NATO Trampın Ukraynada müharibəyə son qoymaq səylərini tam dəstəkləyir Dünya

NATO Trampın Ukraynada müharibəyə son qoymaq səylərini tam dəstəkləyir

Türkiyənin təsirli müdafiə sənayesi bazası var.

APA xəbər verir ki, bu barədə Baş katib Mark Rutte NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib.

Rutte bildirib ki, NATO olaraq ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq istiqamətindəki səylərinə tam dəstək verirlər: “Biz Prezident Trampın Ukraynada müharibəyə son qoymaq səylərinə tam dəstəyimizi bir daha təsdiqləyirik. Ukraynaya dəstəyimiz müharibənin davam etməsi üçün deyil, bu ölkənin gələcəkdə özünü müdafiə edə bilməsi üçündür”.

NATO Baş katibi Türkiyənin bölgədəki diplomatik roluna da diqqət çəkib: “Türkiyənin bir araya gətirmə gücü bəllidir. Bunu hər gün görürük”, – Rutte İstanbulda keçirilən Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı bildirib.

NATO Baş katibi Türkiyənin müdafiə sənayesinin gücünü də xüsusi vurğulayıb: “Türkiyə təsiredici müdafiə sənayesi bazasına malikdir. ABŞ və Avropanın bütün sənaye sektorları və ölkələri ilə sıx əməkdaşlıq edir”.

Onun sözlərinə görə, Rusiya cəmi üç ayda NATO-nun bir ildə istehsal etdiyi qədər sursat istehsal edir. Bununla yanaşı, Rusiyanın iqtisadi gücü NATO ölkələrinin ümumi iqtisadi potensialının cəmi beş faizini təşkil edir.