“Kürd silahlı dəstələrinin tərksilahı qaçılmazdır” Dünya

“Kürd silahlı dəstələrinin tərksilahı qaçılmazdır”

“Suriya ordusu ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında baş verən irimiqyaslı silahlı qarşıdurma tərəflər arasında inteqrasiya ilə bağlı yüksək səviyyəli danışıqların getdiyi bir vaxtda yaşanıb. Bu, sözsüz ki, təəssüfdoğurucu haldır. Xüsusilə də bu proses üçün müəyyən edilən vaxt çərçivəsinin başa çatmaq üzrə olduğu bir mərhələdə gərginliyin artması diqqətdən kənarda qalmamalıdır”.

Bunu millət vəkili Tənzilə Rüstəmxanlı “Xalqcebhesi.az”-a açıqlaması zamanı bildirib.

O qeyd edib ki, eyni zamanda Türkiyə ordusunun Suriyanın SDQ-nin nəzarətində olan ərazilərinə doğru irəliləməsi və rəsmi Dəməşqə tabe qüvvələrin bu prosesdə Türkiyəyə dəstək verməsi tərəflərin maraqlarının müəyyən mərhələdə üst-üstə düşdüyünü göstərir: “Türkiyə rəhbərliyinin əsas məqsədi Suriyada kürd məsələsinin tam həllinə nail olmaqdır.Bu, Suriyadakı kürd silahlı dəstələrinin tərksilah edilərək Suriya milli ordusuna inteqrasiya olunması deməkdir. Belə bir yanaşma eyni zamanda Türkiyənin öz daxilində kürd probleminin uzunmüddətli və dayanıqlı həllinə də xidmət edir. Son gərginliyi Türkiyənin maraqlarına zidd mövqedən çıxış edən qüvvələrin bölgədə törətdiyi təxribat kimi qiymətləndirmək olar.Lakin bu cəhdlər uğursuzdur. Hazırda Suriyada gedən proseslər geridönməz xarakter alıb və artıq əvvəlki vəziyyətə qayıdış mümkün deyil.SDQ-nin Suriya ordusuna inteqrasiyası bu ilin sonunadək baş tutmasa belə, dialoq imkanları hələ də qalacaq.Suriyalı kürdlərlə mövcud ziddiyyətlərin sülh yolu ilə həll olunması üçün şanslar tükənməyib.Ankara Suriyadakı kürd silahlı dəstələrini terror təşkilatı və Türkiyənin milli təhlükəsizliyinə ciddi təhdid kimi qəbul edir və atılan addımlar bunun açıq mesajıdır.Bu strukturlar muxtar şəkildə mövcud olmaqdan imtina etməli və rəsmi Dəməşqə tabe olmalıdır”.

Tənzilə Rüstəmxanlının sözlərinə görə, Azərbaycan üçün Suriyada baş verən proseslərə münasibət də birmənalıdır:
“Biz bu məsələdə qardaş Türkiyə dövlətinin maraqları ilə eyni mövqedən çıxış edirik”.

Günel Elxan