

“Ermənistanda siyasi vəziyyət getdikcə daha da gərginləşir və gələn ilin iyul ayında keçiriləcək parlament seçkiləri bu gərginliyi daha da artıracaq. Hazırda Rusiya yönümlü qüvvələr, o cümlədən Moskvanın müxtəlif siyasi dairələri, baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün fəal hərəkətə keçiblər”.
Bunu politoloq Elşad Həsənov “xalqcebhesi.az” saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya yönümlü dairələrin məqsədi Paşinyanın yerinə Moskva ilə daha sıx əlaqələri olan bir şəxsi gətirməkdir: “Bu prosesə artıq bir ildən çoxdur ki, Erməni Apostol Kilsəsi də qoşulub. Xüsusilə II Qaregin (Karekin II) kimi tanınan Eçmiədzin katolikosunun Rusiya xüsusi xidmət orqanları ilə bağlı olduğu barədə erməni mətbuatında məlumatlar yayılıb. Həmçinin onun kilsə qaydalarını pozaraq evlənməsi və övlad sahibi olması barədə də məlumatlar mövcuddur. Bu hadisələrdən sonra Nikol Paşinyan kilsə rəhbərliyinə qarşı açıq şəkildə mübarizə elan edib və kilsədə qanun pozuntularına yol verənləri məsuliyyətə cəlb etməyə başlayıb. Paşinyan bildirdi ki, kilsədə normal, təmiz, kilsə qanunlarına riayət edən insanlar rəhbər olmalıdır və bu mübarizəyə şəxsən özü rəhbərlik edəcək. Bununla da kilsə ilə hökumət arasında gərginlik artdı. Keçən il arxiyepiskop Bagrat Qalstanyan öz tərəfdarları ilə birlikdə İrəvana yürüş təşkil etdi və hökumət əleyhinə mitinqlər keçirdi. Lakin Robert Koçaryan və Serj Sarkisyanın dəstəyinə baxmayaraq, bu mitinqlərə cəmi 12-13 min nəfər qatıldı. Bu da göstərdi ki, Ermənistan cəmiyyətinin əksəriyyəti hakimiyyətin əleyhinə çıxmaq istəmir. Rusiya tərəfindən maliyyələşən qüvvələr yaxın aylarda daha aktiv şəkildə hərəkət etməyə çalışacaqlar. Xüsusilə Gümrü şəhərində keçirilən bələdiyyə seçkilərində müxalifət yönümlü namizədin qalib gəlməsi bu tendensiyanın göstəricisidir. Lakin görünür ki, Paşinyan hakimiyyəti asanlıqla mövqeyini əldən vermək niyyətində deyil. Əhalinin böyük hissəsi də onu dəstəkləyir. 2020-ci ildə müharibədə məğlub olmasına baxmayaraq, xalq yenidən Paşinyana səs verdi. Çünki ermənilər artıq müharibə istəmirlər, sülh və rifah istəyirlər”.
Politoloqun fikrincə, Paşinyan reallıqları açıq şəkildə xalqın qarşısına qoyur və bildirir ki, Ermənistan miflərlə yox, reallıqlarla yaşamalıdır: “Paşinyan dəfələrlə vurğulayıb ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 743 kvadrat kilometrdir və bu torpaqlarda xalq normal, inkişaf etmiş bir dövlət qurmalıdır. Nə Azərbaycanın, nə də Türkiyənin torpaqlarına iddia etmək vaxtı deyil. Bu, reallığın qəbul edilməsidir. Bu yanaşma köhnə ‘böyük Ermənistan’ mifindən imtina deməkdir. Ekspertin sözlərinə görə, hazırda Ermənistan kilsəsində Paşinyana qarşı çıxan bəzi din xadimləri dövlət əleyhinə fəaliyyətlərinə görə məsuliyyətə cəlb olunublar. Bu, dini məsələyə müdaxilə deyil, dövlət təhlükəsizliyinə təhdid yaradan şəxslərin cəzalandırılmasıdır. Məsələn, katolikos II Qareginin yaxın qohumu Mkrtıç Proşyan da bu səbəbdən saxlanılıb”.
Sonda politoloq bildirib ki, Ermənistanın gələcək siyasi taleyini xalqın özü müəyyən edəcək: “Ermənilər artıq ABŞ, Fransa və Avropa ölkələri ilə əməkdaşlığa üstünlük verir. Paşinyanın siyasəti də bu istiqamətdə qurulub. Əgər bu kurs davam edərsə, hesab edirəm ki, gələn seçkilərdə də erməni xalqı məhz Nikol Paşinyana səs verəcək. O, həm kilsədə islahatları dərinləşdirəcək, həm də ölkədə sülh və sabitliyi qoruyub saxlayacaq”.
Günel Elxan