

Oktyabrın 4-də Tbilisidə baş vermiş hadisələrlə bağlı aparılan istintaq tədbirləri çərçivəsində daha bir nəfər saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iğtişaşlarda iştirak etmiş digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu günədək aksiya zamanı zorakılığa yol verən təşkilatçılar və iştirakçılar da daxil olmaqla ümumilikdə 35 nəfər saxlanılıb. Həmin şəxslər əmlaka zərər vurma və məhv etmə, strateji obyektlərin ələ keçirilməsi və yaxud bloklanması, qrup halında zorakılığın təşkili, ona rəhbərlik etmə və iştirakda, zorakılıq yolu ilə Gürcüstanda konstitusiya quruluşunun dəyişdirilməsi və dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda ittiham olunurlar.