Tramp Dohada 1,2 trilyonluq saziş imzaladı Dünya

Tramp Dohada 1,2 trilyonluq saziş imzaladı

20:17

ABŞ və Qətər 1,2 trilyon dollar dəyərində saziş imzalayıblar. Razılaşma ABŞ Prezidenti Donald Tramp və Qətər əmiri şeyx Şeyx Təmim bin Həməd əs-Saninin görüşündə əldə edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.

“Bu gün ABŞ Prezidenti Donald Tramp Qətərlə ən azı 1,2 trilyon dollar məbləğində iqtisadi dövriyyəni əhatə edən saziş imzalayıb. Prezident Tramp həmçinin ABŞ və Qətər arasında ümumi dəyəri 243,5 milyard dollardan çox olan iqtisadi razılaşmaların əldə olunduğunu açıqlayıb. Bu razılaşmalara “Qatar Airways” aviaşirkətinin “Boinq” təyyarələri və "GE Aerospace" mühərriklərinin alınması ilə bağlı tarixi saziş də daxildir”, – məlumatda qeyd olunub.

Sazişə əsasən, “Qatar Airways” 96 milyard dollar dəyərində 210 ədəd müasir “Boinq 787 Dreamliner” və 777X sərnişin təyyarəsi alacaq.

Tramp isə sazişin imzalanmasından sonra bildirib ki, söhbət 200 milyard dollar dəyərində 160-dan çox təyyarənin alınmasından gedir.

Bundan əlavə, Qətər ABŞ-ın “General Atomics” şirkətindən 2 milyard dollara 8 ədəd MQ-9B pilotsuz uçuş aparatı, həmçinin Amerikanın “Raytheon” korporasiyasından 1 milyard dollara dronlara qarşı mübarizə avadanlığı alacaq.

ABŞ və Qətər hərbi sahədə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və 38 milyard dollardan çox potensial investisiyalar barədə razılığa gəliblər. Bu vəsaitin bir hissəsi Yaxın Şərqdə yerləşən ən böyük ABŞ hərbi hava bazası olan Əl-Üdeyd bazasına yönəldiləcək.