

Avropa İttifaqı (Aİ) ölkələri, Ukraynanın 2026-cı ilin əvvəlindən etibarən İttifaq daxilində tətbiq olunan və mobil operatorların digər üzv ölkələrin abunəçilərindən rouminq haqqı almadığı rouminq zonasına daxil edilməsinə qərar verib.
Xalqcebhesi.az xəbər verir ki, Aİ Komissiyası, Aİ Şurasında Ukraynanın 1 yanvar 2026-cı ildən Aİ rouminq zonasına daxil edilməsinə dair tənzimləmə təklifinin qəbul edildiyini açıqlayıb.
Açıqlamada bildirilib ki, Ukrayna Aİ rouminq zonasına qoşulduqdan sonra 27 Aİ ölkəsində Ukrayna nömrələrindən əlavə ödəniş olmadan zəng etmək, mesaj göndərmək və mobil internetdən istifadə etmək mümkün olacaq. Eyni imkanlar Ukraynada yaşayan Aİ vətəndaşlarına da təqdim ediləcək.
Aİ-də mobil operatorların abunəçilərə rouminq haqqı tətbiq etməməsinə dair qaydalar 2017-ci ildə qüvvəyə minib.
Beləliklə, Aİ ölkələrindən birinin mobil operatoruna abunə olan istifadəçi, digər Aİ ölkəsinə səyahət etdikdə əlavə ödəniş etmədən öz tarif və müqaviləsi əsasında zəng edə, mesajlaşa və internetdən istifadə edə bilir.
Məryəm Quliyeva