Ukraynada azərbaycanlı diaspor rəhbəri güllələnib Dünya

Ukraynada azərbaycanlı diaspor rəhbəri güllələnib

Rövşən Tağıyev: "Çox güman ki, son vaxtlar Ukraynada baş verən hadisələrlə bağlı Millətlər Assambleyasındakı fəaliyyətim bəzi qüvvələri narahat edir"
Diasporla İş üzrə Dövlət Komitəsi: "İnanırıq ki, bu cinayət hadisəsinin motivləri tezliklə müəyyən ediləcək"

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev güllələnib.
R. Tağıyevin yaxınlarının APA-ya verdiyi məlumata görə, silahlı sui-qəsd nəticəsində R. Tağıyev çiynindən güllə yarası alıb.
Hadisə ötən gün Ukrayna vaxtı ilə axşam saat 17:00 radələrində Kiyevin mərkəzi Padol rayonunda baş verib. Naməlum şəxslər maşınından düşmək istəyən R.Tağıyevə nömrəsiz xarici markalı maşınla yaxınlaşaraq, qəflətən tapançadan atəşə tutublar, onun yıxıldığını görüb hadisə yerini tərk ediblər.
Yaxınları R.Tağıyevin xəstəxanaya yerləşdirildiyini, vəziyyətinin orta ağır olduğunu bildiriblər.
R.Tağıyev APA-ya açıqlamasında bildirib ki, Ukrayna Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidmətinin rəhbərliyi onunla maraqlanıb.
Artıq hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının birgə istintaq qrupunun yaradıldığını söyləyən R. Tağıyev qeyd edib ki, sui-qəsd onun fəal ictimai-siyasi fəaliyyəti ilə bağlı ola bilər: "Mən azərbaycanlıların Konqres rəhbəri olmaqla yanaşı, burada Millətlər Assambleyasına da rəhbərlik edirəm. Bu yaxınlarda Donetskdə verdiyimiz bəyanat geniş reaksiya doğurdu. Ona görə də çox güman ki, son vaxtlar Ukraynada baş verən hadisələrlə bağlı Millətlər Assambleyasındakı fəaliyyətim bəzi qüvvələri narahat edir".
R.Tağıyevin sözlərinə görə, onun 25 illik biznes fəaliyyəti ilə bağlı heç bir problemi olmayıb və indi də işi ilə əlaqədar kimlərdənsə problem gözləmir: "Mən biznesimdə heç kimdən asılı deyiləm və kiminləsə maraqlarım toqquşmur, əksinə, çoxlu dostlarım var. İstər otel sektorda, istər aldığım torpaq sahələrinin istifadəsində tək iştirak edirəm, heç kimlə maraqlarım toqquşmur".
Diaspor rəhbəri baş verən hadisəni belə nəql edib: "Kiyevin mərkəzi Podol rayonunda, evimə yaxın ərazidə aptekdən çıxıb maşınıma minmək istəyirdim. Elə bu vaxt təxminən beş metr məsafədə, üzbəüz bir avtomobil dayandı və şüşələri enən kimi ucunda səsboğucu olan iki tapança mənə, düz üzümə tuşlandı. Özümü maşının altına atdım və bu zaman başıma doğru açılan ilk atəş çiynimə dəydi. Üzü maskalı şəxslərdən biri maşından düşüb yenə başıma doğru atəş açmağa çalışdı və mən güllədən yayındım. Elə bu zaman hadisə yerinə toplaşan insanları görən basqınçılar cəld avtomobillərinə minib qaçdılar".
Milisdən R. Tağıyevə bildiriblər ki, artıq hadisə yerində tapançanın səsboğucusunu tapıblar. Eyni zamanda basqınçılara məxsus "Toyota" markalı avtomobil yanmış halda rayon ərazisində aşkarlanıb.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynanın paytaxtı Kiyevdə diaspor rəhbərinin güllələnməsinə münasibət bildirib. Komitənin şöbə müdiri Rizvan Əliyev APA-ya bildirib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevin güllələnməsi onlarda ciddi narahatlıq yaradıb.
R.Əliyev bildirib ki, hadisənin baş verməsindən 20 dəqiqə sonra bu barədə komitəyə məlumat daxil olub: "Məsələ Komitə rəhbərliyinin də ciddi nəzarətindədir. Rövşən Tağıyev Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. Bu hadisədən təəssüflənirik. Dövlət Komitəsi baş verənlərlə bağlı mütəmadi olaraq məlumat alır. Hadisə haqqında yerində, daha ətraflı məlumat almaq üçün komitənin iki əməkdaşı Ukraynaya ezam olunub. Hazırda istintaq gedir və inanırıq ki, bu cinayət hadisəsinin motivləri tezliklə müəyyən ediləcək, cinayətkarlar aşkara çıxarılaraq layiqli cəzalarını alacaqlar".
Komitə rəsmisi vurğulayıb ki, Azərbaycan diaspor fəalına qarşı sui-qəsdin motivləri barədə hansısa versiya irəli sürmək hələ tezdir: "Biz Rövşən Tağıyevin özü ilə də intensiv əlaqə saxlayırıq. O da hər hansı dəqiq ehtimalının olmadığını bildirib. Biz öz səlahiyyətlərimiz çərçivəsində bütün zəruri addımları atacağıq. Eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyi ilə də məsləhətləşmələr aparırıq. Kimliyindən, vəzifəsindən, ictimai statusundan asılı olmayaraq, hər bir azərbaycanlının çətin anlarında yanında olmaq bizim vəzifəmizdir".