Krım tatarları Rusiyanın hədəfində Dünya

Krım tatarları Rusiyanın hədəfində

Rəsmi Moskva onlara qarşı yeni repressiya dalğasına start verib

Cavid

Rusiyanın beynəlxalq hüquq normalarına, o cümlədən öz beynəlxalq öhdəlikərinə məhəl qoymadan Ukraynaya hərbi müdaxilə yolu ilə Krım Muxtar Vilayətini ilhaq etməsinə baxmayaraq, tarixin ən ağır sınaqlarından keçmiş Krım tatarları bu gün də öz haqları uğrunda mübarizələrini davam etdirirlər. Son onilliklərdə olduğu kimi indiki mərhələdə də Krım tatar xalqının bu haqq və ləyaqət mübarizəsinə tanınmış dissident, ictimai-siyasi xadim Mustafa Cəmiloğlu rəhbərlik edir.
Krım Tatar Məclisinin mətbuat katibi Əli Həmzin Ukraynanın "UNİAN" agentliyinə açıqlamasında bildirib ki, Krımda tatarlara qarşı kütləvi şəkildə terrorçuluq ittihamı elan olunur və evlərində axtarışlar aparılır. O deyib ki, Krım tatarlarının lideri Mustafa Cəmilovun iştirakı olmadan evində axtarış aparılıb.
Onun sözlərinə görə, bir neçə gün əvvəl 150-dək tatar polis şöbələrinə aparılıb: "Onlardan barmaq izləri göütürülüb, şəkilləri çəkilib, məscidlərə getmələrinin məqsədlərinin açıqlanması tələb olunub".
Ə.Həmzin Krım tatarlarının təhlükəsizliyinin beynəlxalq səviyyədə təmin olunmasının vacibliyini vurğulayıb: "Məsuliyyəti tək Rusiya deyil, həm də Budapeşt memorandumunun zaminləri daşıyır".
Srağagün isə Krım tatarları deportasiyaya uğramalarının 70 illiyini qeyd ediblər. Səhər tezdən Bağçasaraydakı Lenin meydanında keçirilən matəm mitinqi zamanı havaya qalxan iki hərbi vertolyot dinc əhalinin, az qala, başı üzərində fırlanaraq iştirakçılar arasında vahimə yaradıb, çıxış edənlərin səsini batırıb.
Krım ərazisinə girişinə qadağa qoyulan Krım tatarlarının lideri Mustafa Cəmilov özü anım tədbirlərində iştirak edə bilməsə də, 18 may - deportasiya qurbanlarının anım günü həmyerlilərini öz hüquqlarını qorumağa çağırıb. "Məclis həmvətənlilərimizin təhlükəsizliyinə görə narahatdır, bu səbəbdən anım tədbirlərinin rayonlarda keçirilməsinə dair qərar verilib. Lakin mən düşünürəm ki, xalq istənilən halda Lenin meydanına çıxacaq və bunu düzgün addım olacaq - insanlar öz hüquqlarını qorumalıdır. SSRİ dövründə də bizə çox şeyi qadağan edirdilər" - deyə deputat bildirib.
Ukrayna mediasının xəbərinə görə, deportasiya qurbanlarını ananlar "Mustafa", "Millət", "Vətən", "Krım" deyə qışqırmağa başlayıblar. Mitinqə gələnlər arasında xeyli uşaq və deportasiya şahidləri-yaşlı insanlar olub.
Ukraynanın BMT-də daimi nümayəndəsi Yuri Sergeyev bəyan edib ki, Rusiyanın Krımı öz ərazisinə birləşdirdikdən sonra 7 min tatar Krımı tərk edib. Yuri Sergeyev bəyan edib ki, Krımda tatarların vəziyyəti onların təqib olunması və istintaqa çağırılması Ukrayna hökumətini narahat edir.
Dünənki məlumata görə isə polis tərəfindən saxlanılan Krım tatarlarının məşhur jurnalisti Osman Paşayev sərbəst buraxılıb. Krım tatarlarının deportasiya olunmasının 70 illiyinə həsr olunmuş mitinqindən reportajlar hazırlayan Osman Paşayev Simferopolun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Yerli jurnalistlərin verdiyi məlumata görə, Osman Paşayevlə birlikdə çəkilişlər aparan türkiyəli operator Çenqiz Kızqın da polis tərəfindən saxlanılib. Şahidlərin dediyinə görə, anım gününə gələn Meydandakı insanların döyülməsinə və təhqir olunmasına görə milislərə etira etdiyinə görə Osman Paşayev Krımdakı milislərin qəzəbinə tuş gəlib. Meydandakı mitinqçilərin telefonları, kompüterləri, hətta pulları da itib. Osmanın isə üzərindəki bahalı telefon və əlaqə vasitələrini müsadirə edərək, gödəkçəsini də əynindən çıxarıblar. Onlar həm də rus və ukrayna dilini bilməyən türkiyəli teleoperator Çenqiz Qızğını davamlı olaraq təhqir ediblər. Sonra isə onların ikisini də rayon polis şöbəsinə aparıblar. Səhərə yaxın hər iki jurnalistə çağırış vərəqəsi verərək, buraxıblar
O.Paşayevin yaxınlarının verdiyi xəbərə görə, jurnalisti Futbolçular küçəsindəki milisi şöbəsində dindirilir. Tanışlarına zəng edən Osman Paşayev, özü üçün vəkil tutmağı xahiş edib. Həbsdaən azad edilən jurnalistlər yaxınlarına deyiblər ki, onları milis bölməsində döyüblər.
"Krım tatarları Krımda milli-ərazi muxtariyyətinin yaradılması yolu ilə özünütəyin hüququ olduğunu bəyan edir". Kiyevdə keçirilən və tatarların Krım yarımadasından deportasiyasının 70-ci ildönümünə həsr edilən kütləvi mitinqin qətnaməsində belə deyilir. Sənəddə Krım tatarlarının tarixi adların bərpası, Krım hakimiyyət orqanlarında təmsil olunmağa təminat, Krım tatarlarının qurultayının tanınması və Krım tatarlarına qarşı ayrıseçkiliyə son qoyulması kimi tələblər irəli sürülüb.
Qətnamə müəlliflərinin fikrincə, 70 il əvvəl olduğu kimi, indi də Krım tatarlarına qarşı zorakılığa yol verilir, onların toplaşmaq hüququ əllərindən alınır.
Həmin qətnamənin qəbul edildiyi mitinqdə 30 minə yaxın Krım tatarının iştirak etdiyi bildirilir.
Onu da bildirək ki, Krım hakimiyyəti mart ayında iyunun 6-dək yarımadada hər hansı kütləvi aksiyaların keçirilməsinə qadağa qoyub.
Krım prokurorluğu vəziyyətin gərginləşdiyi təqdirdə Krım Tatarları Məclisinin ləğv ediləcəyi barədə xəbərdarlıq edib.
Hakimiyyət şəhər mərkəzində aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığını bildirib. Eyni zamanda krım tatarlarına Simferopolun müsəlman qəbiristanlığında toplaşmaq təklif olunub.
Rusiyanın insan haqları üzrə ombudsmanı Ella Pamfilova Krım hökumətinin qərarını tənqid edərək bildirib ki, qadağa problemin həllinə kömək etməyəcək.
Rusiya prezidenti Vladimir Putin isə Krım tatarlarına müraciət edərək bildirib: "Bundan sonra Krım tatarları gələcəklərinin Rusiya ilə birlikdə olduğunu qəbul etməlidirlər".
Vladimir Putin əlavə edib ki, tatarlar Ukrayna və Rusiya arasında mübahisə mövzusu olmamalıdırlar.
Bu arada BMT bəyan edib ki, Krım Rusiya tərəfindən ilhaq edildikdən sonra tatarlara qarşı təqib və təhdidlər şiddətlənib.
Xatırladaq ki, Almaniya ilə əlbir olmaqda ittiham edilən Krım tatarları 1944-cü ilin 18 mayında Stalin rejimi tərəfindən öz yurdlarından çıxarılmışdı. Bəzi şərhçilər bildirirlər ki, Rusiyaya ilhaq edilmiş Krımın baş naziri Sergey Aksyonovun iyunun 6-dək yarımadada bütün nümayiş və aksiyaları qadağan edən sərəncam verməsi məhz bu tarixin tatarlar tərəfindən qeyd olunmasının qarşısının alınması məqsədini güdür.
Aksyonov bildirib ki, bu sərəncam "ekstemistlər tərəfindən mümkün təxribatların qarşısının alınması" və "kurort mövsümünün rəvan davam etməsi" üçün verilib.
Məlum olduğu kimi Krım rusları və rusdilliləri bölgənin Rusiyaya birləşməsi barədə referendumda səs verdikləri halda, əhalinin 12 faizini təşkil edən tatarların əksəriyyəti səsverməni boykot edib.
Üstəlik referendum günü yarımadanın Rusiya qoşunları tərəfindən işğal edilməsinə etiraz edən tatar Reşat Ametov yoxa çıxıb. Sonradan onun üzərində işgəncə izləri olan cəsədi tapılıb.
Həyatının son anlarında düşdüyü videkamera kadrlarında Reşatın kamuflyaj geyinmiş maskalılar tərəfindən Simferopoldakı Lenin meydanından aparıldığı görünür. Tatar icmasının nümayəndələri "The Guardian" qəzetinin müxbirinə bildiriblər ki, indi rusların onlara münasibəti elə 1944-cü ildə olduğu kimidir.
Aksyonov deyib ki, Ametovun qətli yerli ruysiyapərəst silahlılarla əlaqəli deyil, lakin qətl hadisəsi hələlik açılmamış qalır.
Krım tatarlarına qarşı zorakılıq beynəlxaləq təşkilatlar tərəfindən də pislənilir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nuland bu ay Konqresdə etdiyi çıxışında deyib ki, Vaşinqton Krımda insan haqlarından, ələlxüsus da tatarların vəziyyətindən ciddi narahatlıq keçirir.
Öz növbəsində BMT-nin insan haqları üzrə ali baş komissarı Navi Pillay bəyan edib ki, tatarlar təhdid, dini zəmində təqiblə üzləşir, öz yurdlarından qaçmağa məcbur edilirlər.
BMT insan haqları komissarlığının hesabatında deyilir ki, Ukraynanın şərqindəki qiyamçı qüvvələr tərəfindən "hədəfli qətllər, işgəncələr və bəzi hallarda cinsi qısnamalar törədilir".
Hesabatda həmçinin Krım tatarlarının qeyri-rəsmi lideri, Ukrayna millət vəkili və keçmiş sovet dissidenti Mustafa Cəmilovun məsələsinə də toxunulur. O, Kiyevdə iclasda iştirak etdikdən sonra Krıma buraxılmayıb. Cəmilov tatar xalqını və özünüidarəetmə qurumu olan Krım Tatar Milli Məclisini rusiyapərəst hökumətə etibar etməməyə və Rusiyaya birləşmə barədə referendumu boykot etməyə inandıra bilib.
O, hətta referendumdan əvvəl Rusiya prezidentinə zəng vuraraq qoşunları Krımdan çıxarmağı tələb etmişdi.
Tatarlar hələlik mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisini gözləyirlər. Mustafa Cəmilov deyib ki, hazırda Krım tatarlarının məclisi yeni hökumətlə əməkdaşlıq məsələsində parçalanıb, lakin kompromis əldə oluna bilər.
Bu arada məclisin üzvü Abduraman Egiz özlərini rusiyameylli özünümüdafiə dəstəsi adlandıranlar tərəfindən döyülüb. Tatarlar məhz bu özünümüdafiə birliklərinin buraxılmasını tələb edirlər.
Krım üzrə müstəqil siyasi şərhçi Sergey Kostinski deyir ki, Putin ötən ay Krım tatarlarının həyat səviyyəsinin yüksəldiləcəyini, xüsusilə onların mənzillə təminatının yaxşılaşdırılacağını vəd etsə də, o, ilk öncə Krımdakı şovinizmin kökünü kəsməlidir.
Krımın Avropameylli Vətəndaş Cəmiyyəti İnstitutunun rəhbəri Rustem Ablyatifov isə deyib ki, məhz bu Krımda rus şovinizminə görə son vaxtlarda 1500 Krım tatarı Qərbi Ukraynaya qaçmalı olub. Cəmilov isə daha böyük rəqəm göstərib. O deyir ki, Rusiyanın ilhaqından sonra 5 min Krım tatarı didərgin düşüb.
Vaxtilə Azərbaycanda yaşamış İsmayıl İsmayılov "The Guardian" qəzetinə bildirib ki, artıq 30-dək tatar Polşada siyasi sığınacaq alıb: "İndi burda hakimiyyət şovinistlərdədir, onlar özlərini daha sərbəst hiss edirlər və deməli, Krım tatarları üzərinə təzyiq və təqibləri də artıracaqlar".