Əsl müəllim örnəyi Hadisə

Əsl müəllim örnəyi

Mən uşaq olanda, ondan əfsanə kimi danışırdılar. O, hər kəsin xoş danışdığı və qəlbində yaşatdığı bir obraz idi. Xəyalımda hər zaman onu mərd, sadə, el insanı və mübarizədən geri qalmayan ideya adamı kimi canlandırıram. Çünki onun adı bir bölgənin deyil, bir nəslin yaddaşına yazılmışdı: hər kəsin dilində bir ad vardı-Yardımlının Elçibəyi. Bu ad təkcə hörmətin yox, həm də inamın rəmzi idi. O, həm də müəllimlik peşəsini ləyaqətli edən dürüst insanlardandı. Özü ilə sözü eyni idi. Söz verdimi, yerinə yetirirdi. Əqidəsinə sadiq, mənəviyyatına təmiz idi.

Mirdaməd bəy kimi insanlar müəllim adını ucaldan, o ada mənəvi dəyər qazandıranlardır. Soydaşına sevgi, məhəbbət və gəncliyə gələcəyin kapitalı, idarəçisi kimi yanaşırdı-bir övlad yox, millətin gələcəyi kimi baxırdı. O, hər bir gəncdə millətin sabahını görürdü, hər bir şagirddə bir ümid payı axtarırdı. O, əsl vətənpərvər, əsl Azərbaycanlı idi. Azadlığı qram-qram istəmədi, gəncliyini, sağlamlığını bu millətin azadlığı uğrunda verdi, fəqət bir an belə “yetər” demədi. Mirdaməd bəy belə insan olub, onu xatırlayanların, tanıyanların yaddaşında belə qalıb və qalacaq.

Dağ adamı saf olur, çünki ucalıqda olmaq insanın özünü də ucaldır. Bu ucalıq onun mənəviyyatında, baxışında, susqunluğunda öz əksini tapırdı. Onun duruşunda bir dağ təmkinliyi, səsində bir yurd nisgili vardı.

Kəndlərdə, dağ yollarında, məktəb otaqlarında onun adı hörmətlə çəkilirdi. İnsanlar Mirdaməd bəydən danışanda səsi alçalır, baxışları dərinləşirdi. Çünki bu adın arxasında yalnız bir insan yox, bir dövrün vicdanı və mübarizə ruhu dayanırdı. O, sükutun içində də söz deyə bilən adam idi. Onun sükutu bəzən nitqdən daha güclü olurdu, çünki o, həqiqəti susaraq da simasında ifadə edə bilirdi.

Onun haqqında deyilənlər elə bil bir məktəb kimi yadda qalıb. Hər kəsin xatirəsində o, müəllim, ziyalı, mərd və təvazökar bir bəy kimi yaşayır. Sadə geyimi, sakit danışığı, amma dərin mənalı sözləri ilə yadda qalıb. Deyirdilər ki, o, dərs dediyi hər yerdə yalnız bilik yox, insanlıq, dürüstlük və ədalət öyrədirdi. Onun üçün müəllimlik peşə yox, mənəvi borc, bir ömürlük xidmət idi. O, insanlara sadəcə oxumağı deyil, düşünməyi, vicdanla davranmağı öyrədirdi. Mirdaməd Seyfili əsl müəllim, vətəndaş və insan idi.

Mirdaməd bəyin adı çəkiləndə insanlar onun həm millət, vətən sevgisi, həm də təmənnasızlığı haqqında danışır. O, nə şöhrət, nə vəzifə axtardı. Xalq hərəkatı illərində ön sıralarda olsa da, özünü heç vaxt önə çıxarmadı. Ədalət, azadlıq və milli düşüncə onun üçün sadəcə şüar deyildi-bu, həyat tərzi idi. Haqqın tərəfində dayanmağı bacardı, hətta bu, ona çətinlik gətirsə belə. O, inandığı dəyərləri dəyişən zamana qurban vermədi. Onun üçün mübarizə təkcə meydanda yox, vicdanda aparılan savaş idi.

Onun haqqında ən çox deyilən cümlə sadə, amma dərin məna daşıyır: “Dürüst adam idi.” Eynən Elçibəy kimi…

Bu cümlə bir insanın ömrünü izah etməyə bəs edir. Dürüstlük onun ən böyük sərvəti, vicdanı isə həyatının istiqaməti idi. O, heç vaxt yaltaqlığın, riyakarlığın yoluna düşmədi. Xalqın içindən çıxan, xalq üçün düşünən, xalqla yaşayan ziyalı idi. Belə adamlar çox danışmır, amma onların haqqında illərlə danışılır. Çünki onların ömrü sözlə deyil, əməl ilə yazılır.

Mirdaməd bəyin ömrü göstərdi ki, insanın böyüklüyü tutduğu vəzifə ilə deyil, dayandığı mövqeylə ölçülür. O, bu mövqeni ömrü boyu qorudu və təvazökarlıqla, səssiz fədakarlıqla, sarsılmaz vicdanla. O, həyatını səssiz bir mübarizə, müəllimliyini isə bir vətəndaş missiyası kimi yaşadı. Onun həyatı bir dərs idi-susqunluqla da fədakarlıq etmək mümkündür.

Bu gün onun haqqında danışanlar təkcə bir müəllimi deyil, həm də bir ideyanı-təmiz, vicdanlı və vətəndaş mövqeyini xatırlayırlar.

O, sadə yaşadı və yaddaşlarda uca qaldı.

Çünki o, yaşadığı kimi danışdı, düşündüyü kimi yaşadı.

Və bəlkə də elə bu, insan ömrünün ən böyük qələbəsidir.

O, arxasında səs-küy yox, iz qoydu və bu iz millətin yaddaşında qalacaq!

Samir Əsədli