

Urbanizasiya təzyiqləri Bakının ətraf ərazilərində artır.
“APA-Economics” xəbər verir ki, bunu Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) regional məsləhətçisi Katya Şefer deyib.
O, şəhər və kənd arasında tarazlı inkişafın sosial rifah üçün əsas şərt olduğunu bildirib.
BMT rəsmisi vurğulayıb ki, şəhərsalma siyasətləri təkcə iri şəhərlərə deyil, həm də kənd və aralıq şəhərlərin inkişafına yönəlməlidir.
Onun sözlərinə görə, kənd–şəhər əlaqələri insanların, malların, xidmətlərin və maliyyə axınlarının qarşılıqlı hərəkətinə əsaslanır və bu proses regionların iqtisadi və sosial inteqrasiyasını təmin edir.
“Bu qarşılıqlı axınlar regionları birləşdirir, resursların idarə olunması və infrastruktur planlaşdırması baxımından birgə düşünməyi tələb edir. Əsas məqsəd şəhər və kənd arasında tarazlıq yaradaraq hər kəs üçün bərabər imkanlar təmin etməkdir”, – deyə Katya Şefer qeyd edib.
O bildirib ki, urbanizasiya təzyiqləri Böyük Bakının ətrafında getdikcə artır, torpaq, su və tullantıların idarə olunması kimi məsələlər artıq sağlam yaşayışın əsas göstəricilərinə çevrilib: “Çox urbanlaşmış ərazilər təzyiq nöqtələrinə çevrilir. Böyük Bakının ətrafında torpaq, su və tullantıların idarə edilməsi məsələləri insanların sağlamlığına birbaşa təsir göstərir. Buna görə şəhər planlaşdırması kənd əraziləri ilə birlikdə nəzərdən keçirilməlidir.”
Katya Şefer həmçinin qeyd edib ki, rəqəmsallaşma və yeni texnologiyalar gənclərin məşğulluq imkanlarını artırmaqla, şəhər və kənd arasında sosial-iqtisadi körpü rolunu oynaya bilər.
“İnfrastruktur təkcə yollar deyil. Əsas məsələ insanları bir-biri ilə və mövcud imkanlarla əlaqələndirməkdir”, – deyə o, vurğulayıb.