Kreml onlayn nəzarətini gücləndirir Dünya

Kreml onlayn nəzarətini gücləndirir

Getdikcə Rusiyada internetdə anonim fikir söyləmək xeyli çətinləşir. Son beş ildə hökumət bir sıra qanunlar qəbul etməklə populyar bloqqerlərə, dövlət mediasına olduğu kimi, sərt tələblər irəli sürüb. Bu haqda "Newsweek" dərgisində Damien Sarkov yazır.
2014-cü ildə qəbul olunmuş qaydaya görə, bütün populyar sosial mediaçılar, yaxud veb-yazarlar hesablarını hökumətdə qeydiyyatdan keçirməlidirlər. Bundan ötrü isə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunmalıdır.
"Sosial media hesabına günə 3 mindən çox baxış olursa, pasportunun surətini Rusiya kommunikasiya nəzarətçi qurumuna göndərməlisən. Yəni heç bir anonimlikdən söhbət gedə bilməz, söz azadlığı xeyli məhdudlaşdırılmış olur", – Londondakı Vestminster Universitetinin professoru, Rusiyanın internet siyasətini öyrənən Anastasia Denisova deyir.
Müəllif yazır ki, məqsəd Kremlin onlayn nəzarətini gücləndirməkdir. Artıq uyğun dövlət qurumu heç bir məhkəmə qərarı olmadan bəzi saytları qara siyahıya salıb, istifadəçinin IP ünvanını gizlədən xidmətləri yasaqlayıb.
2013-cü ildə ratifikasiya olunmuş, ancaq tam qüvvəyə minməmiş qanun rusiyalıların şəxsi bilgiləri olan bütün şirkətlərdən tələb edir ki, serverlərini, müvəqqəti də olsa, Rusiya hakimiyyətinin yurisdiksiyasına təqdim etsinlər. "Google data"ya görə, son bir ildə Rusiya hökuməti YouTube-dan və Google-un digər xidmətlərindən daha çox kontentin çıxarılmasını istəyib, bu, bütün digər ölkələrin birlikdə istədiyindən çoxdur.
Kremlin ölkədə düşmən saydıqlarının kimliyinə baxanda, səbəb aydınlaşır. Onlar populyar bloqqerlər, fəallar və korrupsiya araşdırıcısı Aleksey Navalnın ardıcıllarıdır.
2016-cı ildə Navalnın baş nazir Dmitri Medvedevə məxsus olduğu iddia edilən maliyyə sövdələşmələrinə dair sənədli filmini milyonlar izlədi və bundan sonra iki kütləvi etiraz aksiyası keçirildi. O vaxtdan məhkəmə videonun silinməsinə qərar verdi.
Di gəl, hökumət internetdə memlərin (Mem – ingiliscə "meme" – İnternetdə spontan, heç kəsin gözləmədiyi halda sürətlə yayılıb populyarlaşan deyim, foto, video və s. vahidlərə deyilir – red.) paylaşılmasını önləyə bilmir. Navalnin 2011-ci ildə prezident Vladimir Putinin Vahid Rusiya Partiyasını "kələkbaz və oğrular yığını" adlandırması İnternetdə aforizmə çevrilib.
Yaxud da qeyri-müəyyən vaxtadək gözləməyi simvolizə edən "Jdun" adlı insanabənzər lamantin fenomenə çevrilib, rusiyalılar durğunluğu və hökumətin reaksiyasızlığını tənqid edərkən məhz onu paylaşırlar.
"Bəzən görürsünüz ki, Rusiyada siyasi fəallar ictimai məkanda dilə gətirə bilmədiklərini memlər vasitəsilə çatdırırlar. Söz güclüdür. Simvollar da güclüdür, çünki yaddaşınıza hopur, memlər də onlardan biridir", – Denisova deyir.
"İctimai fikri memlər vasitəsilə dəyişmək olarmı? Bundan əmin deyiləm. Ancaq Rusiyada çoxları deyir ki, bu, başını salamat saxlamaq və müzakirəni davam etdirməyin yaxşı yoludur, hətta məhdud sosial məkanda belə", – professor sözlərinə əlavə edir.