

Almaniya Kansleri Fridrix Merz, İsrail ordusunun Qəzza zolağındakı fəaliyyətlərini gücləndirməsindən ciddi narahatlıq duyduğunu bildirdi və bu narahatlığın İsrailin mövcudluq haqqını dəstəkləmələri ilə ziddiyyət təşkil etmədiyini vurğuladı. O, orada yaşayan mülki əhalinin çəkdiyi dəhşətli əzabların onları sarsıtdığını dedi.
Xalqcebhesi.az xəbər verir ki, Merz bu açıqlamanı Finlandiya Baş naziri Petteri Orpo ilə Turku şəhərində keçirilən birgə mətbuat konfransında verdi. O qeyd etdi ki, Almaniya İsrailin var olma hüququnu şərtsiz şəkildə dəstəkləməyə davam edir, lakin Qəzzadakı vəziyyətin yaratdığı narahatlığı da gizlətmir.
Merz belə deyib:
"İsrail ordusunun Qəzzadakı hərbi fəaliyyətlərini intensivləşdirməsindən böyük narahatlıq duyduğumuzu deməyimiz bir ziddiyyət deyil. Orada yaşayan mülki əhalinin çəkdiyi dəhşətli əzablar bizi sarsıdır."
Alman kansleri, İsrail hökuməti ilə yaxın dialoqda olduqlarını, insani yardıma icazə verilməsini, ərzaq təhlükəsizliyinin təmin olunmasını və Qəzza əhalisi üçün su və ərzaq tədarükünün mümkün edilməsini tələb etdiklərini söylədi.
Merz həmçinin vurğulayıb ki, İsrailin Qəzzadakı intensiv hərbi hücumlarının artıq terrorla mübarizə və girovların azad olunması məqsədinə xidmət etmədiyini düşünür:
"Son bir neçə gündə baş verənlərə çox tənqidi yanaşıram. İsrailin var olma haqqını müdafiə etmək və Həmas terroruna qarşı mübarizə aparmaq üçün bu hücumlar artıq zəruri görünmür. Mülki əhali çox ciddi şəkildə əziyyət çəkir. Mən bunu ehtiyatla deyənlərdənəm, ilk deyən də deyiləm. Amma bu hadisələrin artıq başa düşüləcək bir tərəfi olmadığını açıq şəkildə demək vaxtı gəlib və mən bunu hiss edirəm."
Merz, Almaniyanın İsrailə silah göndərməsi ilə bağlı suala isə belə cavab verib:
"Bu məsələ Alman hökumətinin daxili müzakirə mövzusudur. Hələ nəticəyə gəlməyib və əvvəlcə bunu Federal Hökumət daxilində müzakirə edəcəyimizi, sonra qərar verəcəyimizi anlayışla qarşılamanızı rica edirəm. Bu qərarlar ictimaiyyətə açıqlanmayacaq da ola bilər."
Məryəm Quliyeva