Fələstin dövləti dünya gündəmində: proses nə vəd edir? Dünya

Fələstin dövləti dünya gündəmində: proses nə vəd edir?

Britaniyanın Baş naziri Keir Starmer Fələstini dövlət kimi tanıya biləcəklərini bəyan edib.

Keir Starmer qeyd edib ki, əgər İsrail hökuməti "əsaslı addımlar" atmasa, Fələstini tanıyacaq.

Britaniya Baş naziri "əsaslı addımlar" deyəndə aşağıdakıları nəzərdə tutur:

Atəşkəslə razılaşmaq

BMT-yə Qəzzaya yardım tədarükünü bərpa etməyə icazə vermək

"İki dövlət həllini təmin edən" uzunmüddətli sülh prosesinə sadiqlik

İşğal altındakı İordan çayının qərb sahilinin gələcəkdə ilhaq edilməyəcəyinə zəmanət.

Qeyd edək ki, Starmer-dən bir neçə gün əvvəl Fransa Prezidenti Emmanuel Makron Fələstini rəsmi olaraq tanıyacağını söyləyib.

Həmçinin Kanada Baş naziri Mark Karni bildirib ki, Kanada sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaq.

“Kanada Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2025-ci ilin sentyabrında keçiriləcək 80-ci sessiyasında Fələstin dövlətini tanımaq niyyətindədir” - deyə Baş nazirin saytında dərc olunan bəyanatda bildirilir.

Bildirək ki, Britaniya, Fransa və Kanadadan başqa 25 dövlət Fələstini tanıyacağını bəyan edib.

Bəs bu addım suveren Fələstin dövlətinin yaranması ilə nəticələnə bilərmi?

Siyasi ekspertlər məsələni “Xalq Cəbhəsi”nə dəyərləndiriblər.

“Bunu Fələstin dövlətinin yaranmaması ilə əlaqələndirirlər”

Politoloq Yusif Bağırzadə söyləyib ki, beynəlxalq müşahidəçilər bu gün Yaxın Şərqdə qarşıdurmanın olmasını həmin bölgədə Fələstin dövlətinin yaranmaması ilə əlaqələndirirlər: “Belə ki, 1948-ci ildə həmin bölgədə İsrail dövləti yaranandan sonra və 1967-ci ildə BMT-nin qərarı var ki, həm də həmin bölgədə Fələstin dövləti yaransın və həmin dövlət beynəlxalq ictimaiyyət tərəfindən tanınsın. Bugünkü gündə dünyada mövcud olan BMT tərəfindən tanınan 100-dən çox dövlət Fələstinin müstəqilliyini tanıyıb, ancaq G7 dövlətlərindən hələ ki, rəsmi olaraq heç bir dövlət tanımayıb. Fələstin dövlətinin tanınması haqqında Fransa Prezidenti Makronun, Böyük Britaniyanın Baş naziri Keir Starmerin və Kanadanın Baş nazirinin verdiyi bəyanat yəqin ki, böyük ehtimalla sentyabr ayında BMT-nin tədbirində qəbul olunacaq. Bununla G7-yə daxil olan dövlətlərin bir neçəsinin artıq Fələstinin müstəqilliyinin tanınması haqqında rəsmi mövqeyi olacaq”.

Korporativ yanaşma

Y.Bağırzadə qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən artıq faktiki olaraq ikisi - Rusiya və Çin Fələstin dövlətini tanıyıb: “Fransanın tanıması əlbəttə ki, mövqeləri dəyişəcək. Fransa və Böyük Britaniya Fələstin dövlətini tanıyandan sonra ABŞ də tanıyacaq. Çünki ABŞ həmişə çoxluğa tabe olur. G7-yə daxil olan dövlətlərin bir neçəsi tanıyandan sonra, BMT-nin Təhlükəsizlik Şurasının 4 üzvü tanıyandan sonra ABŞ yəqin ki, çoxluğun qərarını qəbul edəcək. Bəzi dövlətlər Fələstin dövlətini tanımağı öz korporativ maraqları baxımdan edir. Məsələn, bugünkü gündə Fransa Prezidenti Makronun Fələstinin müstəqiliyini tanıması haqqında bəyanat əlbəttə ki, onun koperativ maraqlarına xidmət edir. Bildiyiniz kimi, Ərəb dövlətləri Liqası və kifayət qədər güclü olan Ərəb dövlətləri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri onlar Fələstin dövlətinin tanınmasında maraqlıdırlar. Makron yəqin ki, Abu-Dabi ilə yaxınlığına görə və həm də Fransada böyük erməni lobbisi var və nəzərə alaq ki, Fələstinin bugünkü xarici işlər naziri ermənidir. Əlbəttə, bunun Fransaya təsiri çox böyükdür. Böyük ehtimalla yaxınlarda bu dövlətlərin Fələstinin müstəqilliyinin tanımasının şahidi olacağıq”.

