontanarossa” hava limanında uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır.