

“Terrorsuz Türkiyə”nin olmaması üçün müxtəlif dairələrin təxribatlarına, dezinformasiyalarına qarşı çox diqqətli olmalıyıq.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı təşkil etdiyi “Yaddaş, ədalət və gələcək” panelində Türkiyə vitse-prezidenti Cevdet Yılmaz bildirib.
Türkiyənin vitse-prezidenti deyib ki, FETÖ terror təşkilatının xaricdə böyük şəbəkələri var və bu şəbəkələrin aradan qaldırılması üçün mübarizə davam edəcək: “FETÖ terror təşkilatı olan bir ortamda “Terrorsuz Türkiyə”dən bəhs edə bilərdikmi? Biz terroru ölkəmizin gündəmindən çıxarmağa çalışırıq. Enerjimizi daha böyük, güclü Türkiyə üçün sərf etmək istəyirik. “Terrorsuz Türkiyə”nin olmaması üçün müxtəlif dairələrin təxribatlarına, dezinformasiyalarına qarşı çox diqqətli olmalıyıq. “Terrorsuz Türkiyə” yolunda çox diqqətli olmalıyıq. Gələcəyimizi, “Türkiyə yüz ili”ni inşa etməkdə 15 iyuldakı mübarizənin çox böyük rolu var. “Türkiyə yüz ili” inşa edirik. Bu, böyük və güclü Türkiyə deməkdir. Bu baxımdan daxili cəbhəni gücləndirməyimiz çox önəmlidir. Bizi bölməyə çalışanlara qarşı həssas olmalıyıq. 15 iyul ruhu bizə böyük güc verir, bu güclə “Türkiyə yüz ili”ni inşa etməyə qərarlıyıq”.
Cevdet Yılmaz qeyd edib ki, dindən sui-istifadə hallarına qarşı mübarizə aparmaq lazımdır: “FETÖ terror təşkilatı məhz dindən sui-istifadə etməyə çalışırdı”.
Cevdet Yılmaz eyni zamanda, yeni Konstitusiyaya dair çağırış edib.
Türkiyə vitse-prezidenti deyib ki, artıq Türkiyə çevrilişlərdən sonra xarici dairələrin təsiri ilə hazırlanmış konstitusiyalarla vidalaşmalıdır: “Türkiyənin yeni konstitusiyaya ehtiyacı var. Bu, bir partiyanın, hətta bir neçə partiyanın bir araya gəlməsi ilə mümkün deyil, birgə yeni Konstitusiyanı ərsəyə gətirməliyik. Yeni Konstitusiya ilə Türkiyə daha demokratik olacaq. İqtidarı, müxalifəti ilə bu yolda səylərimizi əsirgəməməliyik”.