

Fransa Xarici İşlər Nazirliyi Suriyanın Süveyda vilayətindəki qarşıdurmaların sona çatdırılmasını tələb edib.
Xalqcebhesi.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Suriyanın cənubundakı Süveyda vilayətindəki ciddi hadisələrdən narahatlıq duyulduğu bildirilib.
Açıqlamada, Süveydadakı qarşıdurmaların sona çatdırılmasının yanı sıra bütün tərəflərə sakitliyi təmin etmək, mülki şəxslərin təhlükəsizliyini qorumaq və xüsusilə Süveydadakı Dürzilər və xalqın digər təbəqələri arasında barışı təşviq etmək üçün mümkün olan hər şeyi etmələri çağırılıb.
"Birmənalı şəkildə pislədiyimiz mülki şəxslərə qarşı zülm dərhal dayandırılmalıdır." ifadəsi ilə verilən açıqlamada, Suriyanın Müdafiə Naziri General Murhaf Ebu Kasra’nın dünən bölgədə elan etdiyi atəşkəsə bütün tərəflərin riayət etməsi vacib olduğu vurğulanıb.
Fransa, Suriyanın mövcud hökumətinin və Süveyda vilayətinin nümayəndələrinin dialoq yolu ilə yenidən bir həll tapmaq səylərini dəstəklədiyini bildirib və Paris hökumətinin Suriyanın birliyi, sabitliyi və suverenliyinin, eləcə də bütün suriyalıların təhlükəsizliyini gücləndirəcək qalıcı bir saziş arzuladığını qeyd edib.
Fransa, 13 fevralda Parisdə keçirilən Suriya Konfransı çərçivəsində edilən ortaq bəyanatın öhdəliklərinə və prinsiplərinə sadiq qaldığını bildirərək, Paris hökumətinin bölgədəki bütün tərəflərlə əlaqələrini davam etdirdiyini qeyd edib.
Məryəm Quliyeva