Hindistan noyabr ayına qədər ABŞ ilə ticarət sazişi bağlamağı hədəfləyir Dünya

Hindistan noyabr ayına qədər ABŞ ilə ticarət sazişi bağlamağı hədəfləyir

Hindistan rəsmiləri ABŞ ilə ikitərəfli ticarət sazişi üzrə danışıqları noyabr ayına qədər başa çatdırmağı gözləyirlər.

Bunu Mumbayda keçirilən İllik Qlobal İnvestisiya Konfransında ölkənin ticarət və sənaye naziri Piyuş Qoyal deyib.

"ABŞ ilə danışıqlarımızda geosiyasi məsələlər ticarət məsələlərindən üstündür. Çox ümid edirəm ki, işlər tezliklə normallaşacaq və biz fevralda iki liderin müzakirə etdiyi kimi, payıza, təxminən noyabr ayına qədər ikitərəfli ticarət sazişi bağlayacağıq".

Qeyd edək ki, Hindistan və ABŞ fevral ayında baş nazir Narendra Modinin Vaşinqtona səfərindən sonra hərtərəfli ticarət sazişi üzrə danışıqlara başlayıb. İki ölkə 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsini iki dəfə artıraraq 500 milyard dollara çatdırmağı hədəfləyir. Lakin ABŞ nümayəndə heyətinin danışıqların altıncı raundu üçün avqustun 25-nə Hindistana planlaşdırılan səfəri ləğv edilib.

Xatırladaq ki, avqust ayında ABŞ Rusiyadan neft və neft məhsullarının alınması ilə əlaqədar Hindistandan mal idxalına rüsumları 25% (50%-ə qədər) artırıb.