Gecikmə müddəti saniyələrlə ölçülən Yaponiyanın “Şinkansen” qatarı Dünya

Gecikmə müddəti saniyələrlə ölçülən Yaponiyanın “Şinkansen” qatarı

Hərfi tərcümədə “yeni əsas xətt” mənasını verən “Şinkansen” sadəcə bir nəqliyyat növü deyil. O, yüksək sürətli dəmir yolu inşa edən ölkə kimi Yaponiyanın inkişafının, innovasiyasının simvoludur.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın müasir kimliyinin ayrılmaz hissəsinə çevrilən “Şinkansen” qatarları ölkəni kəşf etmək üçün əvəzolunmaz bir yoldur. 1964-cü ildə istifadəyə verilən sürətli dəmir yolu şəbəkəsinin uzunluğu hazırda 3 min kilometrə yaxındır. “Yapon möcüzə”lərindən biri olan “Şinkansen” qatarları saatda 260-320 kilometr sürətlə hərəkət edir. 1996-cı ildə adi dəmir yolunda test zamanı sürət saatda 443 kilometrə, 2015-ci ildə maqlev (maqnit levitasiyası, yəni, maqnit yastıq üzərində hərəkət edən qatar) xəttində saatda 603 kilometrə çataraq, dünya rekordu müəyyən edilib. “Şinkansen” qatarları indiyədək 6,4 milyard sərnişin daşıyıb.

Gecikmə intervalı yalnız saniyələrlə ölçülən “Şinkansen” qatarlarının üstünlüklərindən biri də zəlzələ aşkarlama sisteminin yeraltı təkan zamanı qatarı çox tez zamanda dayandırmasıdır. Yeni qatarlar daha yüngüldür və sürətli dayanmağa imkan verən qabaqcıl əyləc sistemlərinə malikdir.

Yapon sürətli dəmir yolu təcrübəsi sonradan Çinin Tayvan adasında və materik hissəsində, Böyük Britaniyada da tətbiq olunub. Bundan başqa, ABŞ, Kanada, Avstraliya, Braziliya, Hindistan, İrlandiya və Vyetnamda da “Şinkansen” modelinin tətbiq ilə bağlı işlər aparılır.