“Transparency International”dan Ukraynaya çağırış Dünya

“Transparency International”dan Ukraynaya çağırış

Sentyabrın 20-də Beynəlxalq Şəffaflıq – "Transparency International" Ukraynanı korrupsiyayla mübarizə cəhdlərini gücləndirməkdən ötrü müstəqil antikorrupsiya məhkəməsi yaratmağa çağırıb.
Ukrayna prezidenti Petro Poroşenko mövcud sistem daxilində antikorrupsiya palatasının yaradılması təklifini irəli sürüb. Ancaq korrupsiyaya nəzarət qurumu hesab edir ki, bu addımla ukraynalıların etibarını qazanmaq olmaz.
"Ukrayna müstəqil antikorrupsiya məhkəməsi yaratmalıdır ki, nepotizm və kronizmin məhkəmə sistemində heç bir rol oynamaması təmin olunsun. Prezident Poroşenko durumun vacibliyini anlayır, ancaq onun hazırkı sistem daxilində palata yaratmaq təklifi işləməyəcək", – "Transparency International"ın sədri Joze Ugaz deyib.
Qurum bildirir ki, Avropanın digər ölkələrindən fərqli olaraq, Ukraynada müstəqil və ədalətli mühakimə aparmaq nüfuzu olan məhkəmə sistemi yoxdur.
"Transparency"nin fikrincə, məhkəmənin özəl maraqların güdazına getməməsini təmin etməkdən ötrü hakimlər açıq müsabiqə yoluyla seçilməlidirlər.