“Fələstin dövlətinin fəaliyyət göstərməsi üçün İsrailin razılığı lazımdır”

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu bildirib ki, hazırda 150-dən çox BMT üzvü dövlət Fələstini dövlət kimi tanıyır və ya tanımaqla bağlı qərar qəbul edib: “Lakin ABŞ-nin BMT-dəki veto hüququ və Fələstindəki mövcud vəziyyət Fələstin dövlətinin yaradılmasını əngəlləyir. Nəzəri olaraq sentyabrda Fələstin dövləti elan oluna bilər, ancaq onun fəaliyyət göstərməsi üçün İsrailin razılığı lazımdır. Çünki hazırda Fələstin muxtariyyəti ərazisi, paytaxtı Ramahllah da daxil olmaqla İsrailin hərbi nəzarəti altındadır. Yəni əgər dövlət elan olunsa İsrail buna maneə ola bilər. Ümumiyyətlə, Mahmud Abbasın fəaliyyətinə imkan verməyə bilər. Bu mənada münaqişənin köklü həlli olmadıqca bu dövlət elanının ciddi nəticələr verəcəyi şübhəlidir. İsrail öz üzərində ciddi təzyiq hiss edərək geri çəkilməli və BMT qərarı ilə Fələstin dövləti ərazilərini boşaltmalıdır. Hazırda İsrailə qarşı bununla bağlı təzyiq edəcək dövlət və ya güc yoxdur”.

“Güc faktoru real siyasəti müəyyən edir”

Siyasi şərhçi Şəhla Cəlilzadə hazırda dünyanın 147 ölkəsi, yəni BMT üzvlərinin demək olar ki, 3/4 hissəsi, o cümlədən Azərbaycan Fələstinin müstəqilliyini tanıdığını deyərək bildirib ki, bu, dünyanın böyük əksəriyyətinin Fələstində “2 dövlətli həll” modelinin dəstəkləndiyini göstərir: “Lakin faktiki olaraq güc faktoru real siyasəti müəyyən edir. Bu güc sahibi isə İsraildir. Yəni dünya birliyinin çoxsaylı çağırışlarına məhəl qoymayan İsrail hazırda Fələstinin fələstinlilərdən təmizlənməsini həyata keçirir. Bu, dünyaca soyqırım olaraq tanınır. BCM-in Netanyahunu həbs orderi isə müvafiq “atəşkəs” çağırışları kimi faydasız hüquqi alət rolundadır”.

“Bu, İsrailə təzyiq xarakteri daşıyır”

Siyasi şərhçi sentyabrda növbəti BMT Baş Assambleyasının Zirvəsinin keçiriləcəyi qeyd edərək əlavə edib ki, burada 25 dövlətin Fələstini dövlət olaraq tanıyacağını bəyan etməsi İsrailə təzyiq xarakteri daşıyır: “Bütün dünyanın qəbul edəcəyi həll modeli İsrail üçün qəbuledilməz olarsa, böyük ehtimalla 77 ildir davam edən münaqişə hələ yenə davam edəcək. Bunu ABŞ Dövlət Katibi Marko Rubio elə bu cür də bəyan edib. Yəni İsrail razı olmadığı müddətcə bütün dünya da müvafiq həll yolunu qəbul etsə, 2 dövlətli həll yolu ilə sülh reallaşa bilməz. Odur ki, İsrailin ilk növbədə prosesə müsbət yanaşması lazımdır. Bu isə, yaxın dövr üçün real görünmür. Çünki nə Baş nazir Netanyahu, nə XİN Katz bu yanaşmanı qəbul etmir və bunu “terrorun mükafatlandırılması” olaraq adlandırırlar. Beləliklə, Qəzzanın qəzalı qədərdən qurtulması yaxın zamanda çətin proqnoz olunur. Bunun üçün ilk növbədə İsraildə hakimiyyətə sülh meyilli qruplar (mərkəz-sol) gəlməlidir. Lakin onlar hazırda İsraildə üstün siyasi gücə malik deyillər”.

Röya İsrafilova