Finlandiya Rusiya aktivləri hesabına Ukraynanı silah-sursatla təmin edəcək Dünya

Finlandiya Rusiya aktivləri hesabına Ukraynanı silah-sursatla təmin edəcək

Helsinki Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 90 milyon avro gəlir hesabına Ukraynanı silah-sursatla təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Finlandiya və Avropa Komissiyası Ukraynaya döyüş sursatlarının tədarükü ilə bağlı müqavilə imzalayıb. Sursatlar Finlandiyanın müdafiə sənayesi tərəfindən istehsal olunacaq”, - deyə bəyanatda bildirilir.

Nazirliyin məlumatına görə, 90 milyon avroluq müqavilə Avropa Sülh Fondu vasitəsilə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşəcək.

Qeyd edək ki, Qərb ölkələrində Rusiyanın 260 milyard avrodan çox aktivləri dondurulub. Avropa İttifaqı depozitlərdən əldə olunan gəlirləri Ukraynanın maraqlarına uyğun istifadə etmək istəyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində Moskvanın Rusiya aktivlərinin Qərb tərəfindən müsadirəsinə müvafiq cavab verəcəyini bildirib.