Almaniya kansleri: Qəzza zolağında baş verənlər artıq qəbuledilməzdir Dünya

Almaniya kansleri: Qəzza zolağında baş verənlər artıq qəbuledilməzdir

Almaniya kansleri Fridrix Merz Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında mövcud hadisələrə toxunub.

Merz, "Qəzza zolağında baş verənlər artıq qəbuledilməzdir. Öncəliklə, atəşkəs üçün, eləcə də bölgədəki insanlara hərtərəfli humanitar yardımın çatdırılması üçün təzyiq edirik" deyib.

İsrailə kömək etmək istədiklərini, ancaq qəbul edilməz olan şeyləri də açıq şəkildə ifadə etdiklərini deyən Merz, “Yeri gəlmişkən, İordan çayının qərb sahilindəki məskunlaşma siyasəti də daxil olmaqla, bu siyasət hökumətimizin təsdiqini almır. Biz bunu aydın və birmənalı şəkildə bildiririk” deyə əlavə edib.

Konfransdakı bir jurnalist Almaniyanın niyə İsrailə qarşı sanksiyalar tətbiq etməkdən çəkindiyini, amma Rusiyaya qarşı sanksiyaları dəstəklədiyini soruşduqda Merz, İsrail və Rusiyanı eyniləşdirmək fikrinə qarşı çıxaraq deyib: "İsrail illərdir təcavüzkarlardan özünü müdafiə edir. Rusiya isə beynəlxalq hüququ pozaraq müharibəyə başladı".

Merz həmçinin bu gün Almaniyadan bir təyyarənin Əfqanıstana getdiyinə və içində deportasiya edilmiş insanların olduğuna diqqət çəkərək, "Heç birinin artıq yaşayış icazəsi yox idi. Bütün sığınacaq müraciətləri qanuni olaraq rədd edildi, başqa hüquqi yol qalmadı. Bu səbəbdən belə bir deportasiya və belə bir uçuş mümkün idi" deyə vurğulayıb